Azərbaycanın həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla paralel diplomatik cinahda baş verənləri də qiymətləndirmək lazımdır. Artıq işğalın arxasında olan güclər simalarını gizlədə bilmirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının bu işğal faktına dair 4 qətnaməsi var. Bu qətnamələr birmənalı şəkildə, dərhal və qeyd-şərtsiz olaraq erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Minsk Qrupunun həmsəd dövlətləri eyni zamanda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən üçüdür. Onlar 27 il ərzində bir dəfə də olsun danışmayıb, qətnamələrin yerinə yetirilməli olduğunu deməyiblər. Onlar 1993-cü ildən bu yana 27 il ərzində qəbul etdiyi qətnamələri bir dəfə də olsun xatırlamayıb. İndi 27 ildən sonra, Azərbaycan heç bir millətin dözməyəcəyi halda səbr göstərib, nəticə olmadığı üçün məcbur qalıb torpaqlarını işğaldan azad etməyə başlayanda münaqişə yenidən onların yadına düşüb.
Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanın hərbi əməliyyatlara başlaması ilə bağlı müşahidə edilən sıx diplomatik trafiklər haqqında danışarkən deyib.
Onun sözlərinə görə, üç həmsədrin və onların təmsil etdiyi dövlətlərin birgə verdiyi açıqlama əslində ATƏT-in Minsk Qrupunun tabutuna vurulan sonuncu parça olub”.
ATƏT-in reaksiyasına toxunan S.Əkbər xatırladıb ki, II Dünya Müharibəsindən sonra yeni dünya sistemini yuxarıda qeyd etdiyi güclər qurub: “ATƏT özü BMT-nin mandatı ilə hərəkət edir. NATO-nun lideri ABŞ, Avropa Birliyinin aparıcı ölkələri Fransa və Almaniya deyilmi? Hərçənd Almaniya lideri xanım Merkel də həmsədr ölkələrin bəyanatına qoşularaq onu dəstəkləyib. Halbuki onların müvafiq sənədləri var. NATO, Avropa Parlamentinin, ATƏT-in münaqişəyə dair qəbul etdiyi sənədlər var. Deməli, bunların hamısı fiksiyadır, sadəcə kağız üzərində yazıdan başqa bir şey deyilmiş. Azərbaycan onların gözləmədiyi təqdirdə qəti addımlar atdığı zaman maskalar cırıldı və simalar ortaya çıxdı”.
Diplomatların və siyasətçilərin açıq müharibə çağırışı etməkdən hər zaman qaçdığı, daha çox sülh çağırışı etməli olduqları haqda fikirlərə gəldikdə S. Əkbər bununla razılaşmayıb: “Mən həmsədr ölkələrin liderlərinin verdiyi bəyanatdan danışıram. Onlar dövlət başçılarıdır və qəbul etdiyi qərarlara, özlərinə hörmətlə yanaşmalıdırlar. Onların bu dəqiqə tələb etdikləri bir şey olmalıdır. Özlərinin qəbul etdiyi qətnamələrin və işğalçının işğal altında saxladığı torpaqlarından çıxmağa çağırmalıdırlar. Onlar işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik qoya bilməzlər. 27 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə dözən və sonda öz torpaqlarını beynəlxalq hüquq əsasında azad etmək istəyən millətə və dövlətə belə çağırış etməməlidirlər. Birinin ağzından çıxmır ki, işğalçı, sənin müstəqil bir dövlətin tanınan ərazilərində nə işin var”.
Partiya sədri hesab edir ki, belə ikili standart yanaşmanı onların üzünə açıq demək lazımdır: “Ola bilsin ki, rəsmi Bakı müəyyən səbəblərdən bunu tam çılpaqlığı ilə demir. Amma bunu heç olmasa müxalifət, siyasətçilər, ictimai-siyasi fiqurlar, jurnalistlər və ziyalılar açıq şəkildə deməlidir. Xalqımız da əsl gerçəkliyi bilməlidir. Xalq görməlidir ki, millətin və dövlətin bu ağır günündə “neytral” qalanların kimlərdir”.
Sülhəddin Əkbər bildirib ki, hazırda Azərbaycanın hərbi-siyasi rəhbərliyinin müharibə dövründə hərbi, siyasi, hərbi-diplomatik sahədə atdığı addımları, o cümlədən informasiya və ictimai sahədəki tədbirlərini müsbət qiymətləndirir: “Hesab edirəm ki, hələlik optimal rejimdə mümkün addımlar atılır. Kənar müşahidəçi gözü ilə baxanda, açıq mənbələrdən əldə etdiyimiz informasiyalar qiymətləndiriləndə görünür ki, ölkənin hərbi-siyasi rəhbərliyi bacarıqla durumu idarə və nəzarət edir”.