Ermənistanın heç bir zaman mənəvi qaydalara əməl etməməsi hər bir azərbaycanlı üçün artıq bəlli məsələdir. Tarixən erməni icması, sonradan isə erməni dövləti qonşu ölkələrə qarşı torpaq iddiasında çıxış edərək, onların tarixini, mədəniyyətini mənimsəmə siyasəti həyata keçirib. Ermənilər tərəfindən dinc əhaliyə qarşı zorakılıq faktları da kifayət qədərdir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, hümanitar atəşkəs rejiminin Ermənistana sadəcə bir görüntü kimi lazım olduğu bilindi:
"Sonrakı hadisələrin gedişi də göstərdi ki, Ermənistan heç də atəşkəsə riayət etmək niyyətində deyil. Onlar düşünürdülər ki, vəziyyətdən istifadə edərək, itirdikləri mövqeləri geri qaytaracaqlar. Eyni zamanda düşmən Azərbaycanda insanları həyəcan və təlatümdə saxlamaq kimi də çirkin niyyətini də reallaşdırmağa çalışırdı. Düşmənin bu gün Azərbaycan hərbçisinə gücü çatmır. Bu gün Ermənistanın Azərbaycan Ordusunun uğurlu qələbələrinə cavab vermək gücü yoxdur. Ona görə də düşmən dinc əhaliyə qarşı mübarizəni özü üçün əsas hesab edir. Eyni zamanda bəzi xarici dairələr Ermənistanın bu yaramazlığına, insanlığa yaraşmayan hərəkətlərinə qarşılıq vermirlər. Necə ki, 1992-ci ilin fevralın 26-da Xocalı soyqırımına, bir milyona yaxın Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulmasına göz yumdular... Onlara qarşı hər hansı sanksiya tətbiq edilmədi".
Aydın Mirzəzadə qeyd edib ki, indi zaman dəyişib:
“Ermənistanın əvvəlki qanuna, insanlığa zidd hərəkətləri artıq keçərli deyil. O ilk növbədə Azərbaycan tərəfindən öz sərt cavabını alır. Ermənistan rəhbərliyi bu gün uduzduğunun fərqindədir. Sözün əsl mənasında siyasi assimlyasiya vəziyyətindədir. Onlar nə etdiyinin fəqrində deyillər. İstənilən yaramazlığa, qanuna zidd addımlara hazırdırlar. Gəncədə gecə vaxtı yaşayış binasına raket zərbəsi endirmələri bu qəbildən olan məsələdir. Əgər iki gün öncə Azərbaycan Ordusu qabaqlayıcı tədbir görməsəydi, Gəncə faciəsinin bənzəri başqa ərazimizdə yaşana bilərdi. Bu gün erməni azğınlığının qarşısını Azərbaycan Ordusu alır. Eyni zamanda Ermənistanın ənənəvi dostları da onun avantürist siyasətini müdafiə etmək fikrindən uzaqdırlar. Rusiyanın bu məsələdə neytral mövqe tutması, Fransanın onu müdafiə edərək, sonradan neytrallığa keçməsi də bunun əyani göstəricisidir. Ona görə də Ermənistanın reallığı qəbul etməkdən başqa çıxış yolu yoxdur”.
Deputat əlavə edib ki, bu ölkənin beynəlxalq hüquqa riayət etməkdən başqa çıxış yolu yoxdur:
“Ermənistan nə qədər tez bu hüquqa riayət edəcəksə, onun özü üçün daha yaxşı olacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Həmin dövrə qədər isə Ermənistan hərbi qüdrətini, maliyyə və insan resurslarını itirmiş olacaq. Bu gün Ermənistanın cəbhədə əsgər itkisi 4-5 min civarındadır. Demoqrafik böhran durumunu nəzərə alsaq, həmin itkilərin çox olması cəmiyyət üçün böyük bir zərbə olacaq. Ermənistan bu gün yüz illərlə apardığı qüsurlü, başqa xalqların ziyanına yönələn yanlış siyasətinin acı meyvələrini yeyir. İşğalçı ölkə dayanmalı və düşünməlidir. Azərbaycan öz süveren hüquqlarını bərpa edir. İşğalçı Ermənistan isə bu ağır zərbədən uzun müddət özünə gələ bilməyəcək”.