Cənab Prezident İlham Əliyev müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan edib. Ölkəmizin rəhbəri tərəfindən ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğun uğurla həyata keçirilib. Ölkənin iqtisadi sistemi yenidən qurulub. Güclü iqtisadi potensial yaradılıb. Karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atılıb. Azərbaycanın siyasi və iqtisadi maraqları uzlaşdırılıb. Ölkəmizin prioritetləri beynəlxalq gündəmin bir istiqamətinə çevrilib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldilib:
"Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilib. Ölkənin idarəetmə sistemi təkmilləşdirilib. Yeni kadr siyasəti, idaəetmədə nöqsanlar aradan qaldırılıb. Hakim komandanın monolitliyi daha da güclənib. Hakimiyyətin kreativliyi, operativliyi, müasirliyi təmin edilib. Bütün bu amillər ölkədə milli həmrəylik, xalq-iqtidar birliyini daha da gücləndirib. Müasir ordu quruculuğu istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxil olub. Bu gün Azərbaycan Ordusunun uğurları Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib:
“Xalqımız Ali Baş Komandana sonsuz etimad, inam, dəstək nümayiş etdirir. Prezident İlham Əliyev uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzidir. Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir. Onları dəf edir. Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur”.