7 Yanvar 2021 11:43
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxucularımıza təqdim edir:

- Qüdrət bəy, ABŞ-dakı seçki prosesi və gələcək ABŞ-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz?

- ABŞ-da “unikal” və saxtakarlıqlarla dolu bir seçki keçirilməsi bu ölkənin prezidenti və onun ən yaxın tərəfdarları tərəfindən iddia olunur. Görünən odur ki, dövlət hakimiyyət orqanları tezliklə Trampdan canlarını qurtarmaq istəyirlər. Məhz bu səbədən Trampın tərəfdarlarının seçki saxtakarlıqlarına dair 62 iddiasına məhkəmələr qanun pozuntularına dair ciddi əsasların olmadığını əsas gətirib baxılmamış saxladı. Bu hal yarıbayarı parçalanmış ABŞ cəmiyyətində qarşılıqlı nifrəti və düşmənçiliyi bir az da artırdı. Bu düşmənçiliyin və nifrətin nəticəsi olaraq dünən etirazçıların Konqresə basqını nəticəsində 4 nəfərin öldürülməsi xüsusilə kədərli hadisə idi. Dünyada demokratiyanı təbliğ və təşviq edən ABŞ-da iqtidar müxalifətin seçkiləri saxtalaşdırdığını iddia edir. ABŞ-ın qeyri-demokratik hesab etdiyi ölkələrdə isə müxalifət iqtidarı seçkiləri saxtalaşdırmaqda günahlandırır. Hər iki düşərgədə seçkilərin saxtalaşdırıldığı, hakimiyyətin qeyri-legitim olduğu iddia olunur. Hər halda demokratik dünyanın lider ölkəsi olan ABŞ-da seçkidə baş verənlər üzücü və dünyada demokratik proseslərə kölgə salan pis nümunədir. Bu ölkənin dünyada demokratiyanı dəstəkləmək cəhdləri bundan sonra uzun müddət təəssüf ki, acı gülüş doğuracaq. Bu ölkədə son prezident seçkilərinin hamısında saxtakarlıqlar edilməsi barədə ittihamların olmasına rəğmən ABŞ siyasi elitası şəffaf və hər kəsin etimad göstərəcəyi seçki islahatlarından yayınır. ABŞ -da baş verənlər həm də dünya üçün dərs götürüləsi hadisədir. Bir daha təsdiq oldu ki, xalq seçki qutusu başına gələrkən öz məsuliyyətini hiss etməli, peşəkar səviyyədə siyasətlə məşğul olmamış şəxsləri yüksək dövlət vəzifələrinə seçməməli, bu tipli şəxslərin siyasi vəzifələrə təyin olunmasına etiraz etməlidir. İş adamı Trampın prezidentliyi ABŞ-ın öz tərəfdaşları ilə münasibətlərinin sərinləşməsinə, dünyada gərginliyin artmasına, böyük dövlətlərin təkbaşına istədiklərini etməsi meyllərinin güclənməsinə yol açdı.

Yeni administrasiyanın bizə münasibətinə gəldikdə isə, mən əsassız təzyiqlərin və ittihamların olacığını gözləyirəm. Çünki Baydenin ermənipərəst mövqeyinə görə Azərbaycana dövlət yardımlarını qadağan edən qanunun müəlliflərindən biri olduğunu hamımız bilirik. Yeni administrasiyanın bizə təzyiqlərinin kökündə də eyni motiv dayanacaq. Amma ümid edirəm ki, ABŞ-ın dövlət institutları Azərbaycanın ABŞ üçün əhəmiyyətini nəzərə alıb Prezidentin ifrata varmasının qarşısını alacaqlar.

- Füzulidə yeni hava limanının tikilməsinə və Şuşaya yeni avtomobil yolunun çəkilməsinə də münasibətinizi bilmək maraqlı olardı. Çünki Xocalıda hava limanı var və kommunikasiyaların açılması nəzərdə tutulursa Şuşaya da köhnə yollardan istifadə etməklə getmək olardı. Həmin pullarla onlarla yaşayış məntəqəsini bərpa etmək mümkün idi. Niyə bu tipli layihələrə böyük məbləğdə vəsait xərclənir?

- Hökumət təmsilçiləri bu kimi suallara cavab versəydi daha yaxşı olardı. Mən düşünürəm ki, hökumət həm Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılacağının uzun zaman alacağını, həm də Şuşanın strateji əhəmiyyyətini və onun ölkənin mədəniyyət paytaxtı olmasını nəzərə alıb həmin şəhərə yeni qısa və çoxzolaqlı yolun çəkilməsini məqsədəuyğun hesab edib. Ola bilsin hərbi strateji əhəmiyyəti ilə yanaşı başqa səbəblər də var.

Füzuli hava limanına gəldikdə mən onu istisna etmirəm ki, gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər və biz Füzulidəki aeroportdan hərbi məqsədlər üçün də istifadə edə bilərik. Həm də hava şəraiti baxımından aran Qarabağda yerləşdiyi üçün Füzuli aeroportu daha effektli ola bilər.

- Ermənistanın revanş cəhdini mümkün sayırsınızmı?

- Erməni mentalitetini nəzərə alıb kənar təsirlərin də olacağı halda bunu tam istisna etmək olmaz. Ermənistan ordusunu darmadağın etdiyimizdən, hər halda bu yaxın zamanlarda baş verməyəcək. Dağlıq Qarabağda yaşayan ermənilər ya revanş barədə düşünən əli qana batmış Balasanyan kimiləri oradan qovub Azərbaycanın vətəndaşları kimi yaşamalı, ya da övladlarını döyüş meydanlarında ölmüş görmək istəmirlərsə köçüb getməlidirlər.

- Əhalinin işğaldan azad olunmuş ərazilərə tezliklə köçürülməsi üçün hökumət hansı addımları atmalıdır?

- İlk növbədə rayon mərkəzləri və əlverişli coğrafi mövqelərdə yerləşmiş böyük kəndlər minalardan təmizlənməli, tikinti aparılması üçün şərait yaradılmalıdır. Həmin yerlərdən olan böyük sahibkarlarla fərdi iş aparılmalı, onlar quruculuq işlərinə cəlb olunmalıdırlar. İnanıram ki, onlar ata yurdlarını bərpa etməklə yanaşı, öz vəsaitləri hesabına ayrılıqda və ya digərləri ilə birlikdə böyük məmnuniyyətlə universitetlər, orta və peşə məktəbləri, bağçalar, administrativ binalar tikə bilərlər. Dövlət onlara gələcəkdə çəkdikləri xərcin bir hissəsini qarşılamaq üçün əlavə dəyər gətirən ictimai-iaşə, səhiyyə və turizmin inkişafı üçün digər obyektlərin tikintisinə torpaq sahəsi ayırmalı, kreditlər verməlidir. Xarici investorları, beynəlxalq miqyasda tanınan nüfuzlu bankları bölgəyə cəlb etmək üçün vergi cənnəti yaradılmalıdır. Kəndlərdə fərdi evlərin tikintisi üçün vəsait ev sahiblərinə verilməlidir. Bu şəffaflığı və sürətli məskunlaşmanı təmin edəcəkdir. Sadəcə, Ermənistanla sərhədə qədər, həm də tikinti materiallarının daşınması üçün dəmir yolu sürətlə bərpa olunmalı, yaşayış məntəqələri qaz və elektrik enerjisi ilə təmin edilməlidir. Görülən işlər barədə ictimaiyyət gündəlik məlumatlandırılmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər