15 Yanvar 2021 21:13
2 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın “mən təzminat ödəmirəm” deməsi mümkün deyil”.

Teleqraf.com politoloq Fərhad Mehdiyevlə müsahibəni təqdim edir:

- Fərhad müəllim, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdən sonra mütəxəssislərin diqqəti Azərbaycan-Ermənistan münasibətləri konteksində kommunikasiyaların açılmasına yönəlib. Sizin bundan sonrakı dönəm üçün gözləntiləriniz nədən ibarətdir?

- Əsas gözlənti odur ki, nəhayət Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəhliz açılacaq. Bu, Azərbaycan üçün vacib və əhəmiyyətli koridordur.

İkincisi, böyük ehtimalla müəyyən mərhələdən sonra Ermənistanla Türkiyənin sərhədlərinin açılmasına qərar verilə bilər. Mümkündür ki, bu qərarı Ermənistan versin. Amma Azərbaycan və Türkiyə son proseslərlə əlqədar eyni addım atdığına görə, israr ediləcək ki, 10 noyabr tarixli razılaşmanın dördüncü bəndi yerinə yetirilsin. Söhbət erməni silahlı qruplarının Dağlıq Qarabağdan çıxarılmasından gedir. Əslində erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxması prosesi tədricən gedəcək. Buna dəlalət edən bəzi addımlar indidən hiss edilir. Sadəcə bir qədər səbrli olub prosesləri müşahidə etmək lazımdır.

- Hansı addımları nəzərdə tutursunuz?

- Bildiyiniz kimi Azərbaycanın ələ keçirdiyi diversiya ilə məşğul olan ermənilər var. Onlar Dağlıq Qarabağ ərazisində ələ keçirilib. Hazırda Bakı onların azad edilməsini ləngidir. Mənim ehtimalıma görə, Azərbaycan tərəfinin şərti budur ki, erməni silahlı dəstələri həmin ərazilərdə olmasın, yəni çıxarılsın. Gözləntilərimiz hələlik bunlardır və hesab edirəm ki, bir qədər səbrli olub gözləmək lazımdır.

- Xankəndinə nəzarəti bərpa edə biləcəyik, yoxsa ərazidə olan rus sülhməramlılar və Rusiya maraqları bunun qarşısında duracaq?

- Hazırda Xankəndi daxil olmaqla ermənilərin kompakt yaşadığı ərazilərdə infrastrukturun bərpa edilməsi fəaliyyəti aparılır. Bu işi ruslar həyata keçirir. Azərbaycan tərəfi istəyir ki, bu işləri özü görsün. Düzdür, bu, bizə maliyyə xərci gətirərdi, amma torpaq bizim yurudiksiyamızdadırsa, bu işləri etməliyik.

İkincisi, indi bu işləri orada Rusiya həyata keçirir, amma bir dövrdən sonra bu işlərin görülməsi Rusiyaya sərf etməyəcək. Əgər xatırlayırsınızsa, Rusiya Prezidenti Putin 27 dekabr tarixli çıxışında beynəlxalq qurumlara gəlib Dağlıq Qarabağda işləməyə dəvət etdi. Yəni gəlin, investisiya qoyun. Bu yanaşma əslində Rusiyanın oradakı maliyyə yükünü bölüşmək istəyindən irəli gəlirdi. Azərbaycanın isə lap Xankəndinin özünə investisiya qoyması göstərəcək ki, bura bizim suverenliyimiz altındadır. Həm də nümayiş etdirəcək ki, burada yaşayanlar bizim yuridiksiyamızı qəbul edir. Aydındır ki, biz tədricən orada yuridiksiyamızı qəbul etdirməliyik. Ona görə də, lazım gəlsə, özümüz humanitar fəaliyyətlə məşğul olmalıyıq.

Diqqət edin, indi ermənilər Ağdərə, Xocavənd hissəsində evlərinin bir qismini satmaq istəyirlər. Xankəndi ilə bağlı da belə faktlar var. Çünki görürlər ki, artıq burada daha rahat yaşaya bilməyəcəklər. Təbii ki, hamısı olmasa da, bir hissəsi oradan gedəcək. Evlərini satıb Rusiyaya üz tutmağa çalışacaqlar. Bu mənada bizim azərbaycanlıların oradan evlər, mənzillər alması çox yaxşı addım olardı. Yeri gəlmişkən, Ağdərə və ya Xocavənddən üçüncü şəxslər adına evlər almaq mümkündür. Düşünürəm ki, bu, bizim maraqlarımız baxımından çox müsbət hal olardı.

- Sözsüz ki, orada yaşayan erməniləri Azərbaycan dövlət suverenliyi altında yaşamasına məcbur edəcək addımlardan biri də Laçın koridoru ətrafında və dəhlizin özündə güclü olmağımızdır. Bu mənada bizim dəhlizi kontrol altına almaq imkanlarımız hansı səviyyədədir?

- Açığını deyim ki, 10 noyabr tarixli razılaşma bizə bəzi şeylərə imkan versə də, Laçın dəhlizinə bilavasitə nəzarət etmək imkanı yaratmır. Sənəddə açıq yazılıb ki, dəhlizə sülhməramlılar nəzarət edəcək. Amma nə etmək olar? Razılaşmaya əsasən üç il ərzində dəhlizin marşrutu dəyişə bilər. Bax, bunun yerini dəyişmək mümkündür. Amma dəhlizin eninin beş kilometr olması bir qədər işimizə yaramır. Biz elə bir marşrut fikirləşməliyik ki, bu 5 kilometrlik genişlik tamamilə bizim nəzarətimiz altında olsun. Yəni yolun elə bir ərazidən çəkilməsinə nail olmalıyıq ki, hər iki tərəfdən dəhlizə tam nəzarət etmək imkanlarımız yaransın. Nəzərə almaq lazımdır ki, ərazi dağlıqdır. Dəhlizi elə çəkmək olar ki, sənin ona tam nəzarət etmək imkanın olmaz. Odur ki, uyğun yer tapılsa, yeri gəlmişkən mümkündür ki, dəhlizin bir çox yerinə toxunmayasınız, bir hissəsini dəyişəsiniz, ola bilsin ən yaxşı nəzarət olunun dəhlizin indiki hissəsidir. Amma bunun üçün topoqrafik xəritəyə, mütəxəssislərin rəyinə və yerin quruluşuna baxıb demək mümkündür. Biz dəhlizin müəyyən hissəsini bir qədər kənara sürüşdürsək, Laçın şəhərinin özü koridorun kənarına düşəcək və beləcə şəhər bizə qayıdacaq. Sözsüz, ermənilərə imkan vermək olmaz ki, şəhəri dağıtsınlar. Sülhməramlılar üzərində belə şərt qoymaq lazımdır. Məsuliyyətini sülhməramlılar çəkməlidir. Ermənilərin özləri Kəlbəcərdə belə bir məsuliyyəti daşıya bilməyəcəklərini nümayiş etdiriblər.

- Ermənistanda mövcud olan siyasi anlayış bizim onlarla razılığa gəlməyimizə imkan tanıyırmı?

- Biz bilməliyik ki, Ermənistanda vəziyyəti normallaşdıracaq ən yaxşı siyasətçi elə Nikol Paşinyanın özüdür. Nikol Paşinyan, Levon Ter-Petrosyan və onların yanaşmasını əsas götürən siyasi xadimlər bizim üçün daha məqbuldur. “Qarabağ klanı”nı təmsil edən siyasətçilər və ya revanşist xəttin tərədarı olanlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını heç vaxt istəməyəcəklər. Mən düşünürəm ki, Nikol Paşinyan bir müddət hakimiyyətdə qalmağı bacaracaq. Eyni zamanda hesab edirəm ki, kommunikasiya xətlərinin açılması bu mərhələdə müsbət hadisədir. Ermənilər sülhdən bəhrələnə biləcəklərini real olaraq görsələr, bir qədər düşünməli olarlar. Yeri gəlmişkən, qeyd edim ki, Ermənistanın vəziyyəti bu il ötən illə müqayisədə bir qədər çətin olacaq. Onlar əvvəl Dağlıq Qarabağdan elektrik enerjisi alırdı. Artıq bunu ala bilməyəcəklər. Digər tərəfdən, Ermənistanın istifadə etdiyi taxılın 40 faizə qədər faktiki olaraq işğal altında olan Azərbaycan torpaqlarından əldə olunurdu. Amma bu da artıq mümkün deyil. Yəni erməni iqtisadiyyatına ciddi zərbələr vurulub. Onlar başa düşəcəklər ki, belə ağır vəziyyətdən çıxmağın bir yolu da Azərbaycanla normal münasibətlərin qurulmasından keçir.

- Bizim Ermənistandan təzminat tələbimizə hüquqşünas kimi necə yanaşırsınız, bunun perspektivi ola bilərmi?

- Bu, çox ciddi məsələdir, bizim də təzminat tələb etməyə kifayət qədər əsaslarımız var. Amma başqa tərəfi də var. Təzminat tələbləri adətən kapitulyasiya imzalandıqdan sonra sülh danışıqları çərçivəsində həyata keçirilir. Yəni təzminat tələbi məhkəməyə gedəsi məsələ deyil. Müharibədə uduzan tərəf kompensasiya ödəməyi qəbul etməlidir. Sırf uduzduğuna görə də deyil, əgər beynəlxalq hüququ pozaraq müharibə aparıbsa, onun təzminat ödəmək öhdəliyi olur. Bu mənada indi Ermənistanın belə bir öhdəliyi var. Mübahisə yalnız təzminatın məbləği ilə bağlı ola bilər. Bir də ödənişin şərtləri mövzusunda. Başqa sözlə, Ermənistanın “mən təzminat ödəmirəm” deməsi mümkün deyil. Onların özləri bu şeyləri bizdən də yaxşı bilirlər. Baxın, ABŞ-da ermənilər səhv etmirəmsə, üç universitetdə konfranslar təşkil edirlər. Şəxsən mənə elektron məktub gəlib ki, bu konfranslarla bağlı öz rəyinizi bildirin. Ermənilər dünyada elə bir təəssürat formalaşdırmağa çalışırlar ki, guya haqsız yerə müharibə aparmayıblar. Çünki təzminat ödəmək öhdəliyi haqsız müharibə aparan tərəfin üzərinə düşür. Onun üçün biz də beynəlxalq arenada maraqlarımıza uyğun addımlar atmalıyıq. Qısacası daha çox işləməliyik.


Müəllif: Nemət