29 Yanvar 2021 21:00
2 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda hakimiyyət qapıları Robert Köçəryan və Serj Sərkisyanın üzünə birdəfəlik bağlanıb”

Teleqraf.com hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovla müsahibəni təqdim edir:

- Rüstəm müəllim, Ermənistanın ikinci prezidenti Robert Köçəryan yenidən sükutu pozaraq erməni mediasına verdiyi açıqlamalarda hakimiyyət uğrunda mübarizə iddiasından vaz keçmədiyini, mübarizə aparacağına və bunun üçün onda vacib olan resursların olduğunu elan etdi. Yaxın gələcək üçün onun siyasi addımları nədən ibarət ola bilər?

- Robert Köçəryan əslində siyasi baxımından “ölü” fiqurdur. Ermənistan cəmiyyəti onu qəbul etmir. Bir müddət əvvəl Baş nazir Nikol Paşinyan onu həbs edərkən erməni cəmiyyəti səsini belə çıxarmadı. Minlərlə insanın küçələrə axışaraq Köçəryana dəstək verdiyinin şahidi olmadıq. Əvəzində Moskva onu müdafiə etməyə başladı. Bu mənada erməni xalqının Köçəryana müsbət yanaşması yoxdur. Köçəryanla bağlı istənilən mənfi aksiyanın baş verməsi erməni cəmiyyəti üçün yenilik olmayacaq. Köçəryan istəsə də, istəməsə də özünü aktivləşdirə bilməyəcək.

- Bu halda yenidən ortaya çıxaraq özünü cəmiyyətə təqdim etməsi nə ilə bağlıdır?

- Fikrimcə, Köçəryan Rusiyanın diqqətini cəlb etmək üçün çalışır. Cəhd edir ki, erməni cəmiyyəti Nikol Paşinyandan incik olduğuna görə, bunu siyasi fiqur, ölkəni irəli apara biləcək siyasi xadim kimi qəbul etsin. Bu isə baş tutan məsələ deyil. Köçəryan və Serj Sərkisyan siyasi fiqur kimi “ölüdür”, erməni cəmiyyətinə lazım olmayan zərərli ünsürlərdir.

- Demək istəyirsiniz ki, Ermənistan hakimiyyətinin qapısı bu şəxslərə bağlıdır?

- Birmənalı bağlıdır. Onların son 20 ildə erməni cəmiyyətinin başına açdığı oyunlar yaddan çıxmayıb. Bu mənada erməni cəmiyyəti bu siyasətçiləri hamıdan yaxşı tanıyır.

Bəli, Nikol Paşinyanın reytinqi əvvəlki illərlə müqayisədə zəifləyib. Bu da başadüşüləndir. Çünki Azərbaycan Ordusu Ermənistan üzərində inamlı qələbə çalıb. Əgər İrəvanda Nikol Paşinyanı devirmək mümkün olsa, ortaya yeni fiqurlar çıxacaq. Ancaq bunlar heç bir halda Robert Köçəryan və ya Serj Sərkisyan olmayacaq. Digər tərəfdən, Paşinyanı devirmək mümkün olduğu təqdirdə ortaya çıxacaq yeni fiqurların adları indi heç kimə bəlli deyil. Ancaq mənə elə gəlir ki, Nikol Paşinyanın əlində çox ciddi arqument var.

Müharibə başlayandan dərhal sonra Nikol Paşinyan gəlib parlamentdə çıxış etdi, açıq bildirdi ki, əgər müharibənin dayandırılmasını istəyirsinizsə, Dağlıq Qarabağın statusu mövzusunda müzakirələrə başlayaq. Ermənistan parlamenti isə buna "yox" dedi. Nəticədə Ermənistan müharibəni uduzdu. İndi Nikol Paşinyanın arqumenti bu mənada əsaslı görünür. Paşinyanın dili uzundur, müəyyən erməni siyasi təşkilatları onu qəbul etməsə də, Paşinyanın arqumentləri əsaslıdır.

- Ermənistanda revanşist meyllərin müşahidə olunduğu yenilik deyil. Bu mənada erməni cəmiyyəti mövcud reallığı qəbul edəcəkmi, yoxsa hələ uzun müddət bu ölkə daxilində dartışmaları müşahidə edəcəyik?

- Erməni cəmiyyəti bu dəqiqə nə istədiyini bilmir. Bəli, onlar arzu edirdi ki, Rusiya açıq şəkildə onların tərəfində dursun. Ancaq Prezident Putin açıq şəkildə onları müdafiə etmədi. Məncə, indi İrəvan ümidlərini daha çox Amerikaya bəsləyir. ABŞ-da ermənipərəst Bayden hökumətinin onları dəstəkləyəcəyi, kömək edəcəyi, maddi yardım göstərəcəyini düşünürlər. Fikrimcə, bu da uydurma və əsassız ümidlərdir. Erməni cəmiyyətinin arzuları mənasız xülyalardan ibarətdir. Erməni cəmiyyətinin dünyaya, bəşəriyyətə verəcəyi müsbət heç nə yoxdur, amma istəyəcəkləri həddən artıq çoxdur. Bu isə heç cür qəbul edilmir.

Məncə, Ermənistanda situasiya bir müddət indiki formada davam edəcək. Başqa sözlə, geniş dəstəyə malik olmayan müxalifətlə Nikol Paşinyan qarşı-qarşıya duracaq. Sonda isə Paşinyan müxalifətə qalib gələcək, onu üstələyəcək.

- Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşüb bölgədə kommunikasiya xətlərinin blokdan çıxarılmasını müzakirə edəcək. Bu görüşdən hansı gözləntiləriniz var?

- Aydındır ki, hər üç dövlət bölgədə kommunikasiyaların açılmasını qəbul edib. Bununla bağlı həm 10 noyabr bəyannaməsində, həm də 11 yanvar görüşünün nəticəsinə dair bəyanatda qeyd olunub. Yəni Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi bölgədə kommunikasiyaların açılmasını qəbul edib. İndisə bu konsepsiyasının icrası üçün müzakirələr başlanılır. Hesab edirəm ki, bu konsepsiyanın alternativi yoxdur. Odur ki, erməni cəmiyyəti arzu etməsə belə, fakt qarşısında qalaraq kommunikasiyaların açılmasına izin verəcək.

Əlbəttə, kommunikasiyalar dərhal açılmayacaq. Bunun üçün müəyyən işlərin görülməsi lazım gələcək. Amma kommunikasiyalar açıldıqdan sonra erməni cəmiyyəti maliyyə imkanları əldə etdikcə sakitləşəcək və yerinə oturacaq. Beləcə reallıqla barışacaqlar.

- Maraqlıdır, ABŞ hökuməti Cənubi Qafqazda son 30 ildə bağlı qalmış kommunikasiya xətlərinin açılmasını necə qarşılayacaq?

- Bilirsinizmi, ABŞ administrasiyasının hazırda regiona girişi-çıxışı yoxdur. Ona görə də, kommunikasiya mövzusunda heç kim ABŞ-ın fikrini soruşmur. ABŞ-ın sonradan bu prosesdə fəallaşa biləcəyini də güman etmirəm. Həm də fəallaşıb nə edəcək? ABŞ harada, Cənubi Qafqaz harada? Cənubi Qafqaz daha çox Rusiyanın təsiri altında olan regiondur. Rusiya da bura Amerikanı buraxmayacaq, buraxmaq da istəmir. Bu, birmənalıdır.

- İran Xarici İşlər naziri Cavad Zərif Bakı, Moskva, İrəvan, Tiflis və Ankarada səfərdə olub. Bölgə turuna çıxan İran xarici siyasəti nə istəyir?

- İran xarici siyasəti regional oyunçuya çevrilmək istəyir. Amma bu, çətin məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin “müsəlman dövlətləri hara baxır, müsəlman məbədləri Ermənistan tərəfindən təhqir olunur” açıqlaması əhəmiyyətli açıqlama oldu. Bundan sonra İran narahat oldu. Başqa əlacları yoxdur. İran aktivləşir ki, heç olmasa regional oyundan kənarda qalmasın. Əlbəttə, regionun altı ölkəsinin əməkdaşlıq platformasına başlamasına dair təkliflər var. Ancaq bu, zamanla həll olunmalıdır. İndiki halda İran bölgədə baş verən proseslərdən kənarda qaldığına görə narahatlıq keçirir. Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi bölgədə situasiyanı kökündən dəyişib.

- Ermənistan-Türkiyə münasibətlərinin perspektivləri tədricən gündəmə daşınır. Hazırda Ermənistanda buna qarşı dirəniş özünü göstərir. Siz bu münasibətlərin gələcək imkanlarını necə qiymətləndirirsiniz?

- Türkiyə-Ermənistan münasibətləri birbaşa Ermənistan-Azərbaycan münasibətlərindən asılı olacaq. Bu məsələdə Ermənistan faktoru daha çox Azərbaycana bağlıdır. Türkiyə Azərbaycanın qardaşıdır və sona qədər də bu yolu gedəcək. Mən hələlik Türkiyə-Ermənistan sərhədlərinin açılmasını görmürəm. Ermənistan siyasəti sərhədlərin tezliklə açılacağından xəbər vermir.

- 10 il əvvəl Ermənistan və Türkiyə arasında Surixdə əlaqələrin bərpası məqsədilə iki protokol imzalanmışdı. O zaman ABŞ-da hakimiyyətdə olan demokratlar nəyin bahasına olursa-olsun sərhədlərin açılmasına çalışırdı. İndi demokratların ABŞ-da hakimiyyətə gəldiyini nəzərə alaraq Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına çalışa bilərlərmi?

- ABŞ Türkiyəyə təsir edə bilməz. Türkiyə və Rusiya arasında əməkdaşlıq var və ABŞ faktoru bir qədər kənarda qalıb. Sərhədlərin açılması daha çox Ermənistandan asılı olan məsələdir. Bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, normal qonşuluq münasibətlərinə başlamağa hazır olduğunu nümayiş etdirməlidir.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər