5 Oktyabr 2020 12:48
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək atəşkəs rejiminin pozulmasından narahatlığını ifadə edib. Əslində ATƏT Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidentinin Dağlıq Qarabağ probleminin həlli istiqmətində qətiyyətli addımlar ataraq öz ərazi bütövlüyünü bərpa etmək istəyən ölkənin prezidentinə zəng etməsi olduqca anlaşılandır. Anlaşılmayan Fransa Prezidentinin atəşkəsin pozulmasından narahat olması və atəşkəsə çağırış etməsidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, E.Makron əslində telefon danışığında işğalın bu günə qədər davam etməsindən, həmsədri olduğu təşkilatın problemi həll edə bilməməsindən, Ermənistanın yeni ərazilər işğal etmək niyyətindən narahat olmalı və elə Ermənistanın baş nazirinə zəng edərək dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını istəməli idi. Ancaq tam əksinə, Makron bir neçə gün öncə Riqada olarkən ermənilərə xitabən bəyan etmişdi ki, “Fransa öz rolunu oynayacaq, Dağlıq Qarabağın (əslində isə bəyanatda “Şimali Qarabağ” ifadəsi işlətmişdi) yenidən fəth olunmasına icazə verməyəcək, sona qədər müqavimət göstərəcək” və sair.

Hikmət Babaoğlu qeyd edib ki, bunlar atəşəkəsin pozulmasını təşviq edən, Ermənistanıın işğalçılıq siyasətini dəstəkləyən fikirlərdir və işğalçını işğala daha da həvəsləndirməkdir:

“Belə olan halda görəsən nə oldu ki, birdən-birə Makronun yadına atəşkəs və sülh düşdü? Bax, bu “nə oldu” sualının cavabı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin savaşda göstərdiyi rəşadət və igidliklərdir.

Azərbaycan Prezidenti İlham Əliyevin cavabı isə olduqca qətiyyətli və prinsipial oldu. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki vətəndaşımız həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu layiqli cavabdır və o deməkdir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyənə qədər heç bir atəşkəsdən söhbət gedə bilməz!”


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər