29 Oktyabr 2020 18:01
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın birtərəfli qaydada cəsədləri dövlət sərhədində təhvil vermək təşəbbüsü növbəti humanizm aktıdır.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

O həmçinin qeyd edib ki, döyüş meydanında düşmən üzərində inamlı qələbələr qazanan Azərbaycan bu addımla həm də mənəvi qələbə qazanmış olub:

“Azərbaycan tərəfi ilk dəfə oktyabrın 10-da əsirlərin və meyitlərin dəyişdirilməsi üçün humanitar atəşkəsə razılıq versə də Ermənistan ciddi-cəhdlə bunun baş tutmasının qarşısını almağa çalışdı və buna nail oldu. Eləcə də oktyabrın 18-də və 26-da humanitar aksiyaların həyata keçirilməsi üçün razılığa gəlinsə də İrəvan bunun həyata keçməsinə heç cür imkan vermədi. Belə çıxır ki, Azərbaycanın uzun səylərindən sonra belə bir humanitar akt baş tutur”.

Aydın Quliyevin sözlərinə görə, bu addımı Ermənistan üzərində o səbəbdən qələbə saymaq lazımdır ki, İrəvan meyitərin ölkəyə gətirilməsindən daha çox onların it-bata düşməsində maraqlı idi:

“Çünki Ermənistan hərbi-siyasi rəhbərliyi öz siyasəti üzündən baş vermiş bu müharibədə nə qədər itkiyə məruz qaldığını cəmiyyətindən gizlətməyə çalışırdı. Amma görünür ki, bu gün xüsusilə Azərbaycan Prezidentinin “İnterfaks” agentliyinə veridyi müsahibədə Ermənistanın canlı qüvə sarıdan itkiləri ilə bağlı inandırıcı təhlili İrəvan üçün hərbçi itkilərini sonadək gizlətməyin mümkünsüz olduğunu tam şəkildə ortaya qoyub. Yəqin ki, Ermənistanda canlı qüvvə itkilərini sonadək gizlətməyin mümkün olmayacağını anlayıblar. Buna görə də Ermənistan artıq meyitləri geri almağa razılaşıb. Ona görə də bunu Azərbaycanın həm humanist siyasətinin növbəti təzahürü, həm də hərbi əməliyyatlar başlayandan, Ermənistanın saysız miqdarda meyitlərinin döyüş meydanında qalmasından indiyədək ölkəmizin göstərdiyi səylərin uğurlu nəticəsi kimi qiymətləndirmək lazımdır”.

Siyasi ekspert qeyd edib ki, Azərbaycan nəhayət dünya ölkələrini Ermənistanın həqiqətən bütün mənəvi dəyərlərdən, etik normalardan, insanlıqdan tamamilə məhrum olduğuna inandıra bilib:

“Onlar hətta öz meyitlərini və əsirlərini də geri almaq istəmirdilər. Amma Azərbaycan meyitlərin Ermənistana qaytarılmasına nail oldu. Bir sözlə biz bu addımla həm ölkəmiz tərəfindən növbəti humanizm aktlarından, həm də mənəvi qələbə səhnələrindən birini gördük”.

Qeyd edək ki, Ermənistan tərəfi həlak olmuş hərbçilərin cəsədlərini xeyli vaxtdır təhvil almaqdan imtina edirdi. Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev bununla bağlı “İnterfaks” agentliyinə müsahibəsində deyib ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etsə də, erməni tərəfi imtina edib. Dövlət başçımız qeyd edib ki, Ermənistanın mübadiləni döyüş zonasında etmək cəhdləri mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. “Azərbaycan Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsinin birtərəfli qaydada Ermənistana verilməsi barədə qərar qəbul edib. Lakin Ermənistan növbəti dəfə ölülərin cəsədlərini təhvil almaqdan imtina edib. Bu, heç bir insani əxlaq normalarına sığmır”, – deyə cənab İlham Əliyev qeyd edib.

Azərbaycanın daha təhlükəsiz təşəbbüs irəli sürməsi və mübadilənin Azərbaycanla Ermənistanın dövlət sərhədində həyata keçirilməsi təşəbbüsü yeganə düzgün və mümkün variant idi. Prezidentinin tapşırığına əsasən Azərbaycanın brtərəfli qaydada cəsədləri dövlət sərhədində təhvil vermək təşəbbüsünün ölkəmiz tərəfindən növbəti humanizm aktıdır. Ermənistanın bu məsələdə mövqeyi isə əxlaq normalarına və insanlıq anlayışına sığmırdı.

Nəhayət, Ermənistan tərəfi səhv yol tutduğunu dərk etdi və Azərbaycanın irəli sürdüyü təkliflə razılaşdı. Beləliklə, bu gün Azərbaycan 30 hərbçinin meyitini və 1 mülki şəxsi Ermənistana təhvil verdi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Tərtərdə jurnalistlərə müsahibəsində deyib:

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikası tərəfindən humanitar təşəbbüs irəli sürülüb. Bu da Azərbaycanda olan, yəni döyüş meydanında qalmış 30-dək erməni əsgər və zabitinin meyitinin Ermənistan tərəfinə verilməsi idi. Həmçinin Azərbaycan tərəfdə olan iki nəfər yaşlı Ermənistan vətəndaşı da var idi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Azərbaycan tərəfdə olan Ermənistanın iki mülki şəxsindən isə biri təhvil verilib. Digərinin səhhəti buna imkan verməyib. Bu əməliyyat indilərdə (günorta saatlarında-S.Həmid) başa çatdı. Bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə, beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına sadiqliyini nümayiş etdirir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər