“Ehtimal olunan bu müharibənin nəticələrini proqnozlaşdırmaq çətindir. Düzdür, Ukraynaya dəstək vədi verən Avro-Atlantik bloku geniş imkanlara malikdir, amma bu hərbi əməliyyatların “Qərb bloku” və Ukraynanın maraqlarına uyğun şəkildə baş verəcəyini söyləmək çətindir. Bu savaşda Ukraynanın digər ərazilərində də separatizmin stimullaşdırılması və ölkədə siyasi böhranın yaradılması istiqamətində addımlar atıla bilər”.
Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ukrayna və Rusiya arasında vəziyyət kəskinləşib. Rusiyanın işğal edilmiş Donbas bölgəsinə əlavə hərbi qüvvə və texnika göndərməsi haqda məlumatlar var. Mövcud gərginlik nə ilə nəticələnə bilər?
- Bütövlükdə post-sovet məkanında mürəkkəb bir proses gedir. Söhbət təkcə Ukraynadan getmir. Ukrayna ilə əlaqədar məsələdən əvvəl Rusiyanın bölgədəki geosiyasi maraqlarına diqqət çəkmək lazımdır. Hazırda Krım və Qara dəniz əhəmiyyət kəsb edən məsələlərdir. Rusiya Krımdan imtina etməyəcəyi təəssüratını yaradır. Qarşı tərəf – Ukraynanı dəstəkləyən qüvvələr isə bu məsələdə prinsipial görünmürlər. Vaxtilə Ukraynanın ərazi bütövlüyünün qorunmasına təminat verildiyi halda, Rusiyanın Krımı ilhaq etməsi və Donbasda separatizmə verdiyi dəstəyə sərgilədiyi münasibət də göz önündə oldu. Bunun müqabilində Rusiyaya tətbiq edilən sanksiyalar faktiki olaraq effekt vermədi. İndiki məqamda da hərbi müstəvidə Ukraynaya Qərbdən dəstək veriləcəyini gözləmirəm.
Doğrudur, bu müddət ərzində Ukrayna kifayət qədər inkişaf edib, müəyyən qədər olsa da, öz ordusunu müasir silahlarla təchiz edib. Amma bu, qısamüddətli və genişmiqyaslı hərbi əməliyyatların aparılmasına imkan vermir. Bölgədə yeni müharibə Ukrayna üçün müsbət nəticələrə yol açmaya bilər. Olduqca mürəkkəb bir vəziyyət yaranıb.
- Amma ABŞ və NATO açıq şəkildə elan etdi ki, ehtimal olunan savaşda Ukraynaya hərbi dəstək veriləcək. Hətta bununla bağlı ABŞ müdafiə nazirinin bir açıqlaması da var. Bu da o ehtimalı yaradır ki, savaş başlasa, bunun miqyası gözlənildiyindən daha geniş ola bilər.
- Bu yöndə addım atılsa, genişmiqyaslı müharibədən söhbət gedə bilər. Belə bir ehtimal baş tutsa, bu prosesə artıq Şərqi Avropa ölkələrinin də daxil olacağı şübhə doğurmur. Ümumilikdə, bu müharibənin nəticələrini proqnozlaşdırmaq çətindir. Düzdür, Ukraynaya dəstək vədi verən Avro-Atlantik bloku geniş imkanalara malikdir, amma bu hərbi əməliyyatların “Qərb bloku” və Ukraynanın maraqlarına uyğun şəkildə baş verəcəyini söyləmək çətindir. Ehtimal olunan bu savaşda Ukraynanın digər ərazilərində də separatizmin stimullaşdırılması və ölkədə siyasi böhranın yaradılması istiqamətində addımlar atıla bilər. Bir sözlə, bu hərbi əməliyyatların effektli nəticə verməyəcəyi öncədən bəllidir.
Ümumiyyətlə, post-sovet məkanında Rusiyaya qarşı münasibət imperativ şəkil almaqdadır. Bunu birbaşa Rusiyanın yürütdüyü siyasətlə əlaqələndirmək olsa da, başqa tendensiyalar burada daha çox rol oynayır. Əsas faktor isə Rusiyanın təbliğat resurslarının həyata keçirdiyi siyasətdir. Rusiya-Ukrayna münasibətlərində dərinləşməkdə olan ziddiyyətlərin Rusiyanın efir məkanında hansı formada təzahür etdiyini görürük. Ukrayna məsələsi az qala Rusiya telekanallarında yayımlanan mədəniyyət proqramlarında belə müzakirəyə çıxarılır. Əslində, təkcə Ukraynada yox, post-sovet məkanında Rusiya ilə bu və ya digər şəkildə münasibətdə olan xalqlarda mənfi münasibət formalaşıb. Yəni Rusiya tərəfindən aparılan bu təbliğat daxildə onun öz əleyhinə işləyir. Bu təbliğatın mahiyyətini dərk edə bilmirəm ki, hansı məntiqlə həyata keçirilir. Çünki heç bir effektli nəticəsi yoxdur.
Nəzərə almaq lazımdır ki, Qərb bu günədək həm Ukraynanın ərazi bütövlüyü ilə, həm də Gürcüstanla bağlı çoxsaylı bəyanatlar verib. Necə ki, bu gün Rusiyanın səsləndirdiyi bəyanatlara bu gün kimsə inanmır, eyni zamanda, Qərbin söz yığınından başqa bir şey olmayan açıqlamalarına inam yoxdur. Əgər NATO və ya Qərb dövlətləri Ukraynanı dəstəkləyirdisə, o zaman, bu ölkənin ərzi bütövlüyü pozulanda öz mövqelərini ortaya qoyardılar. Buna görə də, verilən vədlərin proseslərin gedişinə ciddi şəkildə təsir göstərəcəyini gözləmirəm. Belə bir situasiyada hərbi əməliyyatların başlamasından söhbət gedirsə, bunun lokal xarakter daşıyacağını düşünürəm.
- Gündəmdə başqa bir maraqlı mövzu da var. Türkiyədə 104 keçmiş admiral bu ölkənin milli təhlükəsizliyini hədəfə alan bəyanatla çıxış etdi. Türkiyə hüquq mühafizə orqanları bunu “çevriliş çağırışı” adlandırır. Siz bu addımı necə izah edə bilərsiniz?
- Bu bəyanat onların səlahiyyətlərindən səlahiyyətlərindən yüksəkdə səsləndirilib. Onların heç bir formada dövlətin adından çıxış edə bilməzlər. Eyni zamanda, dövlətin siyasətinə təsir göstərmək iqtidarında deyillər. Bu, türk xalqının iradəsinin əksinə getmək deməkdir. Bunu dövlət çevrilişinə cəhd kimi dəyərləndirmək lazımdır və belə də qiymətləndirilir. Türkiyədəki əhəmiyyətli siyasi partiyaların bu məsələyə qarşı birmənalı etiraz etməsinin şahidi olduq. Bu, demokratiyaya hücum kimi dəyərləndirilir. Görünür, uzun illər NATO çərçivəsində formalaşan, yetişən admirallar ki var, onlar Türkiyənin maraqlarından çox uzaqlaşıblar. Onları vaxtilə məhz bu yöndə hazırlayıb və tərbiyə ediblər. Onların təsəvvürlərində mənsub olduqları xalq və dövlətin yox, onları yetişdirən xarici qüvvələrin maraqları daha ön plandadır.
Hesab edirəm ki, bu təhdidlər Türkiyəni yolundan edə bilməyəcək, çünki xalqın iradəsi ortadadır. Əslində, bu admiralların bəyanatı imkan verdi ki, Türkiyədə bu kontekstdə olan təhdidlərin mövcudluğu haqda rəy tamamilə qətiləşsin, FETÖ və dövlət qurumlarından təmsil olunan, amma dövlətin maraqları əleyhinə çıxan şəxslərlə bağlı araşdırmalar başa çatdırılsın. Bundan sonra Türkiyə özünün milli maraqları çərçivəsində müəyyən etdiyi platforma üzərindən addımlarını atmağa davam edəcək. Məlum bəyanata gəldikdə, istintaqın gedişatında sifarişin haradan gəldiyini müəyyənləşdirmək mümkün olacaq. Dediyim kimi, həmin admirallar hansı sistemin içində yetişiblərsə, onları həmin sistem də hərəkətə gətirib.