Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqaz regionunda tamam fərqli geosiyasi konfiqurasiya yaradıb. Ermənistanın uzun illərdir davam etdirdiyi işğalçı, separatçı hərəkətləri bütövlükdə regional təhlükəsizlik sistemini yaratmağa imkan vermirdi. Artıq belə bir imkan yaranıb. Azərbaycan dövlətinin, ölkə başçısının iradəsi sayəsində Cənubi Qafqaz regionunun yeni geoiqtisadi və geosiyasi obrazı formalaşmaqdadır. Müasir dünyamızın başlıca trendi ondan ibarətdir ki, təhlükəsiziyi təmin etmək üçün etibarlı əməkdaşlıq sistemi qurulmalıdır. Bu sübut edir ki, Azərbaycan Prezidenti olduqca unikal təşəbbüs irəli sürüb. Region ölkələrinin əməkdaşlıq platformalarının yaradılması təhlükəsizliyin və dayanıqlı sülhün təmin edilməsinin ən etibarlı yoludur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, siyasi şərhçi Elşad Mirbəşir deyib.
Onun fikrincə, regionda marağı olan istənilən ölkə burada səmimi olaraq təhlükəsizliyin və sülhün qorunmasını istəyir:
“Ona görə də, cənab Prezidentin təşəbbüsü region ölkələri tərəfindən müsbət qarşılanıb. Qonşu İranın da bu əməkdaşlıq platformasında yaxından iştirak etmək arzusu göz önündədir. Xarici siyasətində qonşularla, digər dövlətlərlə münasibətlər qurmaq prinsipinə əsaslanan Azərbaycanın maraqlarına cavab verir. Ölkəmiz daim digər region ölkələri kimi İranla da münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirməyə çalışıb. Əməkdaşlıq istiqamətlərində genişlənməsində təşəbbüslərlə çıxış edib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan-Rusiya-İran əməkdaşlıq platforması formalaşıb. Şimal-Cənub nəqliyyat dəhlizi yaradılıb. Dövlətimizin yaratmış olduğu imkanlar sayəsində Şimal-Cənub nəqliyyat dəhlizini Cənub-Qərb istiqamətində inkişaf etdirmək mümkün olub”.
Deputat bildirib ki, Azərbaycan regionda inkişafın, sülhün və təhlükəsizliyin təmin olunmasına real töhvə vermək istəyində və imkanında olan dövlətdir:
“Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan-İran münasibətlərində də yeni bir mərhələ başlayıb. Azərbaycan-İran dövlət sərhədinin əhəmiyyətli hissəsi erməni işğalında idi. Artıq dövlət sərhədinə özümüz nəzarət edirik. Bu da əməkdaşlığın yeni imkanlarının yaranmasını təmin edir. Xudafərin su anbarının birgə istismarı məsələsi müzakirə olunur. Ayrıca olaraq Araz çayı üzərindən yeni körpünün salınması gündəmdədir. Bütün bunlar Azərbaycan-İran əməkdaşlığının daha sürətlə geniş istiqamətlərdə inkişafı üçün real əsaslar yaradıb. Bu əsasları Azərbaycan öz gücü, iradəsi ilə yaradıb”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, region ölkələrinin yeni əməkdaşlıq platformasının yaranması bütövlükdə bütün iştirakçıların maraqlarına cavab verir:
“Nəqliyyat kommunikasiyaların sistemli şəkildə inkişaf etdirilməsi regionun geosiyasi, geoiqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu ilk olaraq Türk dünyasında kommunikasiya əlaqələrində ciddi keyfiyyət dəyişikliyi edəcək. 10 noyabr bəyanatında Naxçıvanla Azərbaycan arasında nəqliyyat kommunikasiyanın yaranması öz əksini tapıb. 11 yanvar bəyanatı da regionda nəqliyyat, iqtisadi layihələrin icrasını özündə ifadə edir. Bu, Azərbaycanın strateji maraqlarına tam uyğundur. Proseslər Azərbaycan dövlətinin və Prezidentinin istəklərinə uyğun və ölkəmizin nəzarəti altında davam edir”.