29 Dekabr 2020 14:04
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlıları erməni silahlı birləşmələrinin Laçın dəhlizindən keçərək Dağlıq Qarabağa gəlməsinə mane olmur. Həmin qüvvələr Şuşanın ətraf kəndlərində, Xocavənd və Ağdərədə yerləşdirilir. Maraqlıdır ki, bu birləşmələr bölgənin təhlükəsizliyindən məsuliyyət daşıyan rus sülhməramlılarının müşayiəti ilə bölgəyə gəlirlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya üçtərəfli anlaşmanın tələblərinə uyğun olmayaraq erməni silahlı birləşmələrini ərazilərdən çıxarmır, əksinə Ermənistandan yeni silahlı hərbçilərin gəlməsinə zəmin yaradır:

“Bununla növbəti hərbi qarşıdurma körüklənir. Qondarma rejimin nümayəndəsi Vitali Balasanyan yeni təhlükəsizlik bölmələri və silahlı qüvvələrin formalaşdırılacağını deyib. Hesab edirəm ki, Balasanyan məhz Rusiyanın icazəsi ilə danışır. Rusiya erməni qüvvələrinin Dağlıq Qarabağa yolunu açmaqla bir neçə planını həyata keçirməyə çalışır.

Birinci, bununla Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına imkan vermək istəmir. İkinci, bir neçə il sonra yenidən Qarabağ münaqişəsini qızışdırmağa nail olmaq istəyir. Üçüncü, Dağlıq Qarabağın statusu məsələsini gündəmdə saxlmağa çalışır. Əlbəttə, bütün bunların hamısı Azərbaycana təzyiq məqsədilə edilir. Beşinci, Rusiya azərbaycanlıların Xankəndi və digər ərazilərə köçürülməsinin qarşısını almaq istəyir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya sülhməramlıları nəzarət etdiyi ərazilərdə gərginliyin saxlanılmasına xidmət edir, sülhün təmin edilməsinə yox.

Ekspert qeyd edib ki, Azərbaycan bu təhdidlərin qarşısını almaq üçün Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi imzalamalı, Qarabağda türk hərbi bazası yardılmalıdır:

“Rusiya sülhməramlıları Azərbaycanın milli maraqlarına zidd olaraq işğalçılara və erməni terroruna dəstək verir. Rusiyanın bu addımları sülhə xidmət etmir. Bunun qarşısı indidən alınmalı, Azərbaycan Xocavənd, Xankəndi və Ağdərədə antiterror əməliyyatları keçirib nəzarəti bərpa etməlidir. İndidən bu prosesin qarşısı alınmasa, yeni müharibə ocağı qalacaq”.

Ekspert qeyd edib ki, regionda ciddi geosiyasi dəyişiklik gedir:

“Rusiya-Türkiyə əlaqələri bir müddətdən sonra pozula bilər. Bu da Rusiyanın Dağlıq Qarabağda erməni terrorunu tətikləməsinə rəvac verə bilər ki, bunun qarşısını almaq üçün hərəkətə keçmək lazımdır.

Hesab edirəm ki, Rusiyanın bu siyasəti uğurlu olmayacaq. Azərbaycan prosesi sonuna qədər öz xeyrinə yekunlaşdıracaq. Ətrafındakı geosiyasi durum beynəlxalq təzyiqlər qarşısında qalan Rusiyanın xeyrinə deyil. Rusiya təkcə Cənubi Qafqazda yox, Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa istiqamətlərində də cidd-cəhdlə sıxışdırılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər