“Şuşanın işğaldan azad edilməsi ilə paralel Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya-Türkiyə məsləhətləşmələri aparıldığı məlumatı yayıldı. Qərb mediasına sızan məlumata görə, aparılan məsləhətləşmələrdə Dağlıq Qarabağda qalacaq ermənilərin statusu, onların təhlükəsizliyi və hətta Ermənistan ərazisindən Naxçıvana veriləcək dəhliz də müzakirə predmeti olub. Qərb mediası iddia edir ki, bununla bağlı ilkin razılaşma da var”.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalist Asəf Quliyev deyib.
O hesab edir ki, bu konfedensial informasiyanın düşünülmüş şəkildə sızdırıldığı şübhəsizdir:
“Amma açıq sual ondan ibarətdir ki, sızdırılan informasiya saxtadır, yoxsa onun arxasında reallıq dayanır? İndi ermənilərin qarşısına qoyduğu əsas məqsəd Dağlıq Qarabağda az sayda da olsa qalmalarını təmin etməkdir. Bu, ən minimum istəkdir və Ermənistan yaxşı anlayır ki, bu minimumdan başqa iddia edəcəyi və qazana biləcəyi heç nə yoxdur. Dağlıq Qarabağda az sayda da olsa erməni qalsa, onların təhlükəsizliyinə təminatçı kimi Rusiyanın mandat almaq imkanları hələ də tükənməyib.
Qərbə gəldikdə, indiki halda Qərb yekcins deyil. ABŞ-ın maraqları ilə köhnə qitənin maraqları uzlaşmır. Fransanın timsalında Avropa ermənilərin Qarabağda qalması naminə Rusiyanın təsirinin saxlanmasına razılaşır, ABŞ isə birmənalı olaraq Rusiyanın əlinin Qafqazdan üzülməsində maraqlıdır. ABŞ-ın bu marağı əks-həmlə əməliyyatında neytral qalmasının əsas şərti oldu. ABŞ-da yeni administrasiyanın hansı mövqe tutacağı bəlli deyil. Ancaq o da aydındır ki, Bayden iş başına keçənə qədər bir çox məsələlər həllini tapmış olacaq”.
Asəf Quliyev hesab edir ki, bölgənin taleyi ABŞ-Rusiya-Türkiyə formatında həll olunacaq:
“Bu gün bu format Azərbaycanın marağına cavab verir və bu reallığı yaradan məhz Azərbaycan Ordusudur. Qarabağda hərbi üstünlük və yaranmış situasiya ermənilər üçün xoş nəsə vəd etmir. Ermənilər ancaq Qarabağdan birdəfəlik əl çəkməklə qarşılarında real perspektivləri aça bilərlər.
Real durum isə belədir: statusu haqda danışılan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) artıq yoxdur. DQMV beş rayon – Şuşa, Mardakert (Ağdərə), Martuni (Xocavənd), Əsgəran, Hadrut və Stepanakert (Xankəndi) şəhərindən ibarət inzibati vahid idi. 1992-ci ilə bu inzibati vahid ləğv edildi. Mardakert Kəlbəcər, Tərtər və Ağdam arasında bölündü. Martuni rayonu Xocavəndə çevrildi və Hadrut ləğv edilərək əsas hissəsi ona verildi. Əsgəran rayonu ləğv edildi. Əvəzində Xocalı rayonu yaradıldı və Əsgəranın kəndləri Xocalıya verildi.
Bu gün bir vaxtlar DQMV inzibati ərazisində olan və rayon statusu olan yaşayış məntəqələrində ikisi Şuşa və Hadrut rəsmən Azərbaycan Ordusunun nəzarətindədir. Xocavəndin (Martuni) azad edilməsi rəsmən elan olunmasa da faktiki olaraq oraya da Azərbaycan Ordusu nəzarət edir. Bir vaxtlar Mardakertin inzibati ərazisinə daxil olmuş mühüm strateji yaşayış məntəqələrinin azad edilməsi barədə rəsmi məlumatlar var. Suqovşan və s.”
Jurnalist qeyd edib ki, ermənilərin bu durumunda hələlik əllərində saxlaya bildikləri iri yaşayış məntəqələri Əsgəran və Xankəndidir:
“Əldə olan məlumatlara görə, əsas qüvvələr də bu istiqamətə toplaşır.
1920 və 1992-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin taleyinin Əsgəran qalasında həll olduğu danılmaz faktdır. 1920-ci ildə Əsgəran keçidini əldə saxlamaqla Azərbaycan Xalq Cümhuriyyəti komandanlığı Qarabağın itirilməsinin qarşısını almışdı. 1992-ci ildə isə Azərbaycan Əsgəran keçidinə nəzarəti bərpa edə bilmədi və bu, Xocalı faciəsi ilə nəticələndi. Eyni zamanda münaqişənin həlli üçün 28 il gözləməyimizə səbəb oldu. Əsgəran keçidi yenə də aktualdır. Ermənilər bu keçiddə qalmaqla danışıqlar masasına oturmaq istəyir”.