Bir neçə gün öncə televiziya kanallarının birində bildirdim ki, Azərbaycanın Ali Baş Komandanı Qalib Sərkərdədir, Fatehdir. Azərbaycan efirində bu fikri cəmiyyətimizə çatdırmışam. Cənab Prezidentin qətiyyəti cəsarəti, Ordumuzun qüdrəti, əsgərimizin igidliyi ilə xalqımız fəxr duyur. 44 günlük Zəfər yürüşünün hər günü bir qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir:
“Bu tarixi Zəfər yürüşü Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz Liderinin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Bununla da xalqımız bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldu. Cəsarətlə bütün təzyiqlərə sinə gərdi. Cənab Ali Baş Komandan öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi. 30 ilə yaxındır işğalda olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, yüzlərlə kənd, strateji yüksəkliklər, qəsəbələr işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən bayramı kimi, böyük sevinclə qarşılandı. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin illərdir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu”.
Elman Məmmədovun sözlərinə görə, Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi artıq darmadağın olub:
“Düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edilib. Noyabrın 8-də Şuşa, 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi. Bunun ardınca noyabrın 10-da Ermənistanın ağ bayraq qaldıraraq, kapitulyasiya etdi. Azərbaycan, Rusiya Prezidentləri və erməni baş naziri dekabrın 1-nə kimi daha 3 rayonun - Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan bəyanat imzaladı. Bu tarixi qələbələr ardıcıllığı tariximizə Zəfər Həftəsi kimi həkk olundu”.
Millət vəkilinin fikrincə, bu gün Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır:
“Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail olub”.