Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgəyə dayanıqlı sülhün gəlməsi region dövlətlərinin nə qədər müdrik və cəsarətli siyasət yürüdəcəyindən çox asılıdır.
Teleqraf.com-un məlumatına görə, bu sözləri BAXCP-nin mətbuat xidmətinin müharibədən sonra bölgənin gələcəyi haqqında sualını cavablandıran partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədrinin sözlərinə görə, hazırda görünən odur ki, qonşu dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istədiklərini bəyan edir və ən azından neytrallıqlarını qoruyub saxlamağa çalışırlar:
“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi həm də regona kənar güclərin müdaxiləsini aradan qaldıracaq. Həmişə söyləmişəm ki, regionda təhlükəsizliyin, siyasi sabitliyin, inkişafın təmin olunması üç Cənubi Qafqaz dövlətinin, Türkiyənin, Rusiyanın və İranın dostluq və əməkdaşlığından keçir. Artıq Azərbaycanın Ermənistan istisna olmaqla digər qonşularımızla üçtərəfli formatda əməkdaşlığı var.
İnşallah, müharibə başa çatandan sonra altı ölkənin birgə və sıx əməkdaşlığını qaçılmaz hesab edirəm və zəruri sayıram. Bu əməkdaşlıq Avrasiya İttifaqı çərçivəsində də ola bilər. Vahid iqtisadi məkanın yaradılması xalqların rifahına və sülhə böyük töfhə verə bilər. Ona görə bölgənin bütün ölkələri haqqın və beynəlxalq hüququn yanında olmalı, Ermənistana təzyiq etməli və müharibənin tezliklə başa çatmasına çalışmalıdırlar”.