Milli Məclisin deputatı Cavid Osmanov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cavid müəllim, 44 günlük Vətən müharibəsində xalqımız yüzilliklərə itirdiyi tarixi torpaqlarını ilk dəfə geri qaytardı. Cəmiyyətin qələbə ab-havasını, zəfəri şərtləndirən amilləri necə şərh edərdiniz?
- Qazanılmış şanlı qələbə münasibəti ilə xalqımızı təbrik edirəm. Bu, Azərbaycan xalqı üçün Vətən müharibəsi idi. Nəhayət ki, 30 ilə yaxın davam edən bu haqlı mübarizəmizdə qalib olduq. Artıq bu müharibənin nəticəsi olaraq dövlətimizin ərazi bütövlüyü bərpa olunub. Ali Baş Komandanın 17 illik uğurlu fəaliyyəti bugünkü qələbəmizi şərtləndirən əsas amillərdəndəndir. Azərbaycanın iqtisadi dayaqlarının təmin edilməsi və bütün sferalarda həyata keçirilən uğurlu siyasət nəticəsində dövlətimiz sarsılmaz dayaqlar üzərində inkişaf etdi.
Eyni zamanda ordu quruculuğu hər zaman cənab Prezidentin xüsusilə həssas yanaşdığı bir sahə olub. Dövlətin prioritet istiqamətlərindən birini məhz ordu quruculuğu və onun maddi texniki təminatı təşkil edib. Azərbaycan Ordusu müasir silah-sursat, texniki təchizatla yanaşı yüksək peşəkarlıq qabiliyyətinə malikdir. Silahlı Qüvvələrimiz məhz bu keyfiyyətlərinə görə dünyanın 50 ən güclü orduları sırasındadır. Paralel olaraq ölkə daxilində həyata keçirilən düşünülmüş məqsədyönlü islahatlar da inkişafı şərtləndirən başlıca amillər sırasındadır Bütün bunların fonunda isə Azərbaycanın gücü və qüdrəti təmin edilib.
Eyni zamanda Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur. Xalqımız hər zaman Ali Baş Komandanın ətrafında sıx birləşib və onun həyata keçirdiyi islahatları dəstəkləyib. Məhz 44 gündə də Ordumuzun 300-dən artıq yaşayış mənətəqəsini işğaldan azad etməsi və əldə olunan şanlı zəfər Azərbaycanın gücünü bir daha bütün dünyaya bəyan etdi.
- 44 günlük müharibə düşmənin hansı reallıqla qarşılaşdığını nümayiş etdirdi...
- İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı ərazilərdə çox ciddi istehkamlar yaratmışdı. Düşmən gözləmirdi ki, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda bu istehkamları dağıdıb keçəcək. Eyni zamanda düşməni arxayın salan digər amil ərazinin relyefinin onlara yaratdığı üstünlük idi. İşğalçı təbii relyefin ona verdiyi üstünlükdən yararlanmağa çalışırdı. Amma tamamilə bunun əksini gördü. Təxmini hesablamalara görə, 3 milyar dollarlıq silah-sursat itirən düşmən üçün bu, gözlənilməz bir zərbə idi. Sözsüz ki, Qarabağa sanki illərlə saysız miqdarda cəlb edilmiş silah-sursat düşmənin də bu mübarizəyə ciddi hazırlaşdığını göstərirdi.
- İşğalçı Ermənistanın cəbhədə yaratdığı istehkamların arxasında gizlənərək danışıqlar prosesini illərdir uzatmasını necə izah etmək olar?
- Sözsüz ki, düşmən danışıqlar prosesinin illərlə davam etməsində maraqlı idi. Çünki proses nə qədər uzanarsa, bu, onların xeyrinə olan bir amil idi. Ona görə də mümkün qədər status-kvonu qoruyub saxlamaq, danışıqları uzatmaqla daha çox vaxt qazanmağa çalışırdı. Amma cənab Prezident dəfələrlə vurğulamışdı ki, Azərbaycanın səbri sonsuz deyil. Xalqımız istənilən yolla öz ərazi bütövlüyünü təmin edəcək. Ona görə də, qısa zaman çərçivəsində Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı uğurla icra edərək düşmənə layiq olduğu cavabı verdi.
30 ilə yaxındır danışıqlarda imitasiya ilə məşğul olan düşmənə 44 gündə sarsıdıcı zərbə vuruldu. Düşmən ağır məğlubiyyətə uğradıldı. Kaputilyasiya imzalamaqdan başqa çıxış yolu qalmadı. Bununla da düşmənin sülhə məcbur etmə əməliyyatı böyük tarixi zəfərlə yekunlaşdı. Ermənistan cəbhədə ağır məğlubiyyətini dərk edərək ağ bayraq qaldırıb, diz çökdü. Üç dövlət arasında imzalanmış bəyanatda da düşmən Ermənistanın nə qədər çıxılmaz bir durumda olduğunu nümayiş etdirdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
- İmzalanmış bəyannaməni necə qiymətləndirirsiniz?
- 9 bənddən ibarət olan bəyannamə Azərbaycanın böyük uğuru deməkdir. Burada ilk növbədə bir sıra məqamlara toxunmaq lazımdır. Bəyannaməyə əsasən qısa zamanda Kəlbəcərin, Ağdamın, Laçının işğaldan azad edilməsi nəzərdə tutulur. Digər bir məqam isə güllə atmadan işğalda qalan ərazilərimizin bizə təhvil verilməsidir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların bərpası nəzərdə tutulur. Bu amillər ərazilərin yenidən aktiv yaşayış məskəninə çevrilməsinı və iqtisadi fəallığın bərpasına imkanlar açacaq.
- Qarabağ münaqişəsinin həlli bölgədə hansı reallıqlar yaradacaq?
- Azərbaycanla tərəfdaşlıq, dostluq edən bütün ölkələr, xalqlar yaradılmış iqtisadi reallıqlardan faydalanır. Bu günə qədər bölgədə yaşayan xalqlar bundan yararlanıb. Qonşu Gürcüstan, qardaş Türkiyə və Rusiya həyata keçirilən birgə iqtisadi layihələrdə aktiv rol alıb. Mövcud tranzit xəttlərinin və kommunikasiyaların birgə istifadəsi hər bir tərəf üçün ayrıca divident deməkdir.
Bütün bunların fonunda Azərbaycanda yaşayan digər xalqlar heç vaxt ayrı-seçkiliyə məruz qalmayıb. Bu gün Azərbaycan bütün dünyada multikulturalizm mərkəzi kimi tanınır. Çünki dövlətimiz başqa xalqların nümayəndələrinə Azərbaycanın qanunlarını qəbul etdiyi və hörmət etdiyi halda bərabər status verir. Ölkəmizdə yaşayan digər xalqların, millətlərin nümayəndələri bu günə qədər özləri bunu açıq şəkildə bildirir ki, heç bir soyuq münasibət görməyiblər. Amma bunların fonunda işğalçı Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddiası və təcavüz etməsi onu bölgədə həyata keçirilən iqtisadi layihələrdən kənarda qoyub. Bu ölkə öz məkrli, iyrənc siyasətinin nəticəsində bölgə ölkələri ilə heç bir layihədə iştirak etmir.
- Xalqların birgə yaşayışını necə xarakterizə etmək olar?
- On illiklərdir ki, ermənilər özləri və başqa xalqlar haqqında uydurma və yalan miflər yaradıb. Bəlkə də bu gün özləri də bunu anlamırlar. Özlərini məzlum kimi göstərən ermənilər əsrlər boyu Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirib. 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri soyqırımı, 44 günlük müharibədə Gəncədə, Bərdədə mülki insanlara qarşı həyata keçirdikləri qanlı terror aktları onların mahiyyətini bir daha nümayiş etdirdi. Amma tarixə nəzər salsaq, Azərbaycanda hər zaman müxtəlif xalqlar kimi ermənilərin yaşadığını görmək mümkündür. Bu gün Azərbayacanda 30 mindən artıq erməni əsilli insanlar var. Onlara qarşı heç bir ayrı- seçkilik və kənar münasibət olmayıb. Bütün bunların fonunda isə Qarabağda Azərbaycana qarşı heç bir cinayət əməlində və qanunsuz silahlı birləşmələrdə iştirak etməmiş eməni əsilli insanlar qanunlarımıza uyğun yaşaya biləcəklər. Bunu Cənab Prezident də dəfələrlə bildirib. Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağda yaşamış ermənilərin təhlükəsiz yaşaması üçün dövlətimiz tam təminat verir.
- Bu gün Ermənistanda cəbhədəki məğlubiyyət fonunda böyük təlatüm yaşanır. Proseslərin sonrakı inkişafını necə proqnozlaşdırırsınız?
- Tarix boyu vətənləri olmayan və daha çox köçəri həyat tərzi sürən ermənilər harada məskunlaşsalar, oranı özləri üçün vətən hesab ediblər. Eyni zamanda onlar yaşadıqları ərazilərdə sonradan problemlər yaradıb iddialarla çıxş ediblər. Onların xəstə təfəkküründə “dənizdən dənizə Ermənistan” yaratmaq ideyası formalaşdırılıb. Eyni zamanda “Böyük Ermənistan” adı altında bir mif yaradıblar. Amma son 44 gündə onların yüz illiklərlə xəyallarında canlandırdıqları “Böyük Ermənistan” ideyası darmadağın oldu. Bu gün isə Ermənistanda Azərbaycanda 90-cı illərin əvvələrində yaşanan proseslər hökm sürür. İşğalçı ölkədə bu gün tam hakimiyyətsizlikdir. Məğlubiyyətlə barışmaq istəməyən bəzi qüvvələr hakimiyyətə qarşı açıq aqressiya nümayiş etdirir. Erməni cəmiyyətində böyük təlatüm və sarsıntı yaşanır. Ermənistan dövləti mövcud dayaqlarını itirmək təhlükəsi ilə üzləşib. Problemlərin yaratdığı mənzərə isə ondan ibarətdir ki, Ermənistan bundan sonra uzun illər özünə gələ bilməyəcək. 8 milyard xarici borcu olan Ermənistanın bundan sonra cəbhədə aldığı sarsıdıcı zərbə müstəvisində normal həyat şərtlərinin bərpasına uzun illər lazımdır.
- İşğaldan azad edilmiş ərazilərimizdə hansı idarəçilik forması tətbiq olunacaq?
- Azərbaycanın bütün sərhədləri Dövlət Sərhəd Xidmətinin mühafizəsində olacaq. Azərbaycan bayrağı altında bütün işğaldan azad edilmiş ərazilərdə insanların normal yaşayışı təmin ediləcək. Ölkəmizin digər rayonlarında hansı idarəçilik forması mövcuddursa, işğaldan azad edilmiş ərazilərdə də analoji sistem tətbiq olunacaq.
- Sülhməramlıların təktərəfli olması ilə bağlı suallar var. Bunu necə izah etmək olar?
- Sülhməramlıların təktərfli olması ilə bağlı heç bir problem yoxdur. Azərbaycan 1990-cı illərdəki imkanlara malik deyil. Bu gün Azərbaycan bölgədə və dünyada söz sahibi olan bir ölkədir. Qardaş Türkiyənin də proseslərdə daha aktiv olması prosesin nəzərdə tutulmuş qaydada təminatına imkan yaradacaq. Çünki bölgəyə sülhməramlıların yerləşdirilməsi beynəlxalq hüquqa əsaslanır. Bütün münaqişə ocaqlarında məhz sabitliyin təminatı üçün bu vacib amil hesab olunur. Proses bitəndən sonra sülhməramlı missiyaya ehtiyac qalmayacaq. Amma çox təssüf ki, Azərbaycan xalqının böyük bir zəfər əldə etdiyi dönəmdə yenidən anti-milli qüvvələr ortaya çıxmağa başlayıb. Amma bütün bu niyyətlər artıq etibarsızdır. Bu gün Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşib. Son 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının birliyini bütün dünya gördü.
Foto: Ceyhun Rəhimov