2 Oktyabr 2020 18:43
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faşizmə qarşı mübarizənin liderlərindən olmuş Şar De Qoll sağ olsaydı, Emmanuel Makronun faşizmi qəhrəmanlaşdıran Ermənistanı dəstəkləməsinə belə deyərdi: “O gün gələcək, Fransa azad olacaq...”, amma faşizmdən yox, fransızlara qarşı döyüşmüş nasist Njdenin 6 metrlik heykəlinin kölgəsində dincələnləri himayəsinə alan Makrondan...

Bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllindən məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən birinin rəhbəri kimi baş verən hərbi əməliyyatlarda tərəfləri təkcə sülhə dəvət etsəydi anlaşılan olardı. Lakin Fransa prezidenti özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü kimi aparır, açıq şəkildə münaqişənin əsas səbəbkarının yanında yer alır, rəhbərlik etdiyi ölkənin maraqlarını belə işğalçı Ermənistanın faşizm siyasətinə qurban verir.

Niyə, nə üçün, nəyin qarşılığında? Hadisələrin inkişafı, tirajlanan dezinformasiyalar, Makronun beynəlxalq hüquqa və vasitəçilik missiyasına zidd mövqeyi fonunda bu suallar aktuallaşır.

Sentyabrın 27-dən başlayaraq, Ermənistan bütün cəbhəboyu ərazilərdə yaşayış məntəqələrini və mülki əhalini hədəfə alıb. Azərbaycan Ordusu əks-əməliyyatlarla işğalçı ölkəyə ciddi zərbələr endirdi və işğal altındakı ərazilərin bir qismini azad etdi, hazırda ərazilərimizin düşməndən təmizlənməsi istiqamətində əməliyyatlar davam edir.

Məğlub olan Ermənistan xarici müdaxiləyə əsas yaratmaq məqsədilə “Suriya döyüşçüləri” iddiasını ortaya atdı. Lakin bu iddia heç bir arqumentlə təsdiqlənmədi, əksinə, Yaxın Şərq ölkələrində çəkilən kadrların montaj olunaraq, “video-foto fakt” kimi təqdim edildiyi məlum oldu.

İnformasiyaların feyk olmasına baxmayaraq, transmilli media korparasiyalarında ictimai rəyə həqiqət kimi sırındı. Ardınca Fransa prezidenti Emmanuel Makron saxta informasiyanı “fakt” kimi dilə gətirdi, Azərbaycana və Türkiyəyə qarşı ittihamlar irəli sürdü.

Dövlət başçıları adətən təsdiqlənməmiş informasiyanı dilə gətirmir. Makron isə saxta məlumatlara istinad etməklə Fransa kimi ölkənin dövlət başçısı postuna adekvat olmadığını sübut etdi. Hərçənd, burada aşağıdan yuxarıya doğru qurulan dezinformasiya sxemi də diqqətdən yayınmır.

- Ermənistan rəhbərliyi saxta informasiyanı yayır, erməni mediası feyk görüntülərlə bu məlumatı təsdiqləməyə cəhd edirlər;

- Transmilli media korparasiyaları təsdiqlənməmiş informasiyalara istinad edir;

- Və sonda Fransa prezidenti sarı mətbuatın saxta məlumatını “həqiqət” kimi təqdim edir;


Məqsəd Azərbaycan haqqında yanlış imicin yaradılması, beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə çəkmək və işğal olunmuş ərazilərin azad olunması istqamətində həyata keçirilən əməliyyatları bu yolla dayandırmaqdır. Bunun işğalçı ölkənin marağında olduğu məlumdur, bəs Makron niyə ermənipərəst sifətini diplomatik etiket xatirinə belə olsa, gizlətmək istəmir?

Axı belə mövqe Fransanın həmsədr dövlət kimi tərəfsizliyinin pozulması, beynəlxalq hüququn tapdanması ilə yanaşı, həm də Azərbaycanla münasibətlərin gözardı edilməsidir.

Azərbaycanla Fransa arasında müxtəlif istiqamətlərdə yüksək əməkdaşlıq var. Makron Azərbaycanda fransız dilli orta və ali məktəbin olmasını, Fransa şirkətlərinin neft müqavilələrində iştirak etməsini, Prezident Heydər Əliyevin 1993-cü ildə prezident kimi ilk səfərini məhz Fransaya etməsini, Prezident İlham Əliyevin də 2003-də ilk xarici səfərində bu ölkəyə getməsini, bu gün Azərbaycanın Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak etdiyini bilmirmi?!

Təbii ki, bilir, amma özünü bütün bunlara “fransız” kimi aparır və bununla Fransanın milli maraqlarını təhlükə altına atır:

1. Fransanın sülhü yox, işğalı dəstəklədiyi məlum olur;
2. Minsk qrupunda həmsədrliyini şübhə və risk altına atır;
3. Azərbaycanın ərazi bütövlüyünü dətəkləyən beynəlxalq hüququ tapdalayır;
4. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla münasibətləri təhlükə altına atır və bununla bölgədəki maraqlarına da risklər yaradır;


Bütün bu itkilərin qarşında nə qazanır? Yaxud sual belə qoyaq: Makron Fransanı nəyə qurban verir?

Seçici səsləri. Nə qədər qəribə görünsə və Fransanın milli maraqlarının əleyhinə olsa belə, sualın cavabı budur.

Qarşıdan seçkilər gəlir və Makron sürətlə aşağı düşən reytinqi fonunda nəticələrin onun üçün ürəkaçan olmayacağını anlayır.

“Harris İnteraktiv” şirkətinin ötən həftə açıqlanan hesabatında Fransa prezidentinin, ümumilikdə hökumətin reytinqinin sürətlə aşağı düşdüyü aydın olur. Hesabatda bildirilir ki, ötən bir ay ərzində Makronu dəstəkləyənlərin sayı 7 faiz, baş nazir Eduar Filipi dəstəkləyənlərin sayı isə 5 faiz azalıb. Hesabatda o da qeyd olunur ki, hakimiyyətdə olduğu vaxtda Makrona cəmiyyətin dəstəyi heç vaxt bu qədər aşağı enməyib. Makrona etibarın itməsinin əsas səbəb isə əhalinin problemləri ilə maraqlanmaması, sosial-iqtisadi məsələlərdə lazımsız sərt mövqe tutmasıdır.

Bu, Makronun siyasi karyerasının təhlükə altında olduğunu sübut edir. Və burada Fransada güclü olan erməni diasporu və erməni seçiciləri faktoru önə çıxar. Görünür, Fransanın mövcud hökuməti növbəti seçicilərdə erməni seçicilərə “xilas yolu” kimi baxır. Makronun milli maraqlarının əleyhinə olsa belə, açıq şəkildə ermənipərəst mövqeyi ortaya qoymasının əsas səbəblərindən biri budur. Onun vasitəçilik missiyasının tam ziddinə olan “Hamımız birlikdə müqavimət göstərəcəyik. Əmin olun” sözləri ilə Ermənistana verdiyi vəd, əslində Fransadakı erməni seçicilərə verilən vəd idi.

Və bu gün Emmanuel Makron siyasi karyerasını xilas etmək üçün Fransanın maraqlarını satır. De Qoll sağ olsaydı, deyərdi: “O gün gələcək, Fransa azad olacaq...”. Amma o gün gələnə qədər, Fransa üçün gec ola bilər...


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər