10 noyabrda bağlanan üçtərəfli saziş gələcəkdə Mehri dəhlizinin açılmasını, həmçinin Azərbaycandan Naxçıvana, eləcəd ə Sədərəkdən keçməklə Türkiyəni bağlayan dəmir yolunun tikintisini gündəmə gətirir. Bu böyük layihə olmaqla yanaşı həm də strateji layihədir.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev deyib.
Quliyev xatırladıb ki, 1991-ci ildə Naxçıvan baş nazirinin səlahiyyətli nümayəndəsi olaraq Sədərək körpüsünün tikintisinə nəzarət edən zaman bəzi sənədlərə baxmaq imkanı olub: “Qeyd edim ki, sənədə baxanda gördüm ki, 1989-cu ildə SSRİ ilə Türkiyə arasında bağlanan müqavilə əsasında həm dəmiryolu, həm də avtomobil yolunun çəkilişi nəzərdə tutulmuşdu.
Bu SSRİ ilə Türkiyə arasında əlaqələrin gücləndirilməsinə xidmət edirdi. Eyni zamanda 1989-cu ildə bununla bağlı araşdırma aparılmışdı. Zəngilandan başlayaraq Mehrinin Nüvə kəndini keçməklə yollar çəkilirdi. Biz sonuncu dəfə Nüvədidə olanda mən yolların genişləndirilməsini görmüşdüm. Birinci variantda Zəngilan-Mehri-Ordubadı keçməklə Sədərək rayonunda Türkiyə ilə birləşəcək körpünün tikintisi nəzərdə tutulurdu. Mən həmin körpünün tikintisi prosesinə nəzarət etmişdim. Əslində birinci müvəqqəti körpünü 1991-ci il, oktyabrın 29-da açmışdıq. Bununla paralel olaraq dəmiryolu körpüsü yığılırdı. Artıq körpünün dayaqları hazırlanırdı. Hətta xüsusi mütəxəssis qrupu dəmiryolu körpsünün yığmaq məqsədilə gəlmişdi. Körpünün materialları da Şərur stansiyasına gətirilmişdi. Bir sözlə, plana uyğun olaraq 1989-cu ildə həm dəmiryolu, həm də avtomobil yolunun tikintisi nəzərdə tutulurdu”.
B.Quliyevin sözlərinə görə, avtomobil yolunu faktiki tikib başa çatdırıblar, amma 1989-cu ildə erməni məsələsi ortaya çıxdığı üçün dəmiryolu təxirə düşməli olub: “Erməni məsələsi ilk olaraq Fransada qaldırıldı, Qarabağa ilk iddianı erməni akademik Aqanbekyan irəli sürdü. Sonrakı dövrdə ABŞ-dakı erməni diasporu prosesi cəlb edildi. Dağlıq Qarabağdakı ermənilərdən istifadə edilərək münaqişə yaradıldı və bu, həm də SSRİ-nin dağıdılmasında mühüm proses oldu. Beləcə SSRİ ilə Türkiyə arasında layihələr təxirə salındı. Üstəlik 1992-ci ilin fevralından sonra yollar bağlandı. Bundan sonra İran komunikasiya baxımından bəzi addımlar atdı. Məsələn, bağlanan yola alternativ olaraq Məşhəd-Aşqabad dəmiryolunu çəkməyə başlanıldı. İran həm də Astara dəmiryoluna birləşməklə Orta Asiyadan gələn yükləri öz üzərindən keçirməyi nəzərdə tuturdu. Yəni 1989-cu ildə nəzərdə tutulan proyektlərin həyata keçməməsində maraqlı qüvvələr çox idi. İndi münasibətlərin dəyişməsi, üzərindən 30 ildən sonra keçməsindən sonra Mehri dəhlizinin açılması, Türkiyəyə birbaşa çıxışın əldə olunması əslində 1989-cu ildən bağlanan müqavilədə nəzərdə tutulurdu”.
Müsahibimiz qeyd edib ki, Mehri dəhlizinin əsasını təşkil edəcək Nüvədi kəndi ilə bağlı maraqlı məqamlar var: “Nüvədi əvvəllər Zəngilan rayonunun tərkibində idi. Mehri dəhlizi əvvəllər 26 kilometr idi. Amma 1920-ci ilin sonlarında Mirzoyan Azərbaycanda birinci katib olduğu zaman Nüvədi daxil olmaqla böyük əraziləri Ermənistana verdi və faktiki bu dəhlizi özləri üçün genişləndirdi. Mehri dəhlizinin uzunluğu 41 kilometrə çatdırıldı. Hansı ki, bu dəhlizin 15 kilometrini təşkil edəcək Nüvədi kəndi Azərbaycan ərazisi idi...”
CHP sədri əlavə edib ki, indi Qarabağ məsələsi Türkiyə və Rusiyanı bir araya gətirib, onlar arasında əməkdaşlığı gücləndirir: “Qeyd edim ki, 1989-cu ildə də SSRİ-nin durumu ağır idi. O zaman da Moskva Türkiyə ilə əlaqələri qurmağa başladı. Çünki düşünülürdü ki, SSRİ-nin dağılmasının qarşısını slavyan-türk əməkdaşlığı ala bilər. Hətta Süleyman Dəmrəl 8 dəfə baş nazir olub və hər dəfə SSRİ ilə yaxşı münasibətləq qurmağa çalışıb. Bunun nəticəsində əlvan metal sənayesi, su anbarları qurulub. Yəni rus-türk münasibətləri hər zaman olub. İndi də bu proses yenidən təkrarlanır. Qərb Rusiyaya qarşı sanksiyaları genişləndirir, münasibətlər pisləşir. Bu vəziyyətdə Azərbaycanın Rusiya üçün həm də dəhliz baxımından əhəmiyyəti artır. Əlbəttə, dəhlizlərin, ticarət yollaının açılması və Türkiyə ilə ticarətin genişləndirilməsi bizdən çox Rusiyanın özünə lazımdır. Bu amil Ankara ilə Moskva arasında yeni dövrün başlanmasına səbəb olacaq. Bu yollar iqtisadi baxımdan Azərbaycanın maraqlarına uyğundur, türk dünyası ilə münasibətləri genişləndirəcək”.
Sonda B. Quliyev deyib ki, indi bir çox insan Laçın dəhlizi ilə bağlı narahatlığı dilə gətirir: “Ancaq Mehri dəhlizinin inkişafı və genişləndirilməsi gələcəkdə bizim xeyrimizə olacaq. Əlbəttə, işğaldan azad etdiyimiz ərazilərimizdə məskunlaşma siyasətini ciddi şəkildə aparmalıyıq. Zamanında Putin Dağlıq Qarabağ münaqişəsinin sıfır variantına gətirilməsi haqda fikir ifadə etmişdi. Sıfır variantı o deməkdir ki, əvvəlki vəziyyətdə orada yaşam davam etsin. Biz ciddi məskunlşma apardığımız halda məlum olacaq ki, Dağlıq Qarabağın özündə azərbaycanlıların sayı daha çoxdur. Hesab edirəm ki, səbrlə bu prosesi aparmalıyıq. Bu prosesin xeyrimizə olacağını görəcəyik. Bundan sonrakı mərhələdə əsas mübarizə diplomatik sahədə aparılacaq. Biz xalq və cəmiyyət olaraq proseslərə hazır olmalıyıq. İstər döyüş, istər iqtisadi, istərsə də siyasi baxımdan Azərbaycanın imkanları daha yuxarı qalxır, iqtisadi rıçaqlar, komunikasiya xətləri bizim əlimizə keçir. Bu mənada gələcəkdə Azərbaycanın bəzi problemlərinin həllinin baş tutacağına inanıram. Bu önəmli prosesdir”.