Ümid edirəm ki, sosial şəbəkələrdə pessimist əhval-ruhiyyə yaradanlar, təslimçiliyi, ruh düşkünlüyünü təbliğ edənlər yalnız hissə qapılıblar, başqa məqsədləri yoxdur. Əgər 200 illik plana, 30 illik işğala bir neçə gündə son qoyulacağını düşünürüksə, deməli, yanılırıq.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, ortalıqda bütün detalları razılaşdırılmış, imzalanmış, ratifikasiya edilmiş heç bir razılaşma yoxdur:
“Əgər olacaqsa, Azərbaycan Prezidentinin çox açıq və imperativ şəkildə elan etdiyi şərtlər çərçivəsində olacaq. İndi humanitar atəşkəs və əsəb müharibəsi elan olunub. Birliyimizi, bütövlüyümüzü, döyüş ruhumuzu qorumalı, düşmənə onu sonadək əzmək gücündə olduğumuzu nümayiş etdirməli, bir an belə ruhdan düşməməliyik.
Ön cəbhədə Vətən savaşı aparan övladlarımız, qardaşlarımız bizdən bunu gözləyirlər. Güclü, qalib tərəf olduğumuz halda özümüzü düşkün bir duruma salmayaq. Son 30 ildə Azərbaycan Ordusu ilk dəfədir ki, bir həmləyə 15-20 gün bundan öncə əksəriyyətimizin təsəvvür edə bilməyəcəyi qədər ərazi azad edib. Nəzarətimizdə olan, düşmənin ayaq basa bilməyəcəyi ərazilərin miqyası isə işğaldan azad etdiklərimizdən dəfələrlə böyükdür. Bütün cəbhə boyu döyüş şəraitinə Azərbaycan Ordusu nəzarət edir”.
Elçin Mirzəbəyli deyib ki, ordumuz 12 gün ərzində Ermənistanın hərbi birləşmələrini darmadağın edib, düşmənin hərbi potensialına onun indiki iqtisadi imkanları ilə onillərlə bərpa edə bilməyəcəyi qədər ziyan vurub:
“Biz bu savaşda öz xoşu ilə Azərbaycan torpaqlarından bir qarış belə geri çəkilmək istəməyən hikkəli, təkəbbürlü, özünü məğlubedilməz hesab edən Ermənistan cəmiyyətinin, dünya ermənilərinin müqavimət, dirəniş damarını qırmışıq, ona real gücün nə olduğunu başa salmışıq:
“Onların sosial şəbəkələrdə qopardıqları “fırtına”ya baxmayın, elə sınıblar ki, bir daha çətin özlərinə gəlsinlər. İndi azad etdiyimiz ərazilərdə, Ermənistan ordusunun hər hərəkətini nəzarətdə saxlamağa imkan verən yüksəkliklərdə mövqelərimizi möhkəmləndiririk. Heç kim bir neçə saat, yaxud bir neçə gün sonra Ermənistanda nələrin baş verəcəyini bilmir. Bundan sonra cərəyan edən bütün proseslər xeyrimizə işləyəcək, döyüşdəki uğurlarımız diplomatik müstəvidə üstünlüklərimizlə davam edəcək.
Unutmaq lazım deyil ki, müharibə ilə diplomatiyanın ritorikası eyni deyil. Diplomatiyanın dili daha lakonikdir və bütün məqamlar elan olunmayan detallarda gizlənir. Məhz bu baxımdan da səbrli olmaq, dövlətimizə, ordumuza olan sonsuz güvənimizi qoruyub saxlamaq, informasiya savaşından, əsəb müharibəsindən də döyüş meydanında olduğu kimi qalib çıxmaq üçün maksimum səy göstərmək lazımdır.
Ali Baş Komandan Azərbaycan ərazilərinin bir qarışının belə düşmənə güzəştə gedilməsini qəbul etməyəcək qədər qətiyyətli, prinsipial və cəsarətlidir”.