“Heç kim düşünməsin ki, monitorinq mərkəzinin funksiyası təkcə ərazilərə dronlar və kompüterlər vasitəsilə nəzarət etməkdən ibarətdir. Bu, belə deyil. Əsas məqsəd bölgədə təhlükəsizliyi bərpa etmək və bir daha hərbi gəlişmələrin baş verməsinin qarşısını almaqdır. Əlbəttə, biz bilirik ki, Rusiya sülhməramlıların nəzarət etdiyi ərazilərdə separatçı rejimin terrorçu şəbəkəsinin nümayəndələri var. Məsələn, Vitali Balasanyan və onun əlaltıları”.
Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndiyə gəlib. Rusiya rəsmisinin səfəri Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Sizin bu haqda fikriniz nədir: bir Rusiya rəsmisinin ora gəlməsi qanunidirmi, bunun bizə bir zərəri, bizə ünvanlanan üstüörtülü bir mesajı varmı?
- Düşünmürəm ki, Ruisya müdafiə nazirinin müavini Azərbaycanın icazəsi olmadan regiona səfər edib. Əgər o, Xankəndiyə gəlirsə, demək ki, razılıq var. Çox güman ki, sülhməramlıların fəaliyyəti ilə bağlı ora gəlib. Yəni bu, üçtərəfli sazişin müddəasına uyğundur. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi Türkiyə ilə monitorinq mərkəzinin qurulmasında iştirak edib. Ola bilər ki, Bulqakov Xankəndindən sonra monitorinq mərkəzinə də baş çəksin, oradakı proseslərlə maraqlansın. Bu, normal haldır, ajiotaj yaratmaq düzgün olmazdı. Əgər o, Xankəndiyə rəsmi icazə olmadan gəlsəydi, o zaman Azərbaycan Xarici İşlər Nazirliyi nota verməli olacaqdı. Madam ki, bu, belə deyil, demək, bu razılaşdırılmış səfərdir.
- Xankəndində Rusiya sülhməramlıları üçün modul tipli şəhərciklər salınır. Bulqakov da sülhməramlılar üçün yeni 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib. Cəmiyyətdə bu yöndə də bir narahatlıq var ki, baş verənlər bölgədə Rusiya hərbi bazasının açılması yönündəmi gedir?..
- Bu fikri tamamilə inkar edirəm. Əgər bölgədə hərbi bazanın yaradılması üçün infrastruktur qurulsaydı, düşünürəm ki, Azərbaycan tərəfi buna dərhal reaksiya verərdi. Əlbəttə, Ermənistan tərəfi çalışır ki, Rusiya sülhməramlıları bölgədə daimi qalsınlar. Bu, belə olmamalıdır. Çünki sülhməramlıların harada fəaliyyət göstərməsindən asılı olmayaraq bu, müvəqqəti xarakter daşıyır. Əsas məqsəd və ya planlar sülhməramlıların üzərində qurulmur. Planlar sülh prosesinin inkişafı üzərində qurulmalıdır. Biz azərbaycanlılar və ermənilərin bölgədə birgə yaşaması üçün görülən səylərdən danışmalıyıq. Sülhməramlılar da ilkin mərhələdə bunu təmin etməlidir. Bu, üçtərəfli sazişin bəndlərindən irəli gələn məsələdir.
Cəmiyyətin narahatlığı anlaşılandır. Çünki erməni tərəfi çalışır ki, Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti başqa forma alsın. Onların fikri budur ki, sülhməramlılar separatçı rejimin qalıqları ilə “sərhədlərin” qorunmasında iştirak etməlidir. Bu, bizə tamamilə zidd olan yanaşmadır, cəmiyyət bundan haqlı olaraq narazıdır. Yəqin ki, Azərbaycan Rusiya Müdafiə Nazirliyi ilə təmasdadır və prosesin əks istiqamətdə getməsinin qarşısı alınır. Düşünmürəm ki, proses bu səmtdə gedir.
Modul tipli şəhərciklərə gəldikdə, əgər onlar bölgəyə daimi əsaslarla gəlsəydilər, yəqin ki, şəhərcik salardılar, ailələri ilə birlikdə orada yerləşərdilər. Hər halda Rusiyanın hərbi bazasının olduğu Gümrüdə elədir. Amma biz burada modul tipli yaşayış məntəqələrindən danışırıq. Yəni sabah lazım olmasalar, özləri ilə apara bilərlər. Bu da o deməkdir ki, Rusiya sülhməramlıları bölgəyə müvəqqəti əsaslarla gəliblər. Erməni mətbuatı isə çaşdırıcı məlumatlar yayır. Nəticədə bizdə də elə fikir formalaşır ki, onlar bölgəyə daimi gəliblər. Bu, ermənilərin istəyidir, bundan siyasi məqsədləri üçün istifadə edirlər.
- Ağdamda fəaliyyətə başlamış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən böyük gözlənti vardı. Cəmiyyət buna Türkiyənin hərbi olaraq, bölgədə iştirakının təmini kimi baxırdı. Bu mərkəzin hadisələrin indiki gedişatına təsir imkanları nə qədərdir, proseslərə nə kimi qatqı təmin edir, yəni bizim üçün bir üstünlük təmin edirmi?
- Bilirsiniz, bir çox məsələlər qaranlıq qalır, açıqlanmır. Məlumata görə, bununla bağlı Türkiyədə xüsusi müzakirə aparılıb. Mətbuatdan bu məlumatları əldə edə bilərik. Bu o deməkdir ki, bir çox məsələlər qapalı şəkildə həll olunur və ya müzakirə edilir. Hər halda Rusiya və Türkiyə Müdafiə Nazirlikləri, yaxud prezidentləri arasında birbaşa xətlər var. Bir çox məsələlər bu xətlər vasitəsilə müzakirə olunur. Amma bunlar ictimaiyyətə açıqlanmır. İstisna etmirəm ki, yanaşmalarda ziddiyyətlər var, amma bunların hazırkı situasiyada telefonla həll edildiyini zənn etmirəm.
Heç kim düşünməsin ki, Monitorinq Mərkəzinin funksiyası təkcə ərazilərə dronlar və kompüterlər vasitəsilə nəzarət etməkdən ibarətdir. Bu, belə deyil. Əsas məqsəd bölgədə təhlükəsizliyi bərpa etmək və bir daha hərbi gəlişmələrin baş verməsinin qarşısını almaqdır. Əlbəttə, biz bilirik ki, Rusiya sülhməramlıların nəzarət etdiyi ərazilərdə separatçı rejimin terrorçu şəbəkəsinin nümayəndələri var. Məsələn, Vitali Balasanyan və onun əlaltıları. Onların fəaliyyəti hər an təhlükə yarada bilər. Öz məqsədlərini də gizlətmirlər, deyirlər ki, ordu quracağıq və s. Monitorinq Mərkəzinin əsas hədəfi onlardır – Balasanyan və onun əlaltıları. Onları bölgədən rədd etmək lazımdır.
- Bəs niyə Balasanyan hələ də oradadır?
- Bu, artıq siyasi müstəviyə keçən bir məsələdir. Düşünürəm ki, bu məsələ siyasi müstəvidə həll edilir, ən azı müzakirə olunur. Bu terrorçu şəbəkənin hansı şərtlərlə bölgədən çıxarılmasının və ya prosesin necə bizim maraqlarımız istiqamətində getməsinin müzakirə edildiyini düşünürəm. Erməni mətbuatında gedən müzakirələrə görə, separatçıların nəzarətindəki ərazilərdən hərbi texnikalar və infrastruktur yığışdırılır, Ermənistana daşınır. Hər halda onların media qurumları bu prosesin getdiyini yazırlar. Hesab edirəm ki, bu, həmin Monitorinq Mərkəzinin fəaliyyəti nəticəsində baş verir. Amma bunu açıqlamırlar, piar etmirlər, bu barədə çox danışmırlar. Düşünürəm ki, bu proses gedir. Əks halda, o Monitorinq Mərkəzinin heç bir əhəmiyyəti olmazdı.
- Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi haqda iddia dolaşır. Ehtimal olunan bu görüşdən gözləntiniz nədir, hansı qərarlar verilə bilər, diqqət mərkəzində hansı məsələlər olacaq?
- Hesab edirəm ki, bu görüşdə əsas diqqət əldə edilmiş anlaşmaların bəndlərinin yerinə yetirilməsi olacaq. Azərbaycan tərəfi bəzi məsələləri tez həll etmək istəyir. Məsələn, azərbaycanlıların Xankəndi, Xocalı və digər ərazilərə köçürülməsini tezləşdirmək niyyətindədir. Ermənilər isə bunu yubadırlar. Nəinki bunu, Zəngəzur dəhlizinin açılmasını da ləngidir. Təzyiq ediləndən sonra artıq Paşinyan deyir ki, bu dəhliz açılmalıdır. Əlbəttə, təzyiq olmasaydı, Paşinyan bunu deməzdi. Başqa məsələlərin həllində də təzyiq faktoru var. Bu təzyiqlərin nə qədər effektli olduğunu gedişat göstərəcək. Hər halda Qarabağdakı silahlı separatçıların çıxarılması, bölgədə mülki idarəetmənin dəyişdirilməsi təzyiqlər nəticəsində baş verir. Düzdür, proses bizim istədiyimiz sürətdə getmir. Biz silahlı separatçıların oradan daha tez rədd olmasını istəyirik.
Hazırkı situasiyada onların güc yolu ilə bölgədən çıxarılması məqsədəuyğun deyil. Yəqin ki, üçtərəfli görüş həm də bu məsələnin daha sürətlə həll edilməsi üçün keçirilir. Bütün hallarda indiki məqamda müharibənin yenidən başlaması bizim üçün məqsədəuyğun deyil. Çünki ermənilər bu halda Rusiya faktorundan məharətlə istifadə etməyə çalışacaqlar. Bunu gizlətmirlər. Əslində Rusiya da münaqişənin yenidən alovlanmasını istəmir. Buna görə də, həm təzyiq etməliyik, həm siyasi amillərdən, həm də Rusiya-Türkiyə rabitəsindən istifadə etməliyik.