“Bütün çıxış, müraciət və müsahibələrdə deyilənləri nəzərə alaraq belə bir qənaətə gələ bilərik ki, ermənilər dialoqa getməyi, Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsini istəyirlər. Lavrov da bu haqda danışdı, İlham Əliyev də bu mövzuya toxundu. Demək, masada olan əsas məsələ sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi məsələsidir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Onun sözlərinə görə, mövcud hərbi-diplomatik vəziyyət onu deməyə əsas verir ki, Qarabağ probleminin həll olunmasında “baza prinsipləri” artıq keçərli deyil:
“Reallıqlar sürətlə dəyişir. Türkiyənin bölgədə Azərbaycanın yanında qarant ölkə kimi çıxış etməsi və aktivliyi bölgədə və Qarabağ məsələsində güc balansını dəyişir. Digər tərəfdən Azərbaycan ordusunun uğurları “7 rayonun (“5+2”) azad edilməsi, Qarabağın statusunun müəyyənləşdirilməsi və bölgədə sülhməramlıların yerləşdirilməsi” planını bizim xeyrimizə dəyişməkdədir.
Əgər ordumuzun hərbi əməliyyatları bu şəkildə davam edərsa, bir neçə gün və ya həftədən sonra “5+2 rayon” mövzusu artıq aktuallığını itirəcək. Ona görə danışıqların yeni prinsipləri müəyyən edilməlidir. Həyat özü bunu diqtə edir.
Biz heç bir halda bölgə ölkələrindən ibarət sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsinə razı olmamalıyıq. Bu həm Qarabağın itirilməsi, həm də müstəqilliyimizin əldən getməsi anlamına gələcək. Dünən də, bu gün də eyni düşüncədəyəm və hesab edirəm ki, Azərbaycanın ərazisində heç bir ölkənin hərbi bazası və ya sülhməramlı qüvvəsi yerləşdirilməməlidir”.
Azər Qasımlı qeyd edib ki, Azərbaycan hərbi bloklara qoşulmamalı və qonşu dövlətlərlə mehriban münasibətlərini qorumalıdır:
“Məhz indi Azərbaycan “neytral və dünyaya açıq ölkə” olduğunu Rusiya tərəfinə açıq ifadə etməlidir. Neytrallığın xalq tərəfindən dəstəklənməsinə, dünya ictimaiyyəti tərəfindən tanınmasına, dünya və regional güclərin bu neytralitetə güvənməsinə çalışmalıyıq. İlk növbədə Rusiyaya bu fikri çatdırmalıyıq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra hər hansı regional və ya geopolitik hərbi-siyasi ittifaqın üzvü olmayacaq və ərazisində hər hansı ölkənin və ya hərbi-siyasi ittifaqın hərbi bazalarını yerləşdirməyəcək.
Lakin bunun yanında da region ölkələri bilməlidir ki, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə təhdid edildiyi halda hərbi bloklara qoşulmama siyasətində dəyişikliklər ediləcək. Türkiyə ilə indidən hərbi-strateji müttəfiqliyimizi ən üst səviyyəyə qaldırmalıyıq.
Azərbaycanın yuxarıda təklif etdiyim statusu Finlandiyanın indiki statusu ilə eynilik təşkil edir. Finlandiyada bu siyasətə “Paaskivi-Kekkonen Xətti” deyirlər. Finlandiya AB üzvüdür, lakin NATO-ya üzv deyil və hərbi bloklara qoşulmamaqla bağlı SSRİ-yə (sonra Rusiyaya) qarantiyalar verib. SSRİ də vaxtilə bunun müqabilində Finlandiyanın müstəqilliyini, ərazi bütövlüyünü tanıyıb və öz ərazisində Finlandiyanı ərazisinə qatmaq üçün yaratdığı Kareliya-Fin Respublikasını ləğv edib.
Rusiya və bölgəmizdə digər ölkələr və dünya gücləri bilməlidir ki, Qarabağ Azərbaycanın bölünməz ərazisidir. Bunu hazırda Azərbaycan əsgərləri qanı bahasına sübut edirlər. Ərazimizdə heç bir ölkənin sülhməramlıları yerləşdirilə bilməz”.