29 Yanvar 2021 20:35
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Köçəryan bir sıra məqamlarda Paşinyanı açıq şəkildə təhqir edir. Eyni zamanda, Paşinyanı “xəyanətkar” və Ermənistanın İkinci Qarabağ müharibəsində kapitulyasiyasında bilavasitə baiskar kimi göstərməyə çalışır. Habelə, Paşinyanın “Türkiyə agenti” ola biləcəyinə işarə vurur. Bu isə Köçəryanın ciddi siyasi mübarizəyə başladığına dəlalət edir. Amma Köçəryanın şansı deyilənlərə rəğmən, o qədər də yüksək deyil”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistanın eks- prezidenti Robert Köçəryan öz komandası ilə ehtimal olunan erkən seçkilərə qatılacağını açıqlayıb. Sizcə, cəmiyyət bu qayıdışa imkan verəcəkmi?

- Robert Köçəryan Ermənistanın ikinci prezidenti olması ilə yanaşı, həm də özünü ölkədə ikinci şəxs sayır. Ermənistan müxalifətinin vahid namizədi, keçmiş müdafiə naziri, 74 yaşlı Vazgen Manukyandır. Vazgen Manukyan Robert Köçəryanla müqayisədə zəif və demək olaraq ki, xarizmadan tamamilə məhrum olmuş bir şəxsdir. Köçəryan bu açıqlamanı bilərəkdən verib. O, əsasən iki amilə əsaslanır. Birincisi, Rusiya ilə çox yaxın əlaqələrindən istifadə etmək istəyir. İkincisi, Ermənistan Baş naziri Nikol Paşinyanın düşdüyü ağır vəziyyətdən bəhrələnmək niyyətindədir.

Ermənistan cəmiyyətində Köçəryana münasibət birmənalı deyil. Ola bilsin ki, paytaxt İrəvandakı seçicilərin 30-35 faizi ona səs versin. Amma Ermənistanın əyalətlərində Köçəryana ciddi nifrət var. Çünki Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanı hakimiyyətə gətirən bilavasitə Köçəryan olub. Köçəryanın hakimiyyəti dövründə müdafiə naziri olmuş Serj Sərkisyan sonra baş nazir postunu tutdu, daha sonra onun sələfi və xələfi qismində iqtidarın başına gətirildi.

Köçəryanın şanslarına gəldikdə, hər şey Paşinyanın qarşıdakı parlament seçkiləri ilə bağlı konstitusiyaya dəyişiklik edib-edə bilməməsindən asılı olacaq. Paşinyanın konstitusiyanın 92-ci maddəsinə əlavə və dəyişikliklər edərək, Ermənistan parlamentindəki deputatların dördə iki hissəsi səs verəcəyi təqdirdə, baş nazirin seçilməsinin legitimləşdirilməsi maddəsini konstitusiyaya daxil etmək istəyir. O, bununla baş nazir postundan kənarlaşdırılandan sonra rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasından olmayan şəxsin bu vəzifəyə seçilməsinin qarşısını almağa çalışır. Köçəryan isə buna imkan vermək istəmir. Köçəryanın müsahibəsində səsləndirdiyi bir sıra fikirlər də buna dəlalət edir.

Köçəryan bir sıra məqamlarda Paşinyanı açıq şəkildə təhqir edir. Eyni zamanda, Paşinyanı “xəyanətkar” və Ermənistanın İkinci Qarabağ müharibəsində kapitulyasiyasında bilavasitə baiskar kimi göstərməyə çalışır. Habelə, Paşinyanın “Türkiyə agenti” ola biləcəyinə işarə vurur. Bu isə Köçəryanın ciddi siyasi mübarizəyə başladığına dəlalət edir. Amma Köçəryanın şansı deyilənlərə rəğmən, o qədər də yüksək deyil. İndi onu reklam edən dəstəkçiləri sosial şəbəkələr və Teleqram kanallarındadır. Həmin Teleqram kanallarının tam əksəriyyəti Ermənistandan idarə olunmur, Rusiyada yerləşir. Rusiyanın da marağı Paşinyanın Köçəryana qurban verilməsi ilə bağlı deyil.

- Ermənistanda fəaliyyət göstərən “Sasna Çrer” qrupu Baş nazir Nikol Paşinyanı ölümlə hədələyib. Baş nazir üçün belə bir təhlükə nə qədər realdır, ona qarşı olanlar belə bir addım ata bilərmi?

- “Sasna Çrer” üzvləri özlərini “partiya” adlandırsalar da, “Dağ qartalları” adlanan bu yaramazlar və onların başında duran Jirayr Sefilyan Paşinyanın siyasi rəqiblərindən biridir. Ümumiyyətlə, Ermənistanın siyasət tarixində rəqibi fiziki cəhətdən məhv etmək hədəsi adi bir şeydir. Yəni Ermənistan tarixində görünməmiş bir şey deyil. Jirayr Sefilyanın bəyanatına gəldikdə, o, tək deyil. “Hadrut batalyonu”nun birinci komandiri olmuş Vaaqn Badasyan da dünən Yerablurda jurnalistlərə açıqlamasında bəyan etmişdi ki, Paşinyanı öldürməyə - məhv etməyə hazırlaşır. Ermənistan Milli Təhlükəsizlik Xidməti bu açıqlamadan sonra Badasyanı həbs edib. Sefilyanın da həbsi istisna deyil.

Bir sözlə, Paşinyana qarşı sui-qəsd ola bilər. Yenə də deyirəm: Ermənistanda siyasi rəqiblərə qarşı terror adi bir şeydir.

- Görünən budur ki, daxildəki siyasi rəqiblərin bir-birinə qarşı ritorikası həddindən artıq sərtdir, açıq hədələr dilə gətirilir. Bu fonda yaxın gələcəkdə Ermənistanı nə gözləyir?

- Yaz aylarında Ermənistanda daxili qarşıdurma həddindən artıq güclənəcək. Paşinyanın istefası qaçılmazdır. Amma indi yox, Paşinyan minimum beş-altı ay hakimiyyətdə qalacaq. Rusiya noyabrın 10-da imzalanmış sənəddə göstərilən bəndlərin hamısının qeyd-şərtsiz yerinə yetirilməyəcəyi təqdirdə, Ermənistana qarşı ağır sanksiyaların tətbiq olunacağını istisna etməmişdi. Rusiya Xarici İşlər naziri Sergey Lavrov da bildirmişdi ki, bu bəndləri yerinə yetirməmək Ermənistanın məhvi deməkdir. Buna görə də Paşinyan yalnız həmin bəndlərin hamısını yerinə yetirdikdən sonra gedə bilər.

Hesab edirəm ki, yaz aylarında Ermənistanda ciddi qarşıdurmalar, küçə aksiyaları olacaq. Yalnız bundan sonra Paşinyanın devrilməsini istisna etmirəm.

- Gündəmdə olan maraqlı iddiadan biri də İŞİD terror təşkilatının yenidən ortaya çıxması ilə bağlıdır. Xarici mediada sabiq prezident Barak Obama dövründə qurulan İŞİD-in Prezident Co Bayden dönəmində fəallaşacağı ilə bağlı iddia yayılıb. ABŞ yenidən “İŞİD kartı”nı masaya ata bilərmi?

- Buna inanmıram. “İŞİD kartı” bir dəfə vurulub. Hələ ki, dünya terror tarixində bir dəfə “vurulan” təşkilatın yenidən bərpa edilməsi halı olmayıb. İŞİD qarşısına qoyulan tapşırıqların hamısını artıqlamasıyla yerinə yetirib. Onun qarşısına qoyulan tapşırıqlar İraqın federallaşmağa sürüklənməsi, Suriyada vətəndaş müharibəsinin qızışdırılması və digər məqsədlər idi. Əlbəttə, İŞİD özbaşına yaranmamışdı. Bu terror təşkilatı kənardan idarə olunurdu, maddi-texniki dəstək bir çox ölkələr tərəfindən verilirdi. Amma indi İŞİD-in yenidən reinkarnasiyası və ya təzədən doğulması mümkün deyil.

Hazırda İŞİD parçalanmış hücrələr şəklində fəaliyyət göstərir. İŞİD “Əl-Qaidə” üslubunu seçmiş terror təşkilatıdır. Ola bilsin ki, İŞİD-in bərpası adı altında yeni generasiya – yeni nəsildən olan terrorçular gətiriləcək və onların qarşısına tamamilə yeni geosiyasi və geotaktiki hədəflər qoyulacaq. Yeni terrorçular isə həm İŞİD, həm də “Əl-Qaidə”dən çox fərqlənəcəklər.

- Bəs kürd məsələsi yenidən gündəmə gələ bilərmi? Bu sualı da o yaradır ki, Bayden YPG terror təşkilatına hərbi dəstək verən generallar - Bred Makqruk və Lloyd Ostin kimi şəxslərə öz komandasında yenidən yer verib. Habelə, YPG-nin siyasi dəstəkçiləri Entoni Blinken və Ceyk Sallivan da yeni prezidentin komandasında yer alıblar.

- PKK, YPG, PYD və digər terror təşkilatları, habelə İranın mövcud hakimiyyətini terror yolu ilə devirməyi qarşısına məqsəd qoyan “Xalq Mücahidləri” adlı bir qruplaşması həmişə ABŞ tərəfindən dəstəklənib. Bu proses bundan sonra da aktiv şəkildə davam edəcək. Çünki Suriyadakı kürdlər bu ölkənin mərkəzi hakimiyyəti ilə yanaşı, Çin, Rusiya və İrana qarşı siyasi mübarizədə Qərbin əlində bir alətdir.

Suriya və İraqdakı kürdlərin birləşərək “Rojava” adlı bir idefksi gerçəkiləşdirmələri mümkün deyil. Region dövlətləri buna imkan verməyəcəklər. Amma “kürd kartı” həmişəki kimi yenidən masada olacaq, həmişə də masada olub. Böyük dövlətlər də kürdlərin bu fəaliyyətlərindən onların yaşadıqları dövlətlərə qarşı təsir rıçağı kimi istifadə ediblər. Buna görə də Bayden dönəmində “demokratiya ixracı” taktikasının yenidən həyata qaytarılacağını nəzərə alsaq, şübhə etmirəm ki, Suriya və İraq, eləcə də İranda kürd terror təşkilatlarının yenidən aktivləşdirilməsi gündəmə gətirilsin və onların bu fəallığına dəstək verilsin.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər