Azərbaycan üçtərəfli sazişin bütün şərtlərinə əməl edib. Ölkəmiz öz gücünü döyüş meydanında misli ilə göstərib. Düşmənə tarixi dərs verərək yerində oturdub. Hazırkı durumda əsas vəzifə qazanılan Zəfərin nəticələrinin davamlılığını təmin etməkdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Deputat artıq başa çatmış münaqişənin yenidən alovlanmasına yol verməmək üçün mümkün addımların atıldığını bildirib:
“Proses yenidən alovlanarsa, Ermənistanı nə gözləyəcəyi heç kəsə sir deyil. Hətta onun ən yaxın müttəfiqləri belə bunun nəticələrini bilir”.
Eldəniz Səlimov Moskva görüşünün nəticəsi kimi regional kommunikasiya xətlərinin açılması istiqamətində planlardan bəhs edib:
“Sistemli fəaliyyətə keçid üçün real zəmin hazırlanır. 10 noyabrda imzalanan üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, tərəflər bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməyə ilkin razılıq verib. 11 yanvar bəyanatı kommunikasiya xətlərinin açılması və bu istiqamətdə işçi qrupunun yaradılması kimi prinsipləri ehtiva edir. Ekspert yarımqrupların formalaşması, nəqliyyat dəhlizləri, iqtisadi səciyyəli addımlar, fəaliyyət-təqvim planı hazırlanacaq. Bu addımlar prosesin münaqişədən-regional əməkdaşlıq platformasına doğru inkişafı deməkdir”.
Millət vəkili qeyd edib ki, üçtərəfli bəyanatdakı əsas məsələlərdən biri də Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir:
“Bu, olduqca vacib bir kommunikasiyadır. Təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, digər qonşu ölkələrin iqtisadi maraqlarının realizə olunmasına xidmət edəcək. Görüşdə Paşinyanın problemin nizamlanmaması haqqında səsləndirdiyi fikirləri ciddi qəbul olunmayıb. Heç bir yazılı sənəddə bu fakt qqeyd olunmayıb. Cənab Prezident münaqişənin keçmişdə qaldığını bildirməklə məsələnin spekulyasiyaya çevrilməsinə son qoyub”.