Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycanın sosial-iqtisadi, dövlətçilik həyatının yeni dövrü başlayıb. Bu, dövlətimiz üçün intibah dövrüdür. Artıq modernləşmiş dövlət quruculuğu mərhələsi başlayıb. Cənab Prezident də çıxışlarında yeni dövrün başlamasının anonsunu verib. Ona görə də dövlət başçısı yeni dövrün memarı kimi tarixə düşüb.
Bunu Teleqraf.com-a Milli Məclisin sosial siyasət komitısinin sədri, miullət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, yüksək sürətlə inkişaf edən dünyada, artıq 4-cü sənaye inqilabı dövrünü yaşanır:
“Artıq “Ağıllı şəhərlər”, “ağıllı kəndlər”, müasir idaretmə dövrüdür. Süni intellekt dövrünün imkanlarından istifadə olunur. Yeni tikilən, qurulan nə varsa, bu günün tələblərinə, sabahın ehtiyaclarına uyğunlaşdırılır. Məhz ölkəmizdə də cənab Prezident tərəfindən bir neçə il sonra üçün planlaşdırılan işlər reallaşır”.
Komitə sədri işğaldan azad olunmuş ərazilərdə tətbiq olunacaq ağıllı və modern idarəetmə üsulunun məhz Qarabağdan başlanacağını söyləyib:
“Yeni yanaşma, idarəetmə, təfəkkür formalaşıb. Bunlar bir-birinə bağlı məsələlərdir. İş fəaliyyətində halallıq, peşəkarlıq cənab Prezidentin dövlət orqanları, məmurlar qarşısında qoyduğu tələblərdir. Cəmiyyətimiz də məhz doğru, düzgün istiqamətdə inkişaf xətti götürməlidir. Bu insanların həyatını keyfiyyətcə yüksək bir mərhələyə qaldıracaq”.
Musa Quliyev intellektual, yeni dövrün resurslarının idarəçilik mexanizmində tətbiqi nəticəsində arzulanan Azərbaycanın formalaşacağını bildirib: “Ulu öndər Heydər Əliyevin dediyi kimi Azərbaycan dünyaya bir günəş kimi doğacaq. Bu işıqlı, günəşli Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, firavan günlər yaşayacaq”.
Deputat qeyd edib ki, yaxın vaxtlarda Qarabağda geniş quruculuq, abadlıq işlərinin şahidi olacağıq: “Müasir şəhərlər, qəsəbələr, kəndlər salınacaq”.