“Ümid edirəm, 28 ildən çoxdur ki, öz evlərinə qayıtmaq istəyən 1 milyona yaxın insanın taleyinə, Azərbaycan xalqının haqlı mücadiləsinə biganə qalmayacaq, beynəlxalq hüququn prinsiplərinin bərqərar olması üçün öz səsinizi ucaldacaqsınız”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvlərinə və tərəfdaşlarına məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli xanımlar və cənablar,
Azərbaycan ərazilərinin 20 faizini 28 ildir ki, işğal altında saxlayan Ermənistan Respublikasının silahlı qüvvələrinin çoxsaylı hərbi təxribatlarının qarşısının alınması, mülki əhalinin qorunması və işğala son qoyulması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatlarına başlamaq məcburiyyətində qalıb.
Əməliyyatların Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış qanuni ərazilərində keçirilməsinə baxmayaraq, Ermənistan hakimiyyəti əməliyyatların başlanma səbəbləri və mahiyyəti haqqında yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyəti yenidən aldatmağa səy göstərir.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası, qanuni ərazilərinin işğal altında olmasına baxmayaraq, işğalçı Ermənistanın silahlı qüvvələrinin fasiləsiz təxribatlarına 28 il müddətində adekvat cavab verməməyə çalışıb, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına sadiq qalıb, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin tam və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra ediləcəyinə ümid bəsləyib. Lakin bu illər ərzində işğalçı Ermənistan Respublikasının sülhə məcbur edilməsi və işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün həm BMT Nizamnaməsindən, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn vəzifələr icra olunmayıb, əksinə, bir çox hallarda işğalçıya işğala məruz qalandan daha humanist münasibət bəslənilib. Nəticədə isə Ermənistanın işğalı nəticəsində öz evlərindən köçkün düşmüş, işğalçı tərəfindən fundamental hüquq və azadlıqları pozulmuş 1 milyona yaxın Azərbaycan vətəndaşı uzun illər boyu məhrumiyyətlər içində yaşamağa məhkum olub.
2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra problemin həllinə müəyyən ümidlər yaransa da, işğalçı ölkənin yeni liderləri və hakimiyyət nümayəndələri sülh danışıqlarının pozulması, münaqişənin alovlanması üçün çoxsaylı təhrikçi hərəkətlərə, hərbi və siyasi təxribatlara əl atıblar.
Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinin dayanması, status-kvonun qorunması üçün təkidlə və israrla nə Azərbaycanın, nə də vasitəçilərin qəbul etməyəcəyi iddialarla çıxış edib, işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış qanunsuz hərbi rejimin tərəf kimi danışıqlar prosesində iştirakı tələbini irəli sürüb.
Ermənistan hakimiyyətinin təxribat xarakterli addımları bununla yekunlaşmayıb, baş nazir Nikol Paşinyan diqqəti Ermənistan daxilindəki dərin sosial-iqtisadi böhrandan və digər problemlərdən yayındırmaq məqsədilə fasiləsiz olaraq işğal altında olan Azərbaycan ərazilərinə səfərlər edib, “Qarabağ Ermənistandır” deyərək təhrikçi bəyanatlar verib, sülh danışıqlarının davam etdirilməsi üçün heç bir dialoq imkanı saxlamayıb.
Ermənistanın Müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “ərazi qarşılığında sülh formulunu dəyişdirdiklərini, bunun tam əksini edəcəklərini, yəni yeni ərazilər üçün yeni müharibəyə başlayacaqlarını” bəyan edib.
Bu ilin iyun ayının 12-də isə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və işğal altında olan digər 7 rayona heç bir aidiyyatı olmayan, Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədildiyi faktlarla sübuta yetirilmiş hərbi təxribata əl ataraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya atəşinə tutmuş, Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisini və bir mülki vətəndaşını qətlə yetirmiş, 4 nəfəri yaralamış, yaşayış evlərinə, təsərrrüfatlara, infrastruktura ciddi ziyan vurmuşdur.
Bütün bunlardan sonra Ermənistan rəhbərliyi hərbi ritorikasını və təxribatlarını davam etdirmiş, işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Respublikasının yaşayış məskənlərini iri və kiçik çaplı silahlardan, artilleriya qurğularından atəşə tutmuş, hərbçilərimiz, mülki vətəndaşlarımız qətlə yetirilmişdir.
Yuxarıda haqqında söz açdığım hadisələrdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti Ermənistanın hərbi təxribatlarını davam etdirməsi və müharibəyə hazılaşması ilə bağlı BMT Baş Assambleyasının yüksək kürsüsündən BMT üzvü olan ölkələrə müraciət etmiş, onları işğalçı ölkəni dayandıramağa, işğala son qoyulması üçün sülhə məcburetmə mexanizmlərini işə salmağa çağırmışdır.
Lakin buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də növbəti hərbi təxribata əl atmış, nəticədə Azərbaycan Respublikası daha öncə haqqınnda söz açdığımız səbəblərdən öz torpaqlarındakı işğalçı qüvvələrin geriyə otuzdurulması üçün əks-hücuma keçmək məcburiyyətində qalmışdır.
Hörmətli xanımlar və cənablar,
Sizə müraciət etməkdə məqsədim baş verənlərin mahiyyətini olduğu kimi diqqətinizə çatdırmaq, Azərbaycanın BMT Nizamnaməsinə, beynəlxalq hüquqa söykənən haqlı, ədalətli mövqeyinə dəstək verməyinizi xahiş etməkdir.
Ümid edirəm, 28 ildən çoxdur ki, öz evlərinə qayıtmaq istəyən 1 milyona yaxın insanın taleyinə, Azərbaycan xalqının haqlı mücadiləsinə biganə qalmayacaq, beynəlxalq hüququn prinsiplərinin bərqərar olması üçün öz səsinizi ucaldacaqsınız”.