BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Azərbaycan ərazilərinin işğalı faktı qeyd edilib. Bu qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən heç bir şərt olmadan çıxarılması tələb olunur. Nikol Paşinyanın isə bu məsələyə yanaşması olduqca absurddur. İşğalçı dövlətin rəhbəri hər yerdən ümidini üzüb. Heç bir dəlilə, arqumentlərə söykənməyən bəyanatlarla sanki özünə təsəlli verir.
Bu fikirləri Telaqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, ilk növbədə burada mövcud şəraitə diqqət yetirmək vacibdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri nə səbəbdən, hansı şəraitdə qəbul olunub:
"Bu qətnamələr ardıcıl olaraq 1993-cü ildə Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalı ilə bağlı qəbul edilib. Azərbaycana qarşı işğal siyasətini həyata keçirən yeganə dövlət Ermənistandır. Ölkəmizin ərazilərinə iddia edən dövlət də işğalçı Ermənistandır. Yəni burada ayrı bir dövlətin iddialarından söhbət getmir. 1989-cu ildə Ermənistan parlamenti Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edib. Bu qərar bu gün də qüvvədədir. Yəni Ermənistan parlamentinin qəbul etdiyi qərarın hər hansı alternativi və əksi qəbul edilməyib. N.Paşinyana da xatırlatmaq yerinə düşər ki, Ermənistanın 1989-cu ildə qəbul etdiyi bu qərar onun işğalçı dövlət olduğunu sübüt edən ən tutarlı arqumentdir. Ortada bu qədər ciddi faktlar, arqumentlər, qətnamalər var. Bununla bağlı əlavə heç bir fakta ehtiyac yoxdur”.
Millət vəkili qeyd edib ki, SSR-nin süqutundan əvvəl Ermənistan qonşularına, ələlxüsus da Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib:
“Azərbaycanın tarixi torpağı olan Qarabağın Ermənistana birləşdirilməsinə çalışıb. Sadəcə olaraq bunu hüquqi cəhətdən təmin edə bilməyən Ermənistan kənara çəkilməyə çalışdı. Göstərməyə çalışdı ki, guya Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan erməni azlığı öz müqqədaratını təmin etməyə çalışır. Təbii ki, erməni uydurması özünə yer edə bilmədi. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qondarma rejimi ayrıca bir subyekt kimi nə Ermənistanın özü, nə də onun havadarları tanımadı. Nümayiş olundu ki, ərazilərin Azərbaycana məxsusluğu ilə bağlı heç kəsdə, heç vaxt şübhə olmayıb. Bu gün Azərbaycan tarixi ədaləti bərpa edərək öz ərazilərini işğaldan azad edir”.