Bütün səmimiyyətimlə deyirəm: “tolerant”lığınıza heyranam.
Ətrafda baş verənlərə bu qədər dözümlü yanaşdığınızı, liberal dəyərlərə bu səviyyədə üstünlük verdiyinizi bilmirdim. Mənimçün heyrətamiz yenilik oldu.
Toplumumuz bu qədərmi irəliləyib?
2 nəfərin – 2 qadının arasında baş verən, heç bir ictimai-siyasi əhəmiyyət kəsb etməyən, bir neçə saniyə davam edən, masa arxasındakı həmkarlar xaric, heç kəsin duymadığı, iştirak etmədiyi mübahisə düz 14 gün (!) müzakirə predmeti oldu. Ən çirkin, ən iyrənc “təxəyyül” məhsullarıyla zənginləşdirilərək, inkişaf etdirilərək həqiqətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan əlavələrlə, uydurma və böhtanlarla media və sosial şəbəkələrdə düz 2 həftə dartışıldı. Gündəm bitib-tükənməyən həvəslə, entuziazmla, ən ədəbsiz, qeyri-etik ifadələrlə, söyüş və təhqirlərlə, ittihamlarla zəbt olundu. Mübahisə edənləri qeyri-əxlaqi davranışda suçlayaraq ən əxlaqsız davranışlar sərgiləndi.
Və ən ayıbı, kişi cinsindən olan sosial şəbəkə “fəal”ları müzakirələrin önüylə addımladılar. Dili “tutulan”, səsi “batan”, “çildağlıq” olanlar oldu.
Sözün əsl mənasında, absurd teatrı...
Biri dedi Makedon döyüb, o biri dedi, yox, Namiq...
Başqa biri dedi ki, yox, Makedon elə oğlan deyil, onu Namiq qışqırdıb və s. və i.a...
Və bu eybəcər, üfunətli söz-söhbətin üstündən bir gün ötməmiş Milli Şura sədrinin qızının sosial şəbəkələrdə yayılmış intim videosuna son dərəcə dözümlü yanaşma!
Yox, yanlış anlamayın. Mən demirəm ki, Cəmil Həsənlinin qızını niyə topa-tüfəngə tutmursunuz? Qətiyyən! Şəxsi həyatın toxunulmazlığı Konstitusiya ilə qorunur və kimə qarşı edilməsindən asılı olmayaraq, bir fərdin icazəsi olmadan hər hansı şəxsi videogörüntünün yayılması həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan yolverilməzdir. Mən sadəcə, öyrənmək istəyirəm, - böyüklərdən və kiçiklərdən dönə-dönə üzr istəyərək, - para qarşlığında intim əlaqəyə, qrup seksə, lezbiyanlığa adi baxmağa nə vaxtdan başlamısınız? Doğrudanmı, yayılan görüntülərdə qeyri-adi, qeyri-ənənəvi, utanılası, xəcalət çəkiləsi heç nə yoxdur? Hər şey həqiqətən normaldır?
Bir daha deyirəm, linçin əleyhinəyəm, əxlaq polisliyi etmək niyyətim yoxdur, kiminsə şəxsi həyatına qarışmaq kimi arzum və vaxtım da yoxdur, xüsusən də başqasının yataq otağına boylanmaq... Bəli, o görüntüləri yaymaq çirkinlikdir, əxlaqsızlıqdır, cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları tezliklə əsl günahkarı tapıb aşkarlayacaq və o şəxsin (şəxslərin) cəzası hər nədirsə, veriləcək.
Amma mən hüquq-mühafizə orqanlarından ədalət gözlədiyim kimi, cəmiyyətimdən, mənsub olduğum toplumdan da Ədalət gözləyirəm!. Doğrudanmı, böyük alim, ziyalı, radikal müxalifətin lideri saydığınız şəxsin ailə üzvünün həyat tərzi, dünyagörüşü, əxlaqı, hansı cinsi azlığa aid olub-olmaması sizi narahat eləmir? Doğrudanmı, boşanmış qadın nə istəsə, edə bilər? Gerçəkdənmi, artıq insanları “açar dəliyi”ndən izləmirsiniz və hamıya, hər kəsə, hətta qadınlara, xüsusən də ərindən ayrılanlara aşırı – dəyərlər sistemimizin üstünə çıxacaq qədər azadlıq vermisiniz?
Bəs o halda hansısa məmurun ailə üzvlərinə münasibətdə niyə elə deyilik? Məsələn, bu videogörüntü hansısa məmurun övladına aid olsaydı, eynilə “bu, onun şəxsi həyatıdır, şəxsi yatağıdır, sizə nə” deyə biləcəkdinizmi? Evdə arvadına, bacısına, anasına pəncərədən baxmağı yasaq edən kişilər həqiqətənmi hansısa Günelin yataq otağında nə etməsinə haqq qazandırır, hətta dəstək verirlər? Cəmil Həsənlinin tərcümeyi-halına gerçəkdənmi “cəfakeş ata” titulunu da əlavə etmisiniz, yoxsa bu, acı bir zarafatdır?
İnanın ki, bu cümlələri yaza-yaza yanlış anlaşılmaqdan çox ehtiyat edirəm. Amma müşahidələrim məni doğrudan təəccübləndirir və məyus edir. Sanki bura Azərbaycan yox, İsveçrədir.
İnsanlarımızda sanki ikili şəxsiyyətləşmə gedir. Sanki hamının içərisində iki dənə “Mən” var; bir kəsim müxalifəti dəstəkləyir: yəni, müxalifmövqelilər hər nə edirsə, düz edir. İqtidarmövqelilər haqlı da olsa, haqsızdır. Digər kəsimsə əksinə...
Əlahəzrət Ədalət isə qalır bu qaragüruhun tapdağı altında...
Axı DƏYƏRlər də qanunlar kimi birmənalıdır və o, şəxslərə görə dəyişə bilməz. Ağ ağdır, qara da qara – birmənalı!
Mən bunun əksini Saxtakarlıq sayıram.
Saxtakarsınız - ona görə ki, əslində bu hərəkətləri qəbul etmirsiniz. Amma məhz Cəmil Həsənlinin qızı etdiyi üçün guya, ona dəstək verirsiniz, haqq qazandırır, müdafiə edirsiz. Qaraya ağ deyirsiz. Yüzdə yüz inanıram ki, doğmanızı, nəinki qızınızı, heç oğlunuzu o səhnədə görmək istəməzsiniz...
Saxtakarsınız - ona görə ki, hansısa məmurun qızı olsaydı, sosial şəbəkələrdə “dar ağacları” quracaqdınız. Valideynləri, bütün nəsil-nəcabəti, bütün hökuməti, hətta Prezidenti ittiham edəcəkdiniz. Milli-mənəvi dəyərlərdən, adət-ənənələdən ağzı köpüklənə-köpüklənə dəm vuracaqdınız. Sizi aqresivləşdirən həm də odur ki, intim görüntülərin əsas “qəhrəman”ı - “seks simvol” müxalifətçi birinin qızıdır...
Saxtakarsınız - ona görə ki, sosial şəbəkələrdə, Yutub kanallarında dövləti dəyərlərimiz, Prezidentin özü, ailə üzvləri, xüsusən də qadınlar təhqir və şantajla üz-üzə qalanda indi Günel üçün sinəsini qabağa verən “ziyalıcıqlar” susurlar, etiraz etmirlər, görməzlikdən gəlirlər, hətta bir çox hallarda açıq dəstək də verirlər. Niyə?
Deməli, məsələ heç də əxlaq və mənəviyyat məsələsi deyil, dəyərlərə hörmət də deyil, haqsızlığa, şantaj və böhtana kimin məruz qalması və söyənlərin, təhqir edənlərin hansı tərəfdə olmasıdır. Yəni, gözümüzün önündə cərəyan edən hər şey siyasətdir, siyasi oyundur, daha dəqiqi, siyasi çirkinliklərdir...
Mənəviyyatı toz basıb...
Axı illərdir deyirik ki, söyüş və təhqir siyasi mübarizə üsulu deyil. Bumeranqdır və bir gün qayıdır söyənlərin öz üstünə...
Böyük çoxluq tərəflərdən məhz bunu gözləyir: Sivil mübarizə və Ədalət...
Hər kəs öz vitrinindən, özündən, öz dilindən başlamalıdır, məncə...