“İkinci Qarabağ Savaşının ardınca Rusiyanın təbliğat maşını ən müxtəlif dairələrin əlilə ölkə əhalisinin şüuruna “Böyük Turan təhlükəsi”ni yeritməyə başlayıb. Bu təbliğat yalnız bir fakt üzərində qurulur ki, bu da anlaşılandır: Türkiyənin bu savaşda Azərbaycana dəstəyi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Rusiya mediasında məsələ ilə əlaqədar yayımlanan materiallara diqqət çəkib:
“Rusiya media məkanını öz “dərin akademik araşdırmaları” və “ağllı mülahizələr”i ilə dolduran alimlər, politoloqlar, ekspertlər “Böyük Turan” haqda elə həvəslə danışırlar ki, adam bunun tez baş verməsini arzulayır.
Bəs doğrudanmı “Böyük Turan təhlükəsi” realdır və Rusiya bundan qorxmalıdır? Bu suala cavab tapmaq üçün rəsmi Moskva təbliğatının ortaya atdığı tezislərə baxmaq bəs edər. Öncə onu deyim ki, Rusiya mediasını diqqətlə izləyən biri olaraq bu ölkədə müxalif və ya alternativ medianın olduğunu düşünmürəm. Hər halda, bir məsələdə - ölkənin imperiya ambisiyalarında Rusiyada nəinki alternativ media, heç alternativ siyasi platforma da yoxdur.
Buna ən parlaq misal İkinci Qarabağ Müharibəsi dövründə Putindən qoşun yeridərək xristian erməniləri müsəlmanlardan qorumağı tələb edən Rusiya liberalların iç üzlərini açması idi. Dünənə qədər özünü avtoritar-kriminal Putin hakimiyyətinin demokratik opponenti kimi təqdim edən bu zümrə əslində mahiyyətcə Kremlin bugünkü təmsilçilərindən daha mürtəce olduğunu ortaya qoydu.
Latınına kimi min sifəti olan “liberal”ı görəndə Jirinovski kimi “liberal-demokrat”a şükür etməmək olmur.
Ədalət naminə deyim ki, bu fenomen təkcə Rusiya “liberalları” üçün və ümumiyyətlə, təkcə liberallar üçün xarakterik deyil, bütün dünyada yaşanan ideoloji iflasın təzahürüdür. Bugünkü ideoloji cəbhədə “aləm qarışıb, heç kim yiyəsini tanımır” desək, bu, daha dəqiq olar. Məncə, əsas problemlərdən biri də bundadır. Yoxsa Rusiya təbliğatçıları ciddi-cəhdlə neoosmanizmlə “Böyük Turan”ı bağlamağa çalışmazdılar. Ərdoğanı eyni zamanda həm Osmanlının bərpası, həm də “Böyük Turan” yaratmaq cəhdində ittiham etmək qədər absurd bir yanaşma hətta Rusiya təbliğatı üçün bir az ağ olur”.
Ərəstun Oruclu bu iki anlayış arasındakı fərqlərə də diqqət çəkib:
“Sual olunur ki, Osmanlı hara, “Böyük Turan” hara?! Görəsən, nə ideoloji, nə tarixi-siyasi, nə də coğrafi baxımdan heç cür üst-üstə düşməyən bu iki format Rusiya təbliğatçıları bir teleekrana necə yerləşdirirlər? Biri dini, digəri isə milli-etnik dayaqlara söykənən, biri real mövcud olmuş, digəri isə mifik bu iki platforma hansı müştərək dayaqlara söykənə bilər?
Az-çox tarixdən, siyasətdən oxumuş insan (belələri isə ədalət naminə deyək ki, Rusiyada az deyil) bunu necə həzm edə bilər? Məsələn, xəritədə Türkiyəni ən ideal halda Kolumbiyanın yanında axtaran bəzi Qərb auditoriyalarına belə çiy “qida”nı rahatlıqla həzm etdirmək olardı, amma Rusiya əhlinə çətin...
Amma Rusiya təbliğatını belə suallar maraqlandırmır. Onu heç Jozef Göbbelsin məşhur “bacardıqca çox yalan danış, nəyəsə mütləq inanacaqlar” tezisi də düşündürmür. Onlar özləri də bugünkü Rusiya təbliğatının SSRİ-nin sonuna yaxın rəsmi təbliğatın yaşadığı mərhələdə olduğunu anlayırlar.
Görünür, elə bu səbəbdən də bir növ özünəməxsus diversifikasiya edirlər. Yəni, Qərbi söymək, onu ruslar üçün daha cəlbedici edənə qədər keçmək lazımdır. Burada da arsenalda Osmanlıdan və “Böyük Turan”dan savayı bir şey yoxdur. Görünən isə odur ki, bu gedişlə iqtisadi, siyasi və ideoloji böhrandan çıxa bilməyən, əhalisinın bir parçası müsəlman, digər bir parçası da türkdilli-müsəlman olan Rusiya Osmanlını və ya “Böyük Turan”ı elə özü yaradacaq”.