Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə rus dilinin imkanlarından yararlanaraq manevr nümayiş etdirib. Diplomat xanım Azərbaycan-Rusiya nüməyəndə heyətlərinin Moskva görüşünə toxunub. O, Paşinyanın danışıqlara maneçiliyi ilə bağlı nazir Lavrovun mövqeyinə də aydınlıq gətirməyə çalışıb. Zaxarova 5 rayonun Azərbaycana verilməsinə dair fikirləri birbaşa yox, dolayı yolla təkzib etməyi bacarıb. Yalnız sonda vurğulayıb ki, Rusiyanın bu münaqişədə mövqeyi hamıya məlumdur.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Tural Əliyev bildirib.
O qeyd edib ki, xanım Zaxarova cəbhədə vəziyyətin gərgin olduğu dönəmdə Rusiyanın tam və aydın şəkildə yanaşmasını bir daha ortaya qoysaydı daha yaxşı olardı.
Politoloqun sözlərinə görə, bu cavabdan müəyyən nəticələrə gəlmək elə də çətin deyil: “Rusiya nələrəsə arxayın olaraq düşünür ki, vəziyyət tam nəzarətindədir. Eyni zamanda baş verənlərdən də narahat görünür. Belə olan halda diplomatiyaya ehtiyac qalmır. Türkiyənin regionda aktiv fəaliyyəti fonunda yeganə çıxış yolu kimi Ermənistanı silahladırmaq real görünür. Çünki Rusiyanın birbaşa Cənubi Qafqazda təsir imkanları aktuallığını saxlayır”.
Tural Əliyevin sözlərinə görə, Rusiyanın Cənubi Qafqazı itirmək qorxusu onu vadar edir ki, bəzi təxirəsalınmaz addımlar atsın: “Əgər Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi doğrudan da münaqişənin sülh yolu ilə həllini istəyirsə, ciddi mövqe ortaya qoymalıdır. Paralel olaraq iyul ayından bu yana Rusiyadan Ermənistana daşınan silahlara aydınlıq gətirilməlidi. Münaqişə tərəflərindən birini, özü də işğalçı Ermənistanı hərbi yardımlarla təchiz edirsə, hansı sülhdən danışmaq olar?”.
Politoloq bildirib ki, ABŞ, Fransa və Rusiya Minsk qrupunun üzv dövlətləri təcili toplanmalıdır: “Həmsədrlər artıq real nəticə verəcək təkliflərlə çıxış etməlidir. Əks halda müharibənin başlanması qaçılmaz olacaq”.