“Hesab edirəm ki, indiki mərhələdə Paşinyan Moskvanı qane edir. Amma müəyyən müddətdən sonra Ermənistanda Rusiyaya loyal və onun sözünə baxan bir fiqur meydana çıxmalıdır. Görünür, kulisdə bu istiqamətdə işlər gedir, namizəd axtarışları aparılır, bunun üçün müəyyən personajlara baxılır”.
Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanı istefaya çağırdı. Bundan sonra nə baş verəcək, Paşinyan ordunun hərbi müqavimətinə dirəniş göstərmək gücündədirmi?
- Söhbət Baş Qərargahdan gedirsə, bu, Paşinyan üçün ciddi bir çağırışdır. Ermənistan qərargah rəisinin müavini vəzifəsindən azad edilən Tiran Xaçatryanın arxasında yüksək rütbəli zabitlər də var. Görünür, Paşinyanın siyasi kursundan narazı olan hərbçilərin sayı az deyil. Bu, indiki məqamda aşkar şəkildə nümayiş olunur. Paşinyan son müsahibəsində bildirdi ki, Silahlı Qüvvələr müharibədə özünü qeyri-peşəkar göstərdi və hazırlıqlı deyildi, Azərbaycana atılan “İsgəndər”lərin cəmi 10 faizi partladı və s. Düşünürəm ki, bu fikirlər hərbçilər tərəfindən Paşinyana ciddi təhlükələr yarada bilər.
- Bu proses hansı nəticə ilə yekunlaşa bilər, bu müqavimətə cavab olaraq, Ermənistan baş naziri istefaya gedəcəkmi?
- Paşinyana qarşı müqavimət çoxdan var. İnsanlar uzun müddətdir küçələrdədir, siyasi partiyalar birləşib, müxalif qüvvələr öz vahid namizədini - Vazgen Manukyanı irəli sürüb. Amma burada ciddi bir məqam var. Bu məqam da ondan ibarətdir ki, hələlik kütləvilik yoxdur. Əlbəttə, etirazlar və Paşinyana qarşı çıxan qüvvələr var, onu sərt tənqid edənlər də az deyil. Amma inqilab baş verəndə kütləvilik olmalıdır. Yəni, insanlar həm paytaxtda, həm də ölkənin digər iri bölgələrində küçələrə çıxmalıdırlar, ciddi şəkildə hakimiyyətin istefasını tələb etməlidirlər. Amma biz hələlik bunu görmürük. İstefanın baş verməsi üçün ilk növbədə, Paşinyana qarşı çıxış edənlərin sıraları çox olmalıdır. Açıq deyək ki, hələlik belə bir kütləvilik yoxdur. İkincisi, bu nümayişlərə xaricdən dəstək verilməlidir. Bu da hələlik hiss edilmir. Eyni zamanda Paşinyanın baş nazir kimi idarəetmə funksiyaları sona çatmalıdır. Paşinyan isə hələ idarəetmə funksiyalarını itirməyib.
Əlbəttə, bunlar o demək deyil ki, Paşinyanın hakimiyyətdəki ömrü uzun olacaq, bundan sonra bir neçə il iqtidarda qalacaq, uzunmüddətli müqavimətlərə tab gətirəcək. Reallıq budur ki, Paşinyanın hakimiyyəti laxlayır. Bir sıra nazirlər istefa verib, hərbçilər ondan uzaqlaşır, o da bir neçə opponentinə qarşı cinayət işi açıb. Yəni Ermənistanda vəziyyət çox ziddiyyətlidir, mürəkkəb və qalmaqallıdır. Ölkə pat vəziyyətindədir. Müxalifətin Paşinyanı devirməyə, hakimiyyətin də onu tam dayandırmağa gücü yoxdur. Hesab edirəm ki, bu vəziyyət hələ bir müddət davam edəcək. Görünür, gərginliyin səngiməsi və ya hakimiyyəti dəyişmək üçün ortaya xarizmatik lider çıxmalıdır.
- Birləşmiş müxalifətin vahid namizədi, keçmiş baş nazir Vazgen Manukyan belə bir liderdirmi?
- Vazgen Manukyanın xarizmatik lider olduğunu düşünmürəm. O, keçmiş dissidentdir, vaxtilə sovet hakimiyyətinə qarşı çıxış edənlərdən biri idi. Hətta, Rusiyanın Lefortovo həbsxanasında saxlanılmışdı. Hesab edirəm ki, Moskva indi də onu dəstəkləməyəcək. Görünür, böyük güclərin öz oyunları var. Şübhə etmirəm ki, xarici güc, belə desək, Ermənistanın ən yaxın müttəfiqi tərəfindən dəstəklənən bir fiqur meydana çıxsa, bu məsələni asanlıqla həll etmək olar. Paşinyanın devrilməsini nəzərdə tuturam.
- İndiki məqamda Rusiyanın Paşinyana qarşı münasibəti necə ola bilər?
- Rusiya lap əvvəldən Paşinyanın hakimiyyətə gəlməsindən narazı idi. Bu narazılıq Qarabağdakı 44 günlük müharibədə açıq şəkildə nümayiş olundu. Demək olar ki, Rusiya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə göz yumdu. Rusiya bununla Paşinyana öz mesajlarını verdi. Hətta Putin həm müharibə vaxtı, həm də bundan sonra dəfələrlə dedi ki, Qarabağ Azərbaycan ərazisidir. Putinin bu gurultulu bəyanatı Paşinyana dərs oldu.
Paşinyan hakimiyyətə gələndə Avropa Birliyi, NATO və Qərb haqda bəyanatlar verir, fikirlər səsləndirirdi. Amma təcrübə göstərdi ki, Ermənistan Rusiyanın əhatə dairəsindən çıxa bilməyəcək. Rusiyanın özü də Ermənistanı öz maraq çərçivəsindən kənara buraxana oxşamır. Sadəcə olaraq, Paşinyan 10 Noyabr və 11 Yanvar bəyanatlarına imza atdıqdan sonra Rusiya gözləmə mövqeyində dayandı. Çünki Kreml başa düşür ki, Paşinyan artıq bir oyuncağa çevrilib, onu idarə etmək çox asan məsələyə çevrilib. Paşinyanın başqa variantı yoxdur, onun yeganə çıxış yolu imzaladığı bəyanatları yerinə yetirməkdir. Rusiya da maraqlıdır ki, bu baş versin. Çünki o sənədlərdə Rusiyanın da imzası var və rus sülhməramlıları bu anlaşmalar çərçivəsində Qarabağa yeridilib. Buna görə də Paşinyan o anlaşmaları yerinə yetirməlidir.
Hesab edirəm ki, indiki mərhələdə Paşinyan Moskvanı qane edir. Amma müəyyən müddətdən sonra Ermənistanda Rusiyaya loyal və onun sözünə baxan bir fiqur meydana çıxmalıdır. Görünür, kulisdə bu istiqamətdə işlər gedir, namizəd axtarışları aparılır, bunun üçün müəyyən personajlara baxılır.
- Hakimiyyətdə qarşı yeni iddialarını ortaya qoyan sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryan belə bir çalxantılı durumdan istifadə edə bilərlərmi?
- Əlbəttə, onlar yenidən hakimiyyətə gəlmək üçün can atırlar. Sərkisyan və Köçəryan uzun müddətdir səslərini çıxarmırdı. Amma indi qalmaqallı açıqlamalar verirlər, öz iddialarını ortaya qoyurlar. Görünür, indi vəziyyətə uyğun bəyanatlar verirlər. Lakin düşünmürəm ki, “Qarabağ klanı” təkbaşına yenidən hakimiyyətə gəlsin. Əlbəttə, onları dəstəkləyən bir sıra qüvvələr ola bilər. Amma bu o demək deyil ki, həmin qüvvələrin sayı və gücü hakimiyyətə gəlmək üçün bəs edir. Erməni xalqı “Qarabağ klanı”ndan doyub. Bir çoxları başa düşür ki, bölgədəki münaqişəli vəziyyətin səbəbkarı onlardır. Buna görə də, onların belə bir durumda yenidən hakimiyyətə gələ biləcəyini zənn etmirəm.
“Qarabağ klanı” daxildəki siyasi qüvvələrin hamısının dəstəyini alarsa, hakimiyyətə gələ bilər. Amma onların belə bir aparıcı güc olduğuna inanmıram. Bunun üçün imkanları yoxdur.
- Məsələn, Nikol Paşinyanın istefaya göndərdiyi baş qərargah rəisi, general Onik Qasparyan Moskvanın namizədi ola bilərmi?
- Onik Qasparyan Rusiya tərəfindən dəstəklənən bir zabitdir. O, uzun müddət Rusiyada hərbi qulluqda olub. Rusiya Müdafiə Nazirliyinin Akademiyasını bitirib, bu ölkədə müxtəlif kurslardan keçib və rus ordusunda xidmət edib. Bir sıra mənbələrdən aydın olur ki, Moskva Qasparyanı dəstəkləyir və arxasında dayanır. Bəlkə də, Qasparyanın Paşinyanla münsibətlərinin gərginləşməsi bu oyunların nəticəsidir. Söhbət xaricdən təşkil edilən oyunlardan gedir. Bu baxımdan, istisna deyil ki, general Qasparyanın arxasında güclü xarici qüvvələr var. Buna görə də, xaricdən idarə olunan ssenari nəticəsində Qasparyanın hakimiyyətə gətirilməsi ehtimalları müzakirə edilir.