5 Fevral 2021 08:59
2 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyev Teleqraf.com-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik.

– Fərid müəllim, fevralın 1-də Azərbaycan Televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb. Cənab prezident müsahibə zamanı hazırda dünyada koronavirusa qarşı vaksinasiya prosesində müşahidə olunan neqativ hallara, xüsusilə zəngin ölkələr arasında mövcud olan ixtilaflara da münasibət bildirib. Dövlət başçımız bu kontekstdə Böyük Britaniya və Avropa İttifaqı arasında yaşanan ziddiyyətlərdən, həmçinin, Kanadanın 38 milyon əhalisi olduğu halda 154 milyon əhali üçün vaksinlər sifariş verməsindən danışıb. Prezident İlham Əliyev Kanadanın Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgilədiyini, işğalçıları dəstəklədiyini, bizim haqq işimizə kölgə salmaq istədiyini və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoyduğunu xatırladıb. Siz Kanadanı yaxşı tanıyırsınız, beş il bu ölkədə Azərbaycan Respublikasının səfiri olmusunuz. Ona görə də sizdən soruşmaq istəyirəm: Kanadanın Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe tutmasına səbəb nə idi?

– Ümumən götürdükdə biz görürük ki, bir sıra Qərb ölkələri, məsələn Fransa, ABŞ Vətən müharibəsi zamanı ermənipərəst mövqe sərgiləyiblər. Yəni Kanada burada istisna deyil. Xüsusilə qeyd etmək lazımdır ki, 2019-cu ildən bu ilin yanvarınadək, yəni Vətən müharibəsi dövründə də Kanadanın xarici işlər naziri olan Fransua-Filipp Şampan Kvebek əyalətindəndir. Kvebekdə güclü erməni lobbisi mövcuddur, erməni diasporunun nümayəndələrinin çox hissəsi məhz bu əyalətdə yaşayır. Necə ki, məsələn Kaliforniyada bir yer var, ona “Kiçik Ermənistan” (“Little Armenia”) deyirlər. Kaliforniyadan olan bir çox konqresmen və senator ermənipərəst mövqedən çıxış edir. Həmin mənzərəni biz Kanadada da müşahidə edirik.

Mən Kanadada səfir olarkən orada Mühafizəkar Partiya hakimiyyətdə idi. Düzdür, orada erməni meyillilər var idi, onlar xüsusilə Türkiyəyə qarşı çıxışlar edirdilər. Kanada parlamenti qondarma erməni soyqırımını tanımaqla bağlı 1996, 2002 və 2004-cü illərdə olmaqla 3 dəfə qətnamə qəbul edib. Yəni bu ölkədə həmişə belə meyillər var idi. Amma eyni zamanda bunu da qeyd etmək lazımdır ki, ermənilər müharibənin sonuna yaxın Kanadada daha bir cəhd etmişdilər. Onlar Senatda qətnamə qəbul etdirmək istəyirdilər. Qətnamədə Kanada hökumətinə qondarma “dqr”i tanımağa çağırış edilməli idi. Bu qətnamə keçmədi. XİN-in və digər qurumların bəyanatlarına baxmayaraq müəyyən tarazlaşdırıcı qüvvələr də var. Ona görə də praktiki heç bir addım atılmamışdı və heç gözlənilmir.

Ümumən mənzərə belədir ki, Kanadanın bizim regionda heç bir rolu yoxdur, səfirlikləri mövcud deyil. Burda erməni diasporu faktı var. Eyni sözləri biz Avstraliya İttifaqı ilə bağlı da deyə bilərik. Bu günlərdə Avstraliyanın bir əyaləti hökumətə qondarma “dqr”i tanımaqla bağlı çağırış etdi. Avstraliya da bizdən min kilometrlərlə uzaqda yerləşir. Orada Yeni Cənubi Uels əyaləti var. Orada da ermənilər çoxluq təşkil edir. Bu baxımdan Kanada və Avstraliya ilə bağlı mənzərələr oxşardır. Yəni Kanadanın ermənipərəst mövqeyini bu cür izah etmək olar.

– Kvebek əyalətinin adını çəkdiniz, bu əyalətdə fransızdilli əhali mütləq çoxluq təşkil edir. Ola bilərmi ki, kanadalılar bununla həm də Fransa ilə həmrəylik nümayiş etdirmək istəyiblər. Üstəlik, Kanada və Fransa Beynəlxalq Frankofoniya Təşkilatının üzvləridir. Bu da maraqlıdır ki, Ermənistan fransızdilli ölkə olmamasına rəğmən bu təşkilatın yeganə üzvüdür. 2018-ci ilin oktyabrında İrəvanda Frankofoniya Təşkilatının XVII sammiti keçirilmişdi. Sammitdə Kanadanın baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdi.

– Bəli, siz düzgün qeyd edirsiniz. Bütün bu amillər hamısı var. Trüdo özü də frankofondur. Odur, Trüdonun fotosu ordadır (Fərid müəllim bunu deyərək səfir işlədiyi dövrdə Castin Trüdo ilə çəkdirdiyi və divara bərkidilmiş rəfdəki çərçivəyə yerləşdirilmiş fotonu göstərir).

– Hə, eləmi?

– O vaxt Trüdo Kanada parlamentinin aşağı palatası olan və daha çox səlahiyyətə malik İcmalar Palatasının (House of Commons of Canada) üzvü idi. Mən onunla görüşmüşdüm. Bu foto da həmin vaxt çəkilib. Onu da deyim ki, Castin Trüdonun atası Pyer Elliot Trüdo 16 il (1968-1984-cü illərdə) Kanadanın baş naziri olub.

Bilirsiniz ki, Kanadada parlament sistemidir. Deputatlar eyni vaxtda həm də nazir təyin olunurlar. Düzdür, Trüdonun başçılıq etdiyi Liberal Partiya o vaxt müxalifətdə idi. Görüş zamanı açıq şəkildə dedi ki, mənim dairəmdə həm türklər və azərbaycanlılar, həm də ermənilər var və mən balanslı şəkildə mövqe saxlayıram. Trüdo türklərin də tədbirlərində iştirak edirdi.

– Bəs baş nazir kimi niyə balanslı mövqe nümayiş etdirmədi?

– Yenə qeyd etmək istəyirəm ki, ola bilsin bu bəyanatlar Kanada xarici işlər nazirinin bir qədər də öz təşəbbüsüdür.

– Belə deyək, özfəaliyyətinin nəticəsidir…

– Demək olar.

– Trüdo ilə fotonuzda Kanada baş nazirini ilk baxışda tanıya bilmədim. Prezident Miloş Zemanı isə dərhal tanımaq olur…

– Hə, indi Trüdonun xarici görkəmi dəyişib, saqqal saxlayır.

– Yeri gəlmişkən, Zemanla fotonuz yəqin ki, Çexiyada səfir olduğunuz dövrdə ona etimadnamənizi təqdim edərkən çəkilib…

– Bəli. Üçüncü foto isə Kanadanın ilk qaradərili general-qubernatoru, Haiti əsilli Mikael Janla çəkilib. Mən Kanadada səfir təyin edildikdən sonra – 2009-cu ildə Mikael Jana etimadnaməmi təqdim etmişəm.

– Yəni Kanada dövlətinin başçısı olan Böyük Britaniya kraliçasının nümayəndəsi...

– Hə, Britaniya kralı və ya kraliçası Kanadada rəsmən, kağız üzərində dövlət başçısıdır.

– Bəs digər fotolardakılar kimdir?

– Əsas 3 fotodur. Qalanları Kanadanın müxtəlif rəsmi şəxsləridir.

– Hər halda onların da kimliyini açıqlasanız yaxşı olar..

– Əgər maraqlıdırsa, deyə bilərəm. Dördüncü fotodadakı xanım Jandan sonra general-qubernator təyin edilən Devid Lloyd Constondur. Mən onunla sadəcə görüşmüşəm. Beşinci fotodakı Senatın, altıncı fotodakı İcmalar Palatasının spikeridir. Özü də ən uzun müddətli spikeridir. Səhv etmirəmsə, 17 il spiker olub.

– Zemana da qalmaqallı siyasətçi deyə bilərik…

– Hə. Bu yaxınlıqda yenə bir bəyanat verib. Aleksey Navalnı ilə bağlı. Deyib ki, Navalnı nə vaxtdan demokrat olub, o, irqçidir. Krım məsələsində millətçi mövqedən çıxış edib. Doğrudan da elədir. Navalnı vaxtilə – 10 il bundan əvvəl Cənubi Qafqazla bağlı da oxşar mövqe sərgiləyib.

– Bu diplomlarla bağlı da məlumat verin zəhmət olmasa…

– Bu mənim Ottavada yerləşən Karlton Universitetindən tarix üzrə fəlsəfə elmləri doktoru diplomumdur. O biri isə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr diplomumdur. Bir də kitablarımdır. Üç kitabım var. Biri doktorluq işimin əsasında olan kitabdır. Digər kitablarımın birini Çexiyada, digərini Almaniyada buraxmışam.

– Doktorluq işinizin mövzusu nə olub?

– Rus və sovet köçürülmə siyasəti və Cənubi Qafqazda etnik münaqişə. Əsasən çar Rusiyası tərəfindən XIX əsrin əvvəlində ermənilərin bizim bölgəyə köçürülməsi ilə 1948-53-cü illərdəki köçürülmələri müqayisə etmişəm. Göstərmişəm ki, çar Rusiyası və sovet Rusiyasının siyasəti eyni müstəmləkəçilik siyasəti idi. Düzdür, ideologiyaları ayrı idi: biri monarxiya, digəri kommunizm. Amma bizim üçün mahiyyəti eyni idi.

– Bəs onlar nə vəsiqələrdir?

– Onlar cənab prezidentin, Xarici İşlər Nazirliyinin məni təltif etdikləri medalların vəsiqələridir.

– Fərid müəllim, Kanada ilə 9 min kilometr uzunluğunda sərhədə malik olmaqla dünyada ən uzun ümumi sərhəd xəttini təşkil edən ABŞ-a keçid alaq. Dünyanın superdövlətində yeni administrasiya formalaşıb. Cozef Baydenin seçkidə qalib gəlməsindən etibarən həm Türkiyədə, həm də Azərbaycanda onun bu ölkələrlə bağlı siyasətinin necə olacağı müzakirə edilir. Müəyyən narahatlıqlar var. Bu da təsadüfi deyil. Bayden tez-tez erməni lobbisinin maraqları naminə fəaliyyət göstərib və 1995-2007-ci illərdə ABŞ Konqresinin erməni məsələləri üzrə İşçi Qrupunun üzvü olub. O, Azərbaycan əleyhinə 907-ci düzəlişin qəbul edilməsinin və 1992-2008-ci illərdə Amerikanın Ermənistana və qondarma “dqr”ə maliyyə yardımı ayırmasının lehinə səs verib. Bayden administrasiyasının Türkiyə və Azərbaycana münasibəti necə olacaq?

– Hələ ki, onlar Cənubi Qafqaza dair mövqelərini rəsmən açıqlamayıblar. Müxtəlif şərhlər var. O cümlədən, dövlət katibi Entoni Blinken 907-ci düzəlişin bərpa edilməsini gündəmə gətirir. Bütün bu məsələlərin nə ilə nəticələnəcəyini demək indi bəlkə bir qədər tezdir. Amma burda söhbət heç Baydendən də getmir. Demokratlar ənənəvi olaraq həmişə ermənipərəst mövqedən çıxış ediblər. Bill Klintonun vaxtında bu özünü o qədər də büruzə vermirdi. Klinton administrasiyası vaxtında – xüsusən 1990-cı illərin axırlarında demokratlar Azərbaycana müəyyən dəstək verirdilər. Onu da qeyd etmək lazımdır ki, o vaxt Amerikanın maraqları daha çox siyasi və enerji məsələlərinə yönəlmişdi. Şəxsən mən düşünmürəm ki, ABŞ indiki dövrdə bizə qarşı hər hansı mənfi addım atacaq. Seçkiqabağı dövrdə Amerika siyasətçiləri bir sıra şüarlarla çıxış edirlər. Hətta Donald Tramp da Vətən müharibəsi dövründə Nyu-Hempşirdə ermənilərlə bağlı şərhlər vermişdi. Demişdi ki, ermənilər yaxşı insanlar, yaxşı biznesmenlərdir və sair. Yəni bu, seçkiqabağı kampaniyadır, seçki bitəndən sonra reallıq başlayır.

Düzdür, ilkin şərhlərdə vurğulanır ki, ABŞ Cənubi Qafqazda daha fəal siyasət aparmağa çalışacaq. Faktiki olaraq Barak Obama administrasiyasından başlayaraq və Trampın vaxtında ABŞ Cənuni Qafqazı demək olar ki, tərk edib. İndi onun qayıdışının necə olacağını demək çətindir. Bir çox məsələlər ABŞ-Türkiyə və ABŞ-Rusiya əlaqələrinin inkişafından asılı olacaq. ABŞ-Rusiya əlaqələri çox güman ki, gərgin olacaq, gərginləşəcək. Artıq bunu proqnozlaşdırmaq olar. Burada Navalnı ilə bağlı məsələ də var. Gözlənilir ki, bununla bağlı müəyyən addımlar atılacaq. Ancaq ABŞ-Türkiyə münasibətlərinin necə inkişaf edəcəyini demək bir qədər çətindir. Burada S-400 faktoru var. ABŞ tələb edir ki, Türkiyə S-400-lə bağlı müvafiq addım atsın. Digər tərəfdən ABŞ bəyan edib ki, NATO-nu gücləndirəcək. Türkiyənin isə NATO-da rolu böyükdür. Məsələn, Böyük Britaniya rəsmiləri bu yaxınlarda bəyan etmişdilər ki, Türkiyə NATO çərçivəsində çox vacib müttəfiqdir.

Ümumiyyətlə, Yaxın Şərqdə ABŞ-ın maraqlarının həyata keçirilməsi Türkiyənin dəstəyindən asılıdır. Burada bir problem var ki, Amerika da Türkiyənin təhlükəsizlik və digər maraqlarını nəzərə almalıdır. ABŞ Suriyada bəzi kürd hərbi birləşmələrini dəstəkləyir. Bu da təbii ki, Türkiyənin maraqlarına ziddir. Bu birləşmələrdən Türkiyənin təhlükəsizliyinə təhdid gəlir. Burada qarşılıqlı anlaşma əldə olunmalıdır. Əgər əldə olunacaqsa, təbii ki, Türkiyə-ABŞ münasibətlərinin inkişafı bizə də müsbət təsir göstərəcək. Gərginlik olsa, təbii ki, bizimlə bağlı da bundan irəli gələn hansısa fəsadlar ola bilər.

O ki qaldı 907-ci düzəlişin yenidən aktivləşdirilməsinə, onu yenidən bərpa etsələr bu, yalnız onların özünə ziyan vuracaq. Ona görə ki, biz hazırda heç bir xarici yardımdan asılı deyilik. Azərbaycan öz gücü, öz maliyyə qüdrəti hesabına ordusunu qurub, silah-sursat və hərbi texnika alıb. Heç kim onu bizə bağışlamayıb. Amerikanın bizə hərbi yardımı çox cüzidir. Bir neçə qurğular, sahil mühafizəsinin təşkili üçün bir neçə kater bağışlayıblar və sair.

– Co Baydenin özünün bu məsələlərdə mövqeyi necə ola bilər?

– Demokrat Partiyasının üzvləri arasında erməni təəssübkeşliyi çoxdur. Con Kerri 2004-cü ildə Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd idi. O, erməni diasporunun üzvləri ilə seçkiqabağı görüşlərin birində açıq-aşkar demişdi ki, Azərbaycanı avtobusun təkərləri altına atmaq lazımdır. 2013-2017-ci illərdə dövlət katibi olanda isə tamamilə başqa cür danışırdı.

– Qeyd etdiniz ki, Obama administrasiyasından başlayaraq və əsasən Trampın vaxtında ABŞ Cənubi Qafqazı demək olar tərk edib. Bunun elementləri kimi nələri qeyd etmək olar?

– Bəli. Bəzən deyirlər ki, Tramp fəal xarici siyasət aparmırdı. Bu doğrudur. Amma biz Cənubi Qafqaza nəzərə salsaq, bu cür passiv xarici siyasətin Obama administrasiyasının vaxtında başladığını görə bilərik. 2008-ci ildən etibarən bölgəyə edilən səfərlərin sayına, digər rəqəmlərə baxdıqda da bunu görmək mümkündür. Əgər 1990-cı illərlə müqayisə etsək, görərik ki, ABŞ administrasiyası çox fəal xarici siyasət aparırdı. Ümumiyyətlə, ABŞ-ın bizim bölgədəki siyasətinin 3 əsas istiqaməti var. Bunlar təhlükəsizlik, enerji və demokratiya məsələləridir. Xüsusən təhlükəsizlik və enerji məsələləri çox aktual idi. ABŞ o illərdə Bakı-Tbilisi-Ceyhan və digər layihələri fəal şəkildə dəstəkləyirdi. Kiçik Corc Buş administrasiyası vaxtında da ABŞ regionda fəal idi. Çünki ABŞ İraqda əməliyyat aparırdı və Azərbaycan o əməliyyatı dəstəkləyən 30 dövlətdən biri idi. Daha öncə – 2001-ci ildə amerikalılar Əfqanıstanda əməliyyata başlayanda da biz onlara dəstək vermişdik. Hətta şimal dəhlizi və ya şimal şəbəkə adlanan dəhliz indi də müəyyən formada fəaliyyət göstərir və Azərbaycanın üzərindən keçir. Yəni bu iki məsələdə Azərbaycan ABŞ-ı dəstəkləmişdi, Buş da buna rəğmən Azərbaycanı dəstəkləyirdi. Ümumiyyətlə, respublikaçılar adətən Azərbaycanı dəstəkləyirlər. Amma Obama administrasiyası zamanı biz bunu müşahidə etmirdik.

– Çin və Rusiya Vaşinqtonda ABŞ-ın milli təhlükəsizliyinə başlıca təhdid kimi qəbul olunur. Qarşıdakı dövrdə bu münasibətlərin daha da kəskinləşməsi gözlənilirmi?

– Bəli, çox güman ki, Rusiya ilə kəskinləşəcək. Burada şəxsi amillər də var. Demokratların fikrincə, Rusiya 2016-cı ildə ABŞ-dakı seçkilərə çox təsirli müdaxilə edib və bu müdaxilə Trampın seçkini udmasına gətirib çıxarıb. Ona görə burada bu amil də var. Bundan əlavə Co Bayden oğlu Xanterin də adının hallandığı “Ukraynageyt” qalmaqalında Rusiyanın barmağını görür. Bu da Baydenin Rusiyaya münasibəti ilə bağlı şəxsi amillərdən biridir.

Çinlə münasibətlərə gəldikdə isə paradoks ondan ibarətdir ki, Trampın Çinlə bağlı siyasəti davam etdiriləcək. Artıq amerikalı ekspertlər bəyan edirlər ki, Birləşmiş Ştatlara bir nömrəli təhdid Rusiyadan yox, Çindən gəlir.

– Mənim şəxsi düşüncəm isə bundan ibarətdir ki, demokratlar seçkiqabağı dövrdə anti-Azərbaycan və anti-türk bəyanatları verib sonra bu ölkələrlə işlədikləri kimi Rusiyanı da seçkiqabağı dövrdə kəskin tənqid etmələrinə rəğmən onunla əməkdaşlıq edəcəklər. Fikir verirsinizsə, seçkiqabağı dövrdə Bayden Rusiya ilə bağlı çox kəskin çıxışlar edirdi, amma ABŞ-ın vitse-prezidenti olduğu illərdə Rusiyaya münasibətdə radikal deyildi, hətta 2011-ci ildə prezident Dmitri Medvedyevlə görüş zamanı Rusiyanın ünvanına xoş ifadələr işlətmişdi. Bayden səlahiyyətlərinin icrasına başladıqdan indiyədək Rusiya ilə bağlı kəskin fikirlər səsləndirməyib. Üstəlik, ABŞ Rusiyanın Strateji Hücum Silahlarının qadağan olunması ilə bağlı təklifi ilə razılaşıb. Belə görünür ki, münasibətlər seçkiqabağı ritorikadan fərqli olacaq…

– Ola bilər. Mən hesab etmirəm ki, Azərbaycan-ABŞ münasibətlərində hər hansı pisləşmə baş versin. Mən bunu gözləmirəm. Bu məsələyə daha çox Türkiyə-ABŞ əlaqələrinin inkişafı təsir göstərəcək.

Rusiya ilə bağlı vəziyyət bir qədər fərqlidir. Mən hesab edirəm ki, orada müəyyən amillər var. Amma eyni zamanda razıyam ki, sizin dediyiniz kimi də ola bilər. Seçkiqabağı kampaniya zamanı çox söz deyirlər, hakimiyyətə gələndən sonra ayrı cür davranırlar. Ancaq burada ABŞ tərəfindən müəyyən addımlar atılacaq. Baxaq görək, həmin addımlar nədən ibarət olacaq.

– Bundan sonrakı suallarımız bilavasitə öz ölkəmiz və regionumuzla bağlıdır. Müharibə başa çatıb, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərinə başlayıb. Regionda kommunikasiyaların açılması istiqamətində əməli işlər gedir. Buna baxmayaraq kiçik ərazidə olsa da separatçı rejimin tör-töküntüləri, hərbçiləri qalmaqdadır. Bundan sonrakı proseslər necə olacaq? Bu məsələlər necə tənzimlənəcək? Bütövlükdə regionun gələcəyini necə görürsünüz? İstəyirəm ki, siz regionun gələcəyi ilə bağlı oxuculara aydın baxış təqdim edəsiniz…

(Ardı var)


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər