6 Aprel 2021 15:26
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qarşıda duran ən mühüm məsələlərdən biri işğadan azad olunmuş ərazilərdəki erməni vəhşiliyinin bütün dünyaya çatdırılmasıdır. Ermənilər işğal dövründə azərbaycanlılara məxsus məscidləri, qəbiristanlıqları, dini, tarixi, mədəni abidələri dağıdıb, viran qoyublar. Ona görə də ermənilərin bu vəhşiliyi haqqında dünya ictimaiyyəti müfəssəl məlumata sahib olmalıdır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilər bu gün də iddia edirlər ki, guya onlara qarşı hansısa formada təzyiqlər var, mədəni abidələrinin dağıdılması kimi yalan məlumatları dövriyəyə buraxırlar:

“Amma əsl vəhşiliyi isə onlar işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçiriblər. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərinin məhz indiki halda Azərbaycana səfəri olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində erməni terroruna məruz qalmış şəhərlərimizə baş çəkiləcək. Qonaqlar burada olan bütün reallıqlarla tanış olacaqlar. İƏT beynəlaxlaq arenada ciddi bir qurum kimi qəbul olunur. Çox sayda bu təşkilatın üzvü var. Azərbaycanla İƏT arasında münasibətlər yüksək səviyyədədir. Bu qurum hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Xocalı soyqırımına ən yüksək səviyyədə təşkilatın münasibəti var. Ermənistanın barbarlığını bütün dünyaya təqdim etmək üçün İƏT kimi qurumların platformalarından istifadə vacibdir. Təmas Qrupunun üzvlərinin səfəri indiki halda erməni vandallığını geniş şəkildə təbliğ imkanı yaradacaq. 44 günlük Vətən müharibəsində İƏT Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəklədi. Gəncədə, Ağdamda olan dağıntıları bu qurumun üzvləri öz gözləri ilə görməklə onlarda erməni barbarlığı haqqında geniş təsəvvür yaranacaq”.

Deputat xatırladıb ki, işğal müddətində azərbaycanlılara məxsus 64 məsciddən 3-ü nisbətən salamat qalıb:

“Yerdə qalan məscidləri ermənilər dağıdıb, təhqir edib. Bununla bağlı cənab Prezidentin də mövqeyi var. Amma biz müşahidə edirik ki, Ermənistan daha çox müsəlman ölkələrinə meyl edib, onlarla əməkdaşlıq qurmağa çalışır. Məscidləri dağıdan, yerlə-yeksan edən bir barbar ölkə necə müsəlman dövlətin, İslamın dostu ola bilər? Ona görə də İslam ölkələri və bu dövlətlərin ümumi birliyini ifadə edən İslam Əməkdaşlıq Təşkilatı daha çox diqqətli olmalıdır. Bu baxımdan da İƏT Təmas Qrupunun səfəri mühüm informasiyaların əldə olunması baxımından əhəmiyyətlidir".

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) nümayəndələrinin Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə Ağdam rayonu və Gəncə şəhərinə səfəri başlayıb. Səfər çərçivəsində, həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur. Təmas Qrupu 2016-cı il aprelində İstanbulda keçirilən İƏT-in XIII zirvə görüşündə İƏT çərçivəsində və xarici işlər nazirləri səviyyəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupunun yaradılması və onun səmərəli fəaliyyəti (bu qrupun ilk iclası 2016-cı ildə İstanbul sammiti çərçivəsində keçirilib. Həmin qrupa 7 ölkə daxildir: Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti. Təmas Qrupu münaqişənin həllini sürətləndirmək və böyük dövlətlərin diqqətini bu problemə yönəltmək istiqamətində qısa zaman ərzində fəal rol oynayıb. BMT Baş Assambleyasının 71-ci daimi sessiyası çərçivəsində Təmas Qrupunun Dağlıq Qarabağla bağlı ilk iclası keçirilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər