19 Noyabr 2020 13:53
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazilərini illərdir işğalda saxlayan düşmən orada maddi-mənəvi, tarixi abidələri tamamilə dağıdıb. Eyni zamanda azərbaycanlılara məxsus şəxsi əmlak dağıdılıb, talan edilib, sökülərək başqa ərazilərə daşınıb. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərindən bütün tikinti materiallarını belə daşıyıb ya da məhv ediblər.

Bunu Teleqraf.com-a YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Onun fikrincə, tarixdə az sayda rast gəlinən vəhşilik və barbarlığı ermənilər xalqımıza, onun əmlakına qarşı həyata keçirib:

"Erməni xisləti və vandallığının nəticəsində işğaldan azad edilən ərazilərdə heç bir salamat tikilinin qalmadığını görürük. Həmin ərazilərdə yaşayış və qeyri-yaşayış yerlərinin dağıdılması və mənimsənilməsi ilə bağlı ciddi araşdırmalar aparılacaq. Bununla bağlı beynəlxalq təcrübə mövcuddur. İnsanların şəxsi əmlakının, onların əsrlərdən bəri qorunmuş mənəvi irsinin ermənilər tərəfindən dağıdılmasına hüquqi qiymət verilməlidir”.

Aydın Hüseynov bildirib ki, cənab Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında səfərdə olarkən həmin ərazilərdəki dağıntılara görə Ermənistandan təzminat tələb olunması məsələsinə də toxunub:

“Ermənistanın siyasi, hərbi rəhbərliyi xalqımıza qarşı illərdir vurmuş olduğu maddi-mənəvi zərərə görə hüquqi müstəvidə cavab verməlidir. Beynəlxalq dərəcəli mütəxəssislər bunu araşdırmalı və dövrün tələbinə uyğun olaraq təzminat məsələsi həll olunmalıdır”.

Deputat vurğulayıb ki, azərbaycanlıların əmlakına vurulan ziyana görə Ermənistandan tələb olunacaq təzminat, veriləcək qərar dünya ictimaiyyətinə işğalı, vandalizmi bir daha açıq göstərəcək:

"Müasir dövrdə hələ də şəxsi əmlaka, maddi-mənəvi dəyərlərə, tarixi, dini abidələrə qarşı hansı formada barbarlığın olduğunu dünya ictimaiyyəti görməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər