Fransa senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı dövlətə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir. Bu qətanəmənin qanunla da icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüslər irəli sürülür. Lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır. Qətnamə layihəsi erməni lobbiçiliyi üzərində qurulub. Şübhəsiz, bu, erməni lobbisinin ciddi cəhdləri sayəsində ərsəyə gəlmiş növbəti təxribatdır.
Bunu Teleqraf.com-a açıqlamasında Naqif Həmzəyev deyib.
Onun fikrincə, erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayənədələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır:
"Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində son söz sahibi deyil. Qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Senatın cədvəlində də bu sənəd “qəbul oluna bilər” başlığı ilə keçir. Onun mütləq şəkildə qəbul edilməsinə ehtiyac duyulmasına işarə verilmir”.
Naqif Həmzeyev qeyd edib ki, qətnamənin təşəbbüskarlarının demək olar ki, hamısı Makron hökumətinə qarşıdır:
“Bu, Fransa hökuməti və senatdakı opponentləri arasında ziddiyyətlərin növbəti təzahürüdür. Eyni zamanda prezident E.Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır. Hər bir halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir. Fransa senatı erməni lobbisinin maraqlarını deyil, ölkəsinin mənafelərini əsas götürməlidir".