23 Sentyabr 2020 16:29
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Özbəkistan Ali Məclisinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri ilə birgə onlayn videokonfrans keçirib.

Teleqraf.com xəbər verir ki, öncə videokonfransın təşəbbüskarı olan Özbəkistan Ali Məclisinin təmsilçisi, Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi-ədəbi-mədəni-iqtisadi əlaqələrdən danışıb.

Dövlət müstəqilliyi dövründə bu əlaqələrin daha da genişlənərək yeni keyfiyyət qazandığını, möhkəmləndiyini vurğulayan D. Fayziyeva xalqlarımızın bir-birinə dostluq və qardaşlıq münasibətləri bəslədiyini qeyd edib.

Parlamentlərarası əlaqələrin intensivləşməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin, beynəlxalq qurumlarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Özbəkistanlı siyasətçi vurğulayıb ki, beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var.

Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov videokonfrans formatında onlayn görüş imkanına görə özbək həmkarlarına təşəkkürünü çatdırdı. Bu iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrdən, qarşılıqlı səfərlərdən, dostluq qruplarının fəaliyyətindən danışaraq bildirdi ki, indiyədək işçi qrupların üzvləri arasında 10-dan çox görüş keçirildiyini vurğuladı. Deputatlarımızın İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, BMT, ATƏT, TÜRKPA, AŞPA və digər beynəlxalq qurumlarda yaxından əməkdaşlıq etdiyini, bir-birinin mövqeyini dəstəklədiklərini bildirdi. Eldar İbrahimov məmnunluqla qeyd etdi ki, Özbəkistan ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə tərəfdar çıxır.

Videokonfransda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi perspektivlərinə dair fikirlərini açıqladılar, təkliflərini diqqətə çatdırıblar.

Videokonfransda Azərbaycan parlamentinin deputatları Azay Quliyev və Ziyad Səmədzadə, Özbəkistan parlamentinin deputatları Adxan Şadmanov, Oydin Abdullayeva və Abdullo Aslonov fikirlərini bölüşüb.

Qarşılıqlı maraq doğuran bir sıra təkliflər irəli sürülüb. Təkliflərdə vurğulanıb ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin güclənməsi, investisiyaların təşviqi, biznes forumların təşkili, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və digər sahələrdə geniş perspektivlər var.


Müəllif: Cavad

Oxşar xəbərlər