Fransa Senatında qəbul edilən qətnamənin tarixi analogiyası belədir: II Dünya müharibəsinin nəticələrini Almaniya qəbul edib, generallar təslimçilik aktına qol çəkib, lakin hansısa 3-cü dövlət onu tanımaq istəməyib. İndi II Qarabağ müharibəsinin nəticələrini Ermənistan dövləti, parlamenti və hətta xalqı da qəbul edib, lakin Senat deyir ki, yox, onlar Ermənistan deyil, bizik Ermənistan!
Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.
Deputat deyib ki, bu qərar 33 il əvvəl Fransada "Humenite" jurnalında Abel Aqanbekyanın Qarabağı Ermənistana birləşdirmək çağırışına dair mənfur məqaləsi ilə eyni mahiyyəti daşıyır:
“Həmin planın iki xalq arasında hansı miqyasda düşmənçiliyə gətirib çıxardığını hamı gördü. Müharibənin 1 dekabradək nəticələrinə görə, Azərbaycan hərbi və siyasi yolla işğal altındakı torpaqlarının 80-faizini tam azad etmiş bir duruma gəlir. 10 noyabr razılaşmasına görə yerdə qalan Azərbaycan torpaqlarında da suveren haqlarımızın gerçəkləşməsi üçün plan hazırdır. Beləliklə, senatın müstəqilliyi tanıma tövsiyəsi faktiki olaraq, 2-ci Azərbaycan dövlətini tanımaq cəhdi sayıla bilər. Çünki yaxın gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağda - Hadrutda, Xocavənddə, Ağdərədə və Şuşada yerləşərək, digər ünvanlardakı bir ovuc erməni azlığından sayca çoxluq təşkil edəcəklər! Ona görə də Fransa 2-ci Azərbaycan dövləti təsis etmək istəyir”.
Millət vəkilinin fikrincə, Ali Baş Komandan bəyan etdi ki, o Azərbaycana edilən təzyiqlərin miqyası haqqında bəzi sirləri gələcəkdə aça bilər:
“Şübhə yoxdur ki, bağlı qapılar arxasında Fransa dövlət başçısının cavabı ən sərt və qətiyyətli bir şəkildə verilib. İndi Prezidentdən sonra növbə bütün dövlət strukturlarının, parlementin və bütün dünya azərbacanlılarınındır. Dağlıq Qarabağın müstəqilliyini Kosovo kimi tanımaq üçün ortada olan reallığın Balkanlardan fərqi haqqında yüzlərlə arqument gətirmək olar. Tək bir səbəbi desək, yetərlidir. Gərək biz, onda on minlərlə mülki ermənini öldürmüş olaydıq. Senatın qərarı erməniləri qətlə sürükləyən bir hökmdür. Qarabağı karta çevirənlərin əllərindən çıxan alətə görə qəzəbi, hiddəti başa düşüləndir. Eyni zamanda senatın qərarı Strasburqun demokratiyaya bürünmüş sifətini və bizə on illərdən bəri azadlıq gətirmək istəyənlərin də iç üzünü açır. Dünən o qərara səs verənlər, sabah bizim demokratiya, mətbuat azadlığı və məhbuslarla bağlı danışanda onların ərazi bütövlüyümüzə qəsd edənlər olduğunu unutmayın!”.
Zahid Oruc qeyd edib ki, Fransa arxivlərində Paris Sülh Konfransının materialları durur:
“Sabiq prezident Fransua Oland Azərbaycanın qədimliyinin fransız səyyahları tərəfindən necə tədqiq olunduğundan ağız dolusu danışırdı. Nəhayət, senat üzvləri Sent Klu məzarlığında uyuyan Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin və Şarl dell Qolla çiyin-çiyinə vuruşan Əhmədiyyə Cəbrayılovun ruhundan utansınlar. Axı Paris Sülh Konfransı Azərbaycanın müstəqiliyini tanıyanda bizim ərazilərimiz 114 min kv km idi”.
STM sədri Azərbaycanın buna cavab reaksiyası necə olmalıdır fikrinə də aydınlıq gətirib:
“Müxtəlif təkliflər var. Bilirsiz ki, ölkəmizdə Fransa universiteti, məktəbi, ayrıca fakültəsi, 2 milyard avro dəyərində iqtisadi-ticari sazişlər var. Bilməliyik ki, Fransa kompaniyaları siyasətçilərin girovu deyil. Əksinə onlarla, fəal iş rejimində çalışmalıyıq, o cümlədən müxtəlif partiyalar, siyasi mərkəzlərə, lobbi birliklərilə gündəlik rejimdə işləməyi davam etdirməliyik. Emosional addımları da kimsə ata bilər, lakin biz sistemli fəaliyyətimizlə dünyada belə qərarın nümunəyə çevrilməsinin qarşısını almalıyıq! Bəli, 30 il də ömrümüz Hərbi Zəfərimizi müdafiədə keçəcək! Bu, Azərbaycanın taleyidir!”