Braziliyanın Deputatlar Palatasının Prezidenti Rodriqo Maya Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elxan Poluxovu qəbul edib.
Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı E.Poluxov sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalından azad olunduğu haqqında məlumat verib.
Bildirilib ki, azad olunmuş torpaqlarda olan bütün yaşayış məntəqələr və infrastruktur dağıdıldığından, ölkə rəhbəri Prezident İlham Əliyevin tapşırığı əsasında orada genişmiqyaslı bərpa işləri başlanılıb və hazırda davam etdirilir. Azərbaycanda dərin multukulturalizm ənənələrinin olduğunu söyləyən səfir ölkədə bütün dinlərə və etnik qruplara hörmətlə yanaşıldığı və Dağlıq Qarabağda yaşayan ermənilərin bütün vətəndaş hüquqlarının təmin ediləcəyini vurğulanıb.
Deputatlar Palatasının Prezidenti R.Maya bölgədə sülhün bərqərar olduğu xəbərinin böyük məmnuniyyət hissi ilə qəbul etdiyini söyləyib. Rodriqo Maya ölkələrimiz arasında sıx əlaqələrin olduğunu və bunun inkişaf etdirilməsi üçün potensialın mövcudluğunu da vurğulayıb.
Siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən bu əlaqələrdə, parlamentlərarası münasibətlərin də vacib rolu qeyd olunub. Sonra həmsöhbətlər ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində məsələləri müzakirə ediblər.
Sonda səfir E.Poluxov R.Mayanı yaxın gələcəkdə Azərbaycana səfərə və işğaldan azad edilmiş əraziləri ziyarətə dəvət edib.
Qeyd edək ki, son illər R.Maya Azərbaycana bir neçə dəfə, o cümlədən iki dəfə Deputatlar Palatasının Prezidenti qismində səfər edib.