3 Fevral 2021 21:00
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının qış sessiyasında artıq tamamilə başqa bir psixoloji durumda iştirak edib. Sessiyada öz sərhədlərini bərpa etmiş bir dövlətin təmsilçiləri kimi iştirak etdik. Bu, böyük bir qələbədir. Bu qələbənin nə dərəcədə əhəmiyyətli olduğunu biz ölkənin daxilində də hiss edərik. Xaricdə Qələbəmiz tamamilə yeni bir müstəvidə dərk olunur. İstər-istəməz kənarda da Azərbaycan nümayəndə heyəti olaraq davranışlarımız dəyişir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Deputat bildirib ki, Azərbaycana qarşı olan bütün davranışlar da dəyişib:

“Bu dəyişkən münasibətlər iki istiqamətdə xarakterizə olunur. İlk növbədə ölkələr və onların nümayəndələri tərəfindən hörmət, rəğbət daha da artıb. Beynəlxalq səviyyədə Azərbaycan tərəfindən bu regionda yaradılan sülhə görə ehtiram çoxalıb. Azərbaycanı illər boyu istəməyən, işğalın hansısa bir formada səbəbkarı olan, ermənilərə dəstək olanlar qısqanclıqla, öz psixologiyalarını revanşizmə əsaslanaraq təqdim etməyə çalışırlar. Bu hansısa bir formada başa düşüləndir. Amma Qərb mediası və beynəlxalq təşkilatlarda bu məsələlər özünə əsas tapır. Çünki bu gün revanşist qüvvələr mövcuddur. Bu qüvvələr yalnız Ermənistanda deyil. Hazırda Ermənistan məhv olmuş durumdadır. Onun hansısa bir müqavimətə immuniteti yoxdur”.

Səməd Seyidov erməni kartından istifadə edib Azərbaycana təzyiq etmək istəyən qüvvələrin də mövcudluğundan bəhs edib:

“Hətta bundan istifadə edib regionda öz nüfuzunu bərpa etməyə çalışanlar da var. Bunu inkar etmək mümkün deyil. Bu konteksdə İslam dünyasına qarşı mübarizə aparmaq niyyətində olanlar da az deyil. Müasir tarixdə İslam dünyası da bu müharibədə Azərbaycana açıq dəstək oldu. Burada hansısa bir ayrı seçkilik, dini mənsəb fərqi hiss olunmadı”.

Millət vəkili qeyd edib ki, Avropada islamafobiyanın baş alıb getdiyi bir vaxtda Azərbaycan İslam dünyasının tərkib hissəsi olaraq, Qərb dəyərlərini bu regiona gətirərək, faktiki olaraq Samuel Hantinqtonun "sivilizasiyaların toqquşması" nəzəriyyəsinə zərbə vurub:

”Bu qəribə səslənsə də reallıqdır. Müharibə baş verdi. Azərbaycan öz qələbəsi ilə Şərqlə Qərbi birləşdiməyə nail oldu. Azərbaycan erməni xalqına qarşı mübarizə aparmadı. Hətta erməni xalqını faşizm ənənələrindən xilas etməyə çalışdı. Azərbaycan bu addımı ilə sivilizasiyaları da birləşdirdi. Tarixdə misli görünməyən addım atıldı. Bunu qəbul etməyən qüvvələr tək Ermənistanda deyil. İdarə olunan xaos nəzəriyyəsinə uyğun olaraq addımlar atılır. Ötən gün Avropa Parlamentinin qəbul etdiyi bəyanat da heç xoşagələn deyil. Bu faktlar göstərir ki, belə qüvvələr hələ mövcuddur”.

S.Seyidov mübarizənin davam etdiyini və qələbənin yaratdığı reallığa qarşı çıxanlar zərərsizləşdirilənə qədər prosesin davam etməsinin vacibliyini əlavə edib:

“Beynəlxalq qanunu alət kimi istifadə edərək dövlətləri çökdürüb, insanları rəzil edib, ciddi təzyiq altında qoyub, neokolanalizm siyasətini yenidən dirçəltmək niyyətində olanlar var. Ona görə də təzyiqlər artacaq. Erməni fazişminə, xüsusən də Qərb dünyası tərəfindən ölkələri siyasi cəhətdən zəbt edərək demokratiya adı altında müstəmləkə kimi idarə etmək istəyən qüvvələrə qalib gəlmişik. Onların sakitləşməsi də hələ görünmür. Bu yaxınlarda yenidən çirkin addımların atılması gözlənilir. Avropa Şurasında Azərbaycan tərəfi bu cəhdlərin qarşısını ciddi şəkildə alıb. Azərbaycanın maraqları naminə ciddi bir sədd yaradılıb. Amma səddin o biri tərəfində qüvvələr yığılır. Hansısa formada özlərini göstərməsi mümkündür. Bunlar olana qədər sakit dayanmaq olmaz. Daha güclü səmərəli fəaliyyət növü seçilməlidir ki, zərbəmizlə yerlərində otursunlar".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər