8 Yanvar 2021 17:49
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Trampın Rusiyanın “adamı” olması haqda iddianı ilk dəfə İngiltərə kəşfiyyatı gündəmə gətirib. Məncə, ABŞ-da bu məsələ müəyyən dərəcədə ört-basdır edildi. Əlbəttə, biz Trampla aparılan gizli danışıqların mahiyyətini bilmirik. Amma ola bilsin ki, demokratların hakimiyyəti dövründə bu danışıqların mahiyyəti açıqlandı. Amma şübhə etmirəm ki, Trampla bağlı bir çox məsələ, o cümlədən “Rusiya işi” yenidən qaldırılacaq. Böyük ehtimalla biz bunu görə biləcəyik.

Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik üzrə mütəxəssis Sülhəddin Əkbər yanvarın 6-da ABŞ Konqresinə edilən hücumdan sonra Prezident Trampın “Rusiyanın adamı” olması haqda iddiaların güclənməsini şərh edərkən deyib.

Onun fikrincə, Prezident Trampın Konqresə hücumla bağlı etdiyi hərəkət demokratları qəzəbləndirib:

“Nəzərə almaq lazımdır ki, bu hücumdan əvvəl ABŞ-ın dörd xüsusi xidmət orqanı Rusiyanın yeni kiber hücumuna dair hesabat verib. Bu hesabatda da Rusiya ilə bağlı ciddi ittihamlar var. Ona görə də Trampın Rusiya ilə bağlı əlaqələrinə dair məsələnin qaldırılması ehtimalı yüksəkdir”.

Sülhəddin Əkbər hesab edir ki, Konqresə hücumdan sonra iki şəxsin verdiyi açıqlamaya xüsusi diqqət edilməlidir:

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesi açıq şəkildə Donald Trampı Vladimir Putinin aləti adlandırdı. Ondan daha sərt açıqlama isə son Prezident seçkilərində qələbə qazanan Baydendən gəldi. Co Bayden Konqresə hücum edənləri yerli terrorist adlandırdı. Yəni mesaj verildi ki, onlarla terroristlər kimi davranılacaq. Onların ifadəsi ilə desək, terroristləri Konqresə yönləndirən şəxsin Tramp olduğu deyilirsə, deməli Trampla yeni ABŞ hökuməti çox ciddi məşğul olacaq. O cümlədən onun Rusiya ilə əlaqələri mövzusunda”.


Müəllif: Nemət

Oxşar xəbərlər