7 Aprel 11:07
1 829

Görkəmli dövlət xadimi, həyatının hər anı xalqına bağlı, ona xidmətin örnəyi olan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə oxuduqca, arxiv materialları ilə tanış olduqca onun Azərbaycanın milli maraqlarını necə müdafiə etdiyinə şahid olmaq olar.

Teleqraf.com bu gün ulu öndərin həyatının daha bir epizodunu təqdim edir. Bu epizod da əvəzolunmaz şəxsiyyətin Azərbaycanın maraqlarını müdafiə etmək üçün ortaya necə prinsipial mövqe qoymasının daha bir nümunəsidir. Bu silsilədən ötən dəfə təqdim etdiyimiz yazıda olduğu kimi burada da haqqında bəhs olunan söhbət ulu öndərin Gürcüstan və Ermənistandan olan jurnalistləri qəbulu zamanı edilib. Belə ki, 1999-cu il iyulun 1-də Bakıda Cenevrə Demokratiya Quruculuğu İnstitutunun “Medianın dəstəklənməsi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. İyulun 2-də konfransda iştirak edən Gürcüstan və Ermənistandan olan jurnalistlər ulu öndər Heydər Əliyev tərəfindən Prezident Sarayında qəbul ediliblər. Bu görüşün stenoqramı “Bakinski raboçi” qəzetinin 3 iyul 1999-cu il tarixli sayında dərc olunub.

Qəbul zamanı Ermənistandan olan jurnalist Aris Kazinyanın ümummilli lider Heydər Əliyevə verdiyi sualı və ona verilən cavabı təqdim edirik. Ötən yazımızda olduğu kimi bu yazıda da “nəticə çıxarmağı hər kəsin öz ixtiyarına buraxırıq” qeydini xatırladırıq.

Aris Kazinyan (Ermənistan): Cənab Prezident, rəsmi Bakının Ermənistan Respublikası barədə qavrayışının nədən ibarət olduğunu bilmək istərdim. Mən burada eşitdim və gördüm, praktik olaraq sizin müşaviriniz – hörmətli cənab Quluzadə (xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə nəzərdə tutulur-S.Həmid) də erməni milli şüurunun Moskvanın təsiri altında formalaşdığını qeyd etdi. Bilmək istərdim, rəsmi Bakı Ermənistanı Rusiyanın Qafqazdakı marioneti hesab edirmi?

Heydər Əliyev: Bilirsinizmi, siz çox kəskin ifadələr işlədirsiniz. Nə eşitmisinizsə, onu eşitmisiz. Burada nəsə bir şey deyə bilmərəm, özümə rəva görmürəm. Ancaq fakt faktlığında qalır. Ermənistanda Rusiyanın silahlı qüvvələri, hərbi bazası yerləşir. Ermənistanda sərhəd xidməti əsasən rus sərhədçiləri tərəfindən, lakin təbii olaraq ermənilərin iştirakı ilə həyata keçirilir. Bu fakt öz-özlüyündə ölkənin suverenliyinin hansısa dərəcədə pozulduğunu göstərir. Əlbəttə, bu ölkənin öz işidir – buna icazə verə də bilər, verməyə də bilər. Məsələn, Moskvada bəzi səslər deyir ki, görürsünüzmü, Ermənistan Zaqafqaziyada bizim yeganə dayağımız və müttəfiqimizdir. Bizi, əlbəttə, məsələn, bəzən kiminsə bunun bir xristian ölkəsi olduğunu söyləməsi də incidir. Başa düşün, XX əsrin sonunda ölkələri inanclara görə bölmək, sadəcə cinayətdir. Təəssüf ki, biz Rusiyada belə səslər eşidirik. Bəs Ermənistan xristian ölkəsidir. Üstəlik bunu yüksək səviyyəli insanlar bəyan edir. Xalq xristianlığa etiqad edir. Düzdür, Azərbaycanda xalq İslama etiqad edir. Ancaq bunu biz yaratmadıq. Bizim əcdadlarımız hələ çox-çox əsrlər əvvəl bu dini qəbul ediblər. Və buna görə biz mütləq bir-birimizlə düşmənçilik etməli, inamsızlıqla davranmalı və ya hesab etməliyik ki, görürsünüz, Moskva Ermənistanı xristian ölkəsi adlandırır, Azərbaycan isə müsəlman ölkəsidir?

Buna görə də düşünürəm ki, fakt üzdədir. Ermənistan öz ərazisini həm S-300 raketləri, həm də MiQ-29 təyyarələri üçün təqdim etdi. O zaman ki, biz Zaqafqaziyada sülh əldə etmək, silahsızlaşdırmaya getmək istəyirik, Ermənistanın isə silahlandırılması gedir. Yeri gəlmişkən, mən Rusiya rəhbərlərindən soruşdum: Bu sizin nəyinizə lazımdır? Mən Rusiya Prezidentindən, digər insanlardan açıq şəkildə soruşdum: Nəyinizə lazımdır?

Əvvəlcə onlar bu sualdan yayındılar, sonra isə bunun NATO-ya qarşı olduğunu söyləməyə başladılar. Mən güldüm. Axı NATO Qərbdədir. Ermənistan ərazisindən NATO-ya qarşı nə etmək olar? Əgər Rusiya Ermənistanın – Rusiya bazasının NATO-ya qarşı olduğunu hesab edirsə, onda bunun nə olduğunu özünüz qiymətləndirin. Mənə də belə bildirildi. Buna görə də heç bir qiymətləndirmə vermək istəmirəm, sadəcə faktı deyirəm. Hər kəs nəticə çıxarmalıdır.

Jurnalist: Ancaq Türkiyə NATO üzvüdür.

Heydər Əliyev: Bilirsinizmi, bu mövzuda söhbəti inkişaf etdirmək istəmirəm. Rusiyanın Ermənistan ərazisi vasitəsilə özünü Türkiyə üzərindən NATO-dan müdafiə etməsi də gülüncdür. Bu, çox gülməlidir. Rusiya Qara dəniz üzərindən Türkiyə ilə böyük sərhədə malikdir. Və Rusiyanın malik olduğu müasir silah növləri ilə NATO üzvü olaraq Türkiyəni atəşə tutmaq heç də çətin deyil. Əgər onların raketləri Amerika Birləşmiş Ştatlarına çatırsa, Türkiyəyə çatmaz? Ona görə də bu məntiqsizdir. Yenə təkrar edirəm, mən sadəcə faktı söyləyirəm və heç bir qiymətləndirmə aparmıram.


Müəllif: Səxavət Həmid