3 Oktyabr 2020 12:35
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dövlətimiz ciddi və tarixi günlərini yaşamaqdadır. Qəhrəman Silahlı Qüvvələrimiz ölkə Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında düşmənə qarşı uğurlu hərbi əməliyyatlar aparır. İşğal edilmiş torpaqlarımız azad edilir. Sözsüz ki, bu, vətən müharibəsidir. İki yüz ildən artıqdır ki, himayədarlarının gücü ilə üstümüzə gələn bu vandal erməni xalqı Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətini yaratdılar. Mənfur ermənilər bununla da kifayətlənməyərək, ərazilərini genişləndirmək məqsədilə işğala və təcavüzə başladılar. Məhz bu işğalçılara qarşı indi tarixi bir missiyanı həyata keçirən Azərbaycan əsgəri düşmənə qarşı ciddi addımlar atır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Partiya sədrinin sözlərinə görə, qələbəmizi şərtləndirən, zəfərimizi həyata keçirən müxtəlif şərtlər, amillər var:

“Bütün bu amillər Azərbaycanda mövcuddur. İradəli və qətiyyətli Ali Baş Komandanımız, Güclü Ordumuz, güclü cəmiyyətimiz formalaşıb. Bütövlükdə bu fenomenin təminatı bütün qələbələrimizin vacib şərtidir. Bunu reallaşdıran başlıca gücdür. Bu gün bir partiya istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti işğalçıya qarşı mübarizədə ordumuzla, Ali Baş Komandanımızla birlikdə vətəndaşlıq mövqeyini nümayiş etdirir. Qələbəmizin reallaşmasında bu halların olması da mühümdür. Ölkənin siyasi seqmenti, partiyalar dövlətimizlə, Ali Baş Komandanla, ordumuzla bərabərdir. Bu, son dərəcə qürurverici bir mənzərədir”.

Deputat bildirib ki, 2018-ci ildən başlayaraq həyata keçirilən islahatların tərkibi hissəsi olaraq siyasi partiyaların Azərbaycanın siyasi həyatında mühüm rol oynamasını şərtləndirən yanaşmalar meydana çıxdı:

“Yeni siyasi konfiqurasiya özünü ifadə etməyə başladı. Bu baxımdan ölkə rəhbərinin Prezident Administrasiyasında siyasi partiyalarla işləyəcək xüsusi bir şöbə yaratması da mühüm əhəmiyyətə malikdir. Bu şöbəyə cəmiyyətimizdə özünün intellekti və yüksək imici ilə fərqlənən Ədalət Vəliyevin müdir təyin edilməsi təqdirə layiq bir haldır.

Bu amil siyasi partiyaların iqtidarla dialoqunda və siyasi həmrəyliyin yaranmasında, formalaşmasında və inkişafında çox mühüm rol oynayır. Artıq Ədalət Vəliyev ölkə Prezidentinin tapşırığı ilə bütün siyasi partiyalarla vaxtaşırı görüşlər keçirir. Bu görüşlər, danışıqlar, müzakirələr yekdil cəmiyyətin formalaşmasına, iqtidar-müxalifət münasibətlərinin konstruktiv bir müsətivəyə çatmasına gətirib çıxarıb. Çox təəssüf ki, bununla yanaşı, yaganə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri olan Əli Kərimli yenə də özünün anarxist, radikal mövqeyini nümayiş etdirdi. O öz davranış və hərəkətləri, açıqlamaları ilə əhatəsində olan məhdud insanlarla düşmən ermənilərin yanında olduğunu göstərdi. Çünki bu yanaşmanın başqa adı, izahı yoxdur”.

Millət vəkili qeyd edib ki, Müsavat partiyası AXCP ilə sinxron hərəkət və davranışlardan imtina edərək, Azərbaycanın bu gün aparmış olduğu vətən müharibəsində iqtidarın yanında olduğunu ifadə edib:

“Bu, müsbət bir addımdır. Arzu olunan odur ki, Müsavat partiyası bundan sonrakı fəaliyyətində də dövlətiçiliyimizlə, milli maraqlarımızla, Ali Baş Komandanla, bizlərlə birlikdə olsun. Bu, eyni zamanda həmin partiyaların bu günü və gələcəyi üçün də əhəmiyyətli bir seçim olardı. Ona görə də, indiki siyasi mühit çox yüksək qiymətləndirilir.

Ordumuzun zəfər yürüşünün başa çatdırılmasına sayılı günlər qalıb. Qələbəmiz çox da uzaqda deyil. Bu qələbəni Ali Baş Komandanın rəhbərliyi altında bütün Azərbaycan xalqı, eyni zamanda siyasi baxışından asılı olmayaraq bütün siyasi partiyalar dövlətimizlə bərabər yüksək təntənə ilə qeyd edəcək. O günümüz çox da uzaqda deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər