Cənab Prezident İlham Əliyevin Qarabağa növbəti səfəri zamanı bir neçə fikir yürütmək olar. İlk növbədə, erməni vandallarından azad edilən ərazilərdə ardıcıl, sistemli bərpa-quruculuq işlərinin şahidi oluruq. Ölkə başçısı Qarabağın inkişafına xüsusi diqqət yetirir. Onun hər bir kənd, rayon haqqında verdiyi dolğun məlumatlar insanda qürur hissi yaradır. Bir tərəfdən sevinirik, nəhayət ki, biz öz doğma torpaqlarımıza qayıdırıq, burada qurub yaratmağa başlayırıq. Digər tərəfdən, bu Qələbənin bizim əsgər və zabitlərimizin qanı və canı bahasına gəldiyi üçün qazandığımız zəfərin nə qədər önəmli olduğunu dərk edirik. Həqiqətən də bütün bunlar hamımıza qeyri-adi duyğular yaşadır. Cənab Prezident hər dağılmış, xarabaya çevrilmiş kənddən, rayondan keçdikcə verdiyi şərhlər əlbəttə, olduqca vacibdir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Komitə sədrininin sözlərinə görə, bunların bir qismi xalqımıza, doğma, əzəli-əbədi yurdlarından didərgin düşən vətəndaşlarımıza çağırışdır ki, siz çox tez bir zamanda burada yaşayacaqsınız:
“Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Artıq xarici və yerli investorları dəvət edilib. Əsas işləri Azərbaycan özü həyata keçirəcək. Xarici və yerli investorlar investisiya qoymaqla öz biznes maraqlarını təmin edəcək.
Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün imkanlar yaranacaq.
Dövlət başçısının təşəbbüsü və tapşırıqları ilə ərazilərin mütəşəkkil formada qurulması planlaşdırılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə cənab Prezidentin təşəbbüsü dövlətimizin gücünü, qüdrətini nümayiş etdirir”.
Millət vəkili qeyd edib ki, ermənilər faşist xisləti ilə vətəndaşlarımıza, evlərimizə, məzarlarımıza, tarixi-mədəni, dini abidələrimizə, meşələrimizə qarşı da terror törədib: “Ona görə də, Prezident 44 günlük Vətən Müharibəsi nəticəsində ağır zərbəsindən özünə gələ bilməyən düşmən tərəfə və hələ də revanşist hisslərə qapılanlara ciddi mesajlar göndərib.
Erməni tərəfinin bəzi cinayətkar siyasətçiləri tez-tez təxribatçı fikirlər səsləndirir. Bir çox hallarda bu məlumatlar yerli KİV-də də tirajlanır. Ölkə başçısı azad olunmuş bölgələrə səfər zaman hərbi əməliyyatlar haqqında geniş məlumat verib. Azərbaycan Ordusunun rəşadətli qələbəsi dünya ictimaiyyətinin nəzərinə çatdırılır”.
Hicran Hüseynovanın fikrincə, Vətən müharibəsindən sonra Azərbaycanın regionda rolu daha da artmağa başlayıb: “Həyata keçiriləcək yeni nəqliyyat və digər layihələr türk dünyasına, Cənubi Qafqaza, bölgə ölkələrinə, Avropaya mühüm töhfələr verəcək. Horadiz-Ağbənd dəmir yolu xəttinin reallaşmasının mühüm strateji əhəmiyyəti var. Bu dəmir yolu Naxçıvana gedəcək. 10 noyabr bəyanatında da Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verilib. Uzun fasilədən sonra Azərbaycanla Naxçıvan dəmir yolu ilə bir-birinə bağlanacaq.
Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq. Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq”.
Millət vəkili bölgənin uzunmüddətli inkişafı, sabitliyin və sülhün təmin edilməsi üçün nəqliyyat layihələrinin xüsusi rolundan bəhs edib: ”Bundan bütün bölgə dövlətləri faydalanacaq. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xəttin yalnız Azərbaycan ərazisindən keçməsi mümkündür. Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq.
İranla Ermənistan arasında dəmir yolu əlaqəsi yaranacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı qurulur. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.