17 Noyabr 2020 20:00
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Xalq qalib Ordunun Ali Baş Komandanını izdihamla qarşıladı. Çünki zəfər Ali Baş Komandanın sarsılmaz iradəsi və birliyimiz nəticəsində əldə edilib. Qələbə hislərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hislərini öz xalqıyla bölüşdü. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident onların məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

Bunu Teleqraf.com-a millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun fikrincə, hər zaman xalqın yanında olan cənab Prezident Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini vətəndaşlarla bölüşdü:

“Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən cənab Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. Eyni zamanda cənab Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır”.

Deputat qeyd edib ki, təcavüzkar Ermənistanın Baş naziri Nikol Paşinyan öz xalqının qəzəbindən qaçıb gizlənir:

“Azərbaycanda isə dövlət başçısı cənab İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edir. Çünki siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir”.

Məlahət İbrahimqızı bildirib ki, cənab Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır:

“Bölgələrdə cənab Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Çünki xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər