Ermənistana “İsgəndər” raketi ilə bağlı hər hansı ciddi bir təzyiqin olmasını gözləmək sadəlövlük olar. İşğal etdiyi, viran qoyduğu torpaqlara görə, Ermənistana indiyə kimi bir cəza verilməyibsə, bundan sonra da eyni halın baş verəcəyi danılmazdır.
Bu fikirləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, bu kimi məsələlərdə Ermənistana hansısa bir sanksiya və yaxud da cəza gözləmək yersizdir:
“Çünki beynəlxalq aləm Ermənistanın işğalçılığını stimullaşdırdığına görə, burada da hansısa şəkildə bir dəyişiklik nəzərdə tutulmur”.
Fazil Mustafa “Human Rights Watch” kimi təşkilatların bu gün Azərbaycandan hansısa erməni “əsir”ləri ilə bağlı tələbinə də əks arqumentlərlə çıxış etməyin vacibliyini qeyd edib:
“Ümummiyyətlə, beynəlxalq təşkilatların rəylərinə dəyər verməyin əhəmiyyətsiz olduğu hər kəsə bəllidir. Çünki lazım olduğundan artıq dəyər verdikcə, onlar elə düşünürlər ki, bəlkə bunlardan hədsiz dərəcədə asılıyıq. Amma əslində qarşıya daha sərt formada bir mövqe qoyulmalıdır. Çünki əsas məsələlərdə bu cür təşkilatlar nəsə etmir. Yalnız yardımçı məsələlər üzərində fikir formalaşdırmağa çalışırlar. Düşünürlər ki, bununla qarşı tərəfə zərbə vura bilərlər. Amma bunlar artıq faydasızdır. Azərbaycan öz işini görür və bundan sonra da bu proses davam edəcək. Erməniləri də bu cür cinayət əməllərinə görə cəzalandırmağın yollarını tapmalıyıq”.