29 Mart 2021 18:42
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Vətən müharibəsi dövründə Almaniyanı nisbətən obyektiv gördük. Hətta alman jurnallarından biri Azərbaycan Ordusunun hərbi əməliyyatlarını tərifləyərək onu XXI əsrin hərb elminə töhfəsi kimi qiymətləndirmişdi. Yəni, Almaniya Fransa, onun prezidenti Emmanuel Makron kimi qarayaxmalarla məşğul deyildi. Həm neytrallığını mümkün qədər qoruyub saxlayır, həm də baş verən hadisələri Azərbaycan xalqının öz torpaqlarını azad etməsi kimi qiymətləndirirdi.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, birdən-birə Almaniyanın İctimai Televiziyasında anti-Azərbaycan mövqeli veriliş yayımlanması və orada Azərbaycanı qaralayan, ləkələyən, əsli olmayan iddiaların irəli sürülməsi, hətta müharibə zamanı mənəvi soyqırımından belə danışılması adamı həm təəccübləndirir, həm də təəssüfləndirir:

“Mənəvi soyqırımı deyəndə onlar 2017-ci ildə əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda inşa olunmuş tövləyə bənzər, sadəcə üzərinə xaç qoyulmuş kilsə adlanan binanı nəzərdə tuturlar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğru olaraq qeyd etdiyi kimi Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir. Bu tikili qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazisində inşa olunub. Almaniyanın İctimai Televiziyasının efirində Markus Lants öz proqramında bunu mənəvi soyqırımı, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi kimi təqdim edir”.

Qabil Hüseynli deyib ki, burada aydın görünən bir xətt xeyli narahatlıq doğurur:

“Bu xətt də ondan ibarətdir ki, Rusiyada yuva salmış və mövqeləri kifayət qədər möhkəm olan erməni lobbisi, yaxud mafiyası artıq Avropa ölkələrinə, o cümlədən kifayət qədər samballı ölkə olan Almaniyanın kütləvi informasiya vasitələrinə nüfuz edə bilir. Bu məsələdə RT telekanalının, RUPTLY qlobal xəbər videoagentliyinin və “Sputnik” informasiya agentliyinin baş redaktoru Marqarita Simonyanın fəaliyyəti daha aydın nəzərə çarpır. Diqqət çəkən fakt ondan ibarətdir ki, RT televiziya kompaniyasının tərkibinə daxil olan RUPTLY-ın baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşir. RUPTLY da Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşir”.

Politoloq qeyd edib ki, Almaniyanın İctimai Televiziyası rus eksperti deyərkən məhz M.Simonyanı nəzərdə tutaraq onun söylədiklərini sübut və təhlil kimi alman tamaşaçısının diqqətinə çatdırır:

“Çox təəssüf ki, Simonyanın etnik erməni və Rusiyada fəaliyyət göstərən erməni lobbisinin çox fəal üzvü, üstəlik Vladimir Putinə çox yaxın olduğunu qeyd etməyi vacib bilmədilər. Bu səbəbdən veriliş başdan-ayağa böhtan, uydurma xarakterli, sırf ermənilərin maraqlarına xidmət edən veriliş, mən deyərdim Azərbaycana qarşı törədilən təxribat idi. Sözsüz ki, Azərbaycan tərəfi bu televiziya verilişindən çox narazı qalıb. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi Almaniyada yaşayan azərbaycanlıların köməyi ilə həmin verilişə cavab olaraq obyektiv əsaslarla çəkilmiş bir verilişin hazırlanmasına nail ola bilər. Almaniyada güclü Azərbaycan diasporu var. Oradakı diasporumuz yaxşı təşkilatlanıb. Onlar KİV-lərdə fəaldırlar. Mən güman edirəm ki, Marqarita Simonyanın bu böhtançı layihəsinə oradakı Azərbaycan diasporu layiqli cavab verəcək”.


Müəllif: Səxavət Həmid