26 Mart 2021 09:05
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal çağırışlara cavab verən, milli maraqlara uyğun daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın ən nufuzlu ölkələri sırasına yüksəlib. BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə də məhz möhtərəm Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu və ona olan inamla bağlıdır. Dünya ölkələri arasında etimad qazanmaq elə də asan deyil. Ümumilikdə isə gənc, müstəqil dövlətlər arasında Azərbayanın uğurları bir əsrə sığmayan nailiyyətlərdir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O xatırladıb ki, 2013-cü ildə Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü seçilib:

“Cənab Prezidentin bu uğuru ilə bağlı dünya mətbuatında deyilən müsbət fikirlər qürurla qarşılandı. Bir sıra dövlətlər onilliklər boyu BMT TŞ-nın müvəqqəti üzvlüyünü qazana bilməyib. Azərbaycan isə beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş hesab olunur. Ölkəmizə qarşı təmsil olunduğu beynəlxalq təşkilatda sarsılmaz güvən və etimad mövcuddur. Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası keçirilib. Sessiyada Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Ölkəmizin təşəbbüsü ilə mühüm qərarın qəbulu Prezident İlham Əliyevə və Azərbaycana beynəlxalq arenada olan etimadın göstəricisidir”.

Deputatın fikrincə, BMT-də qəbul edilmiş qətnamənın müddəaları Prezident İlham Əliyevin 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsindəkı fikirlərində öz əksini tapıb:

“Azərbaycanın COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı mövqeyi var. Prezidentin pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı. Azərbaycanın QH-a sədrlik etdiyi qısa bir müddətdə bu təşkilat COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzi kimi təqdim edilib. Məhz dövlətimizin başçısının təşəbbüsünə uyğun olaraq, BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda müzakirə aparılıb. BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi təmin etməkdən ibarətdir”.

Məlahət İbrahimqızı vurğulayıb ki, qətnamə üzv dövlətləri və bütövlükdə bütün mütərəqqi bəşəriyyəti COVID-19 əleyhinə peyvəndlərin dünya dövlətləri arasında ədalətli bölüşdürülməsini təmin etmək üçün mühüm əsasdır:

“Ona görə də peyvəndlərin ədalətli bölgüsü məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə bütün dünya dövlətləri dəstək verməlidir”.


Müəllif: Tapdıq Qurbanlı