Azərbaycanın iqtisadi siyasəti regionda əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu əməkdaşlıqda bütün tərəflərin qazanması siyasəti həyata keçirilir. Ölkəmizin iqtisadi siyasətinin əsas hissəsi bundan ibarətdir. İndiki halda həyata keçirilən bütün layihələr məhz regionda daha sıx əməkdaşlığa imkan yaradır.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədrinə görə, bu konsepsiya Şimal-Cənub, Qərb-Şərq istiqamətlərində investisiyaların cəlb edilməsində Azərbaycanın üçtərəfli və çoxtərəfli əməkdaşlığında öz əksini tapıb:
“Həyata keçirilən siyasət bütün tərəflərə qarşılıqlı hörmət, milli maraqların qorunması, tərəflərin bu layihələrdən fayda əldə etmək prinsipinə əsaslanır. Qarabağ münaqişəsinin həlli ilə Azərbaycan bölgədə olan böyük bir təhlükəni arada götürüb. Regiona sülh gəlib”.
Tahir Mirkişilinin fikrincə, Qarabağın bərpa edilməsində istisadiyyat qarşısında duran yeni çağırışlar əsas götürüləcək:
“Yeni iqtisadi modelin qurulması, geniş əməkdaşlıq formatını da zəruri edir. Bu cəhətdən Azərbaycanın ənənəvi siyasəti olaraq dostlarla xüsusi əməkdaşlıq ediləcək. Qarabağın bərpa olunmasında və yeni iqtisadi reallıqların yaranmasında bu özünü açıq şəkildə göstərəcək”.
Millət vəkili qeyd edib ki, Türkiyə, İran, Avropa və digər partnyor ölkələrlə birgə səylər gücləndiriləcək:
“Azərbaycanın aparmış olduğu siyasət quruculuq işlərini daha da sürətləndirəcək. Bu imkanlardan istifadə bütövlükdə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq”.