27 Yanvar 2021 11:03
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iştirakı ilə regionda möhkəm dostluq və əməkdaşlıq mühiti meydana gəlib. Xəzər dənizində Dostluq yatağının birgə işlənilməsi ilə əlaqədar Türkmənistanla Anlaşma Memorandumu imzalandı. Bunun ardınca İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif ölkəmizə səfər etdi. Ardıcıl proseslər Azərbaycanın qonşu ölkələrlə dostluq və yaxın qonşuluq əlaqələrinin möhkəmlənməsinin göstəricisidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, İran Azərbaycana həm dost, həm də yaxın qonşudur: “Ölkələrimiz arasında siyasi, iqtisadi, tranzit və enerji sahəsində əməkdaşlıq imkanları mövcuddur. Perspektivdə bu istiqamətlərin inkişaf etdirilməsi üçün böyük potensial var. İranla birgə həyata keçirilən Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi davam edir. Artıq bu istiqmətdə daşınan yüklərin həcmi 20% artıb”.

Deputat yeni çəkiləcək Mehri dəhlizindən istifadə edilməsində İranın perspektivinin yüksək olduğunu söyləyib:

“Araz çayı üzərində yeni körpünün, su hövzələrinin və elektrik stansiyalarının tikilməsi ilə bağlı razılaşmalar imzalanıb. Bu layihələrin həyata keçirilməsi ölkələrimiz üçün iqtisadi fayda gətirəcək. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bizə dost münasibət sərgiləyir”.

Azər Badamov Cənab Prezident dost ölkələrin şirkətlərinin işğaldan azad olunmuş ərazilərə investisya yatırmaq üçün dəvət etdiyini xatırladıb:

“İran dost və qonşu ölkə olduğundan ölkə başçısı Məhəmməd Cavad Zərifə İran şirkətlərinin quruculuq işlərində iştirak etmək imkanlarından bəhs edib. İran şirkətlərinin aqrar və sənaye sahələrinə investisiya yatırmaq imkanları genişdir. Yaxın gələcəkdə bu işlərin icra olunmasında iştirak edəcəkləri mümkündür. Azad olunmuş ərazilər yeni reallığa uyğun dost ölkələrin birgə fəaliyyəti üçün platformadır. Bu addımlar regionda sülhü və təhlükəsizliyi uzun müddətli və davamlı edəcək”.


Müəllif: Tapdıq Qurbanlı