“Düşünürəm ki, Paşinyan Ermənistanın üzləşdiyi ağır durumdan çıxmaq üçün əlinə düşmüş şansıdır. Ermənilər Paşinyana “xain” deyə bilərlər, amma o, Ermənistanın inkişafına mane olan və bu ölkəni dalana dirəyən, bütün beynəlxalq layihələrdən kənarda saxlayan və dünyada rəzil edən bir problemi həll etməyə çalışır. Söhbət Qarabağ məsələsindən gedir. Əlbəttə, istəyirdik ki, başqa cür həll edilsin, amma bu cür həll də Ermənistan üçün daha faydalıdır, nəinki əraziləri işğalda saxlamağa davam etmək. Erməni cəmiyyətinin böyük əksəriyyəti də Paşinyanın yanında durur”.
Ağ Partiyanın sədri Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistanın ikinci prezidenti Robert Köçəryan Azərbaycanı müharibə ilə hədələdi. O iddia edir ki, İkinci Qarabağ savaşında sonra imzalanan anlaşma ədalətli deyil. Köçəryanın bu hədəsini ciddiyə almalıyıqmı?
- Hesab edirəm ki, Ermənistandan verilən bütün bəyanat və açıqlamaları, eləcə də deyilən sözləri ciddiyə almalıyıq. Çünki bu adamların mahiyyəti və düşüncələri terrorizm və işğalçılığa əsaslanır. Xüsusi xidmət orqanları, ordu və digər təhlükəsizlik strukturları bu bəyanatları nəzərə almalıdır, aidiyyatı üzrə hesabatlar hazırlanmalıdır. Bunlar istənilən dövlətdə həyata keçirilir. Köçəryanı da “elə-belə adam” adlandırmaq doğru olmazdı. Köçəryan uzun illər Ermənistanı idarə edib, Birinci Qarabağ Müharibəsində bu dövlətin işğalçı siyasətinin başında durub. O, indi də kifayət qədər maliyyə və digər resurslara malikdir ki, Ermənistan daxilindəki siyasi proseslərə təsir etsin. Köçəryanın Rusiya Prezidenti Putinlə şəxsi dostluq münasibətlərini də nəzərə almalıyıq. Yəni istənilən zəmində Köçəryanın açıqlamaları ciddiyə alınmalıdır.
Amma hesab edirəm ki, Robert Köçəryan bu kimi açıqlamları daxili auditoriyanın rəğbətini qazanmaq üçün verir. Adama sual verərlər ki, sən nə ilə bu “ədalətsiz razılaşma”nı “ədalətli müqavilə” ilə əvəz edəcəksən? Yaxud, sən 44 günlük savaşda Ermənistan ordusundan daha güclü olduğunu sübuta yetirən Azərbaycan Silahlı Qüvvələrinin qabağına nə ilə çıxacaqsan? Bu bəyanatın arxasında duran faktlara baxmaq lazımdır. Bu baxımdan, Köçəryanın bu hədəsinə reallıqda həyata keçirilməsi mümkün olmayan ifadə kimi baxıram. Amma bütün hallarda Azərbaycan bu bəyanatı qeydə almalı, Ermənistanın atəşkəs və Qarabağ məsələsinə münasibətini hesabatlaşdırmalıdır, bununla bağlı beynəlxalq ictimaiyyətdə rəy yaratmalıdır. Çünki Ermənistan işğalçı olmasına baxmayaraq, Azərbaycanı dünyaya “şiddət tərəfdarı dövlət” kimi təqdim edir.
Biz də dünyaya başa salmalıyıq ki, bu adamlar kimsəni dinləmirlər, normal qonşu olmaq istəmirlər, yəni belə bir təcavüzkar qonşuya qarşı istənilən addımı atmaq legitimdir. Beynəlxalq ictimaiyyətin rəyini Azərbaycanın xeyrinə dəyişmək lazımdır ki, Ermənistan belə bəyanatlardan çəkinsin.
- Köçəryan son açıqlamasında hərbi çevriliş ehtimalına da toxunub, sözündən belə çıxır ki, belə hallar olur və bu, normaldır. Ermənistan üçün belə bir gəlişmə gözləniləndirmi?
- Düşünürəm ki, Paşinyan Ermənistanın üzləşdiyi ağır durumdan çıxmaq üçün əlinə düşmüş şansıdır. Ermənilər Paşinyana “xain” deyə bilərlər, amma o, Ermənistanın inkişafın mane olan və bu ölkəni dalana dirəyən, bütün beynəlxalq layihələrdən kənarda saxlayan və dünyada rəzil edən bir problemi həll etməyə çalışır. Söhbət Qarabağ məsələsindən gedir. Əlbəttə, istəyirdik ki, başqa cür həll edilsin, amma bu cür həll də Ermənistan üçün daha faydalıdır, nəinki əraziləri işğalda saxlamağa davam etmək. Erməni cəmiyyətinin böyük əksəriyyəti də Paşinyanın yanında durur. Bu da onu göstərir ki, erməni əhalisi hər şeyi gözəl bilir və anlayırlar ki, Paşinyanın Ermənistanın xeyrinə ata biləcəyi başqa addım yoxdur.
Köçəryanın dövlət çevrilişini adi hal hesab etməsinə gəldikdə, bu, onun hansı düşüncəyə və mahiyyətə malik olmasından xəbər verir. Adam XXI əsrdə hərbi çevrilişləri “təbii hadisə” kimi qiymətləndirir. Hələ də bunu dövlətçiliyə və konstitusiyaya qarşı zidd addım kimi qiymətləndirə bilmir. İstənilən siyasi çevrilişlər dövlətçilik, demokratiya və dəyərlər üçün ziyanlıdır. İstənilən halda hərbçilərin siyasətə qarışması yolverilməzdir. Amma Köçəryan bu ifadələrlə öz mahiyyətini aşkara çıxardı. Bununla onu deyir ki, mən demokrat deyiləm, XXI əsrə uyğun adam deyiləm və feodal düşüncəliyəm. Biz də düşmənin bu psixoloji portretini dünyaya olduğu kimi təqdim etməyi bacarmalıyıq.
- Rusiyalı deputat Konstantin Zatulin iddia edir ki, rus sülhməramlıları Qarabağa beş illik yox, əbədi gəliblər. Bu mesajın arxasında hansı məqamlar durur?
- Bu, sayıqlamadır. Öz problemlərini həll etmək əvəzinə ağızlarına gələni danışırlar. Rus xalqı Zatulin kimi boşboğazlara görə, Rusiyanın bir şəhəri boyda olan ölkələrdən daha kasıb yaşayırlar. Edə bilməyəcəkləri şeylərdən danışırlar. İndi də Jirinovskinin dili ilə deyirlər ki, Qafqaz və Ermənistanı Rusiyaya birləşdirməliyik. Adama deyərlər ki, sən yaşadığın ərazilərdə normal həyatını, güzəranını təmin et, sonra sağ-sola hücuma keç.
Zatulin mənasız danışır və başından böyük səhv edir.
- Amma Zatulin dedi ki, Qarabağın Rusiyaya birləşdirilməsi mümkün deyil. Ondan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov da buna bənzər açıqlama vermişdi. Rusiyadan verilən bu açıqlamalardan nə anlamalıyıq?
- Əslində “olmayacaq” deməklə, “ola bilər ehtimalı”nı gündəmə gətirmək istəyirlər. Səndən soruşan oldumu ki, sən qayıdıb “Qarabağ Rusiyaya birləşdirilməyəcək” deyirsən. Ümumiyyətlə, bu, hansı danışıqların müzakirə mövzusu olub, hansı danışıqlarda müzakirə edilib? Nə Azərbaycan, nə də onun müttəfiqləri bunun olacağı ehtimalını veriblər. Ola bilsin ki, Azərbaycan təkbətək Rusiyadan zəif görünə bilər, amma bizim müttəfiqlərimiz onun qarşısında zəif deyillər. Guya ki, öz ağıllarında Azərbaycanı hədələyirlər. Biz də deyə bilərik ki, Dərbəndi Azərbaycana birləşdirmək haqda düşünmürük.
Hesab edirəm ki, bunlar işğalçı ritorikasıdır. Yenə də deyirəm, belə ifadələr və belə siyasətçilərə görədir ki, ərazisinə görə dünyanın ən böyük ölkəsi və nəhəng təbii sərvətlərə malik bir ölkənin əhalisi yoxsulluq həddində yaşayır.