Ermənistanda iyun ayında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri yaxınlaşdıqca erməni siyasətçiləri də dəstək axtarışında yarışa giriblər. Bu yarışda ən çox diqqəti cəlb edən isə odur ki, onlar bu dəstəyi ölkə daxilindən daha çox ölkədən kənarda axtarmağa səy göstərirlər. Belə cəhdlərə hələ 10 noyabr tarixli Bəyanatın imzalanmasından dərhal sonra Ermənistanda başlayan etiraz aksiyaları zamanı rast gəlinirdi. Nikol Paşinyana qarşı müvəqqəti də olsa vahid müxalifət blokunda birləşmiş siyasi qüvvələrin hər biri ayrı-ayrılıqda etiraz mitinqlərindəki çıxışlarında Rusiyaya mesaj göndərərək hakimiyyətə yiyələnəcəyi halda Rusiyaya sadiq qalacağını eyham edirdilər. Onların sırasında müvəqqəti baş nazir vəzifəsinə müxalifətin vahid namizədi kimi çıxış edən Vazgen Manukyanın Rusiya rəhbərliyinə yönələn açıq yaltaqlıq mesajları isə öz çılpaqlığı ilə xüsusilə seçilirdi. Aylarla davam edən mitinqlər vasitəsilə Nikol Paşinyanın istefasına nail ola bilməyən müxaliflər son ümidini yenə də erməni seçicisinə yox, Rusiya siyasi rəhbərliyinə yönəltdilər. Hələ mart ayının son günlərində müharibə canisi Robert Koçaryanın Moskvaya səfəri və Rusiya telekanalına verdiyi müsahibə yaxınlaşan seçkilərdə Rusiyanın siyasi dəstəyini qazanmaq uğrunda açıq mübarizənin başlanğıcını qoydu.
Şübhəsiz ki, Ermənistan siyasi həyatında cərəyan edən bütün hadisələr həmişə olduğu kimi, diaspora və Rusiya siyasi rəhbərliyi tərəfindən tənzimlənir və burada erməni cəmiyyəti üçün təəccüblü heç nə yoxdur. Məhz bu reallıqdan çıxış edən erməni iqtidarı və müxalifəti gələcək parlament seçkilərində nəyə isə nail olmaq üçün ilk növbədə Rusiyanın xeyir-duasını almağa çalışırlar. Bu baxımdan, Nikol Paşinyanın imkanları öz rəqiblərinə nisbətən daha çoxdur. Belə ki, Ermənistan hökümətinin başçısı kimi, Nikol Vovayeviç birbaşa Rusiya prezidenti Vladimir Putinlə görüşmək və müzakirələr aparmaq imkanına malikdir. Bu fürsəti əldən vermək istəməyən baş nazir aprelin 7-də Moskvaya səfər etdi və Rusiya prezidenti ilə şəxsən görüşdü. Ermənistan mətbuatının verdiyi xəbərlərə görə, baş nazir Rusiya prezidenti ilə Ermənistandakı iqtisadi-sosial vəziyyətlə və eləcə də 10 noyabr tarixli Birgə Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edib. Amma yaxınlaşan seçkilərlə bağlı müzakirələrin və siyasi dəstək məsələsinin də müzakirə olunduğu heç kimdə şübhə doğurmur.
Uğrunda bu qədər çarpışmaların getdiyi bu seçkilər Ermənistana nə vəd edir və Rusiya erməni siyasətçilərinin ümidlərini necə doğruldacaq? Bunu yaxın zaman göstərəcək. Amma erməni siyasətçilərindən hər hansı birinin Rusiya dəstəyi ilə bağlı ümidlərinin doğrulması heç də erməni seçicilərinin ümidlərinin reallaşması anlamına gəlmir.
Erməni xalqı öz siyasətçilərindən sülh, əmin-amanlıq, iqtisadi dirçəliş gözləyir. Bütün bunların təmin edilməsi isə erməni siyasətçilərinin gündəliyində ən yaxşı halda axırıncı yerləri tutur. Bu gün erməni siyasətçilərini məşğul edən ən böyük məqsəd yeni parlamentdə heç olmasa müəyyən qədər yer almaq və ilk növbədə öz təhlükəsizliyini təmin etməkdən ibarətdir. Paşinyan hökümətinin keçmiş cinayətlərinə görə təqib etdiyi keçmiş siyasi və hərbi rəhbərlərin seçkilərə bəslədiyi ümidlər erməni xalqının gözləntiləri ilə yox, məhz onların özlərinə immunitet əldə etməsi ilə bağlıdır. Paşinyanın özünün də nəyin bahasına olursa olsun, bu seçkilərdə qalib gəlmək hədəfi ilk növbədə onun növbəti hakimiyyət tərəfindən müharibənin nəticələrinə görə təqib olunmasını istisna etmək məqsədi güdür.
Tərəflərin hər birinin öz məqsədinə çatması isə daha çox Rusiyanın siyasi dəstəyindən asılıdır.
Bütün bunlar hələ 30 il əvvəl özünü müstəqil dövlət elan etmiş Ermənistanın nə dərəcədə müstəqil olması haqqında aydın təsəvvür yaradır. Ölkə iqtisadi infrastrukturunun ən vacib obyektlərinin Rusiya şirkətlərinə məxsus olması, Ermənistanın qonşu dövlətlərlə sərhədlərinin Rusiya Sərhəd Qoşunları tərəfindən mühafizə olunması, Gümrüdə Rusiya hərbi bazasının daimi dislokasiyası və nəhayət, xalqın taleyi üçün böyük əhəmiyyət kəsb edən seçkilərdə bütün siyasi liderlərin məhz Rusiyada dəstək axtarması reallıqda bu ölkənin Cənubi Qafqazda Rusiyaya məxsus olan eksklav olduğunu göstərir. Ermənistanın bu günkü müstəqillik statusu Cənubi Osetiya, Abxaziya, Donetsk və Luqansk kimi qondarma qurumların qeyri-müəyyən statusundan çox da fərqlənmir. Beləliklə, hələlik keçmiş SSRİ-nin tərkibində olmuş 15 respublikadan yalnız 14-ü son 30 il ərzində öz müstəqilliyini bərpa etməyə nail olub.
Ermənistanın işğalçılıq siyasəti və qonşu dövlətlərə təcavüzü isə onu bu tarixi imkandan məhrum edib. Belə bir vəziyyətdə Ermənistanda siyasi hakimiyyətə yiyələnmək üçün ölüm-dirim mübarizəsinə girişmiş siyasi qüvvələrin heç biri bu acı reallıqdan hər hansı çıxış yolu təklif edə bilmir. Ermənistan seçicilərinin bu həqiqəti dərk etməsi isə yaxınlaşan seçkilərdə bu gün ortada olan erməni siyasi liderlərinə yaxşı heç nə vəd etmir. “Üçüncü qüvvə”nin axtarışına isə vaxt yoxdur. Beləliklə, öz gələcəyi üçün taleyüklü bir siyasi hadisənin – növbədənkənar parlament seçkilərinin ərəfəsində ermənilər çıxılmaz vəziyyətlə üzləşiblər.