“Fransa yalnız Azərbaycana qarşı siyasət yürütmür. Fransa-Rusiya münasibətlərində də ciddi qalmaqal yaşanır. Doğrudur, Avropa İttifaqının əsas dövlətlərindən biri kimi Fransanın da Rusiyaya qarşı sanksiyaları mövcuddur. Ancaq Moskvanı bu az narahat edir, Kreml sanksiyalara öyrəşib. Kremli Parisin siyasətində narazı salan başqa faktdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Fransanın “Challenges” nəşrində Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında noyabrın 7-də baş tutan son telefon söhbətinin detalları yayımlanıb:
“Telefon söhbətində Kreml sahibi Makrondan Rusiyanın koronavirusa qarşı hazırladığı “Sputnik V” peyvəndinin kütləvi istehsalına kömək etməyi xahiş edib. Makron Putinə cavabında deyib ki, bu məsələni gərək fransalı alimlərlə müzakirə etsin.
İki prezident arasında konfidensial telefon danışığının məzmunu Fransa mətbuatı tərəfindən ikinci dəfədir ki, yayımlanır. Prezidentlər arasında sentyabrın 14-də də telefon danışığı olmuşdu. Həmin telefon danışığının məzmununu isə Fransanın məşhur “Le Monde” qəzeti yayımlamışdı. Həmin telefon danışığında da Makron Navalnının zəhərlənməsi məsələsinə Putinin aydınlıq gətirməsini istəmişdi. Putin isə telefon söhbətində Navalnını sadəcə “qalmaqallı bloqqer” adlandırmış, onu özünü hər dəfə xəstəliyə vurduğunu demişdi.
Kreml ondan narazıdır ki, Fransanın hakim dairələrində Rusiya-Fransa münasibətlərini gərginləşdirmək istəyən qüvvələr var və məhz həmin qüvvələri iki prezident arasında konfidensial danışıqların məzmunun hər dəfə mətbuata ötürürürlər”.
Elxan Şahinoğlu qeyd edib ki, Makronun icazə olmadan Fransa hakimiyyəti içərisində kimsənin Putinlə gizli danışğın məzmunun mətbuata ard-arda ötürməsi mümkün deyil:
“Əks halda Makron özü də Putin kimi narahat olmalı idi ki, kimlər onun telefon danışığını dinləyir və mətbuata ötürürür. Fransa prezidentinin isə yayınlanan yazılar vecinə də deyil. Deməli, bu işin başında elə Makronun özü dayanır və bunu Putin də anlayır. Makron bu yolla Fransa cəmiyyətinə mesaj göndərir ki, o Fransada və Avropada bəyənilməyən Putinlə sərt dildə danışır və Putinin xahişlərini yerinə yetirmir. Çətin ki, Putin bundan sonra Makronla telefon danışığında ürəyini boşaltsın, növbəti telefon danışığı “nə var, nə yox, necəsən” kəlməsindən uzağa getməyəcək”.